ABŞ və Çinin Asiyada təhlükəsizliyə fərqli yanaşması

post-img

ABŞ-Tayvan təhlükəsizlik konfransı Virciniya ştatının Uilyamsburq şəhərində keçirilib və burada iştirakçılar “Çin təhdidinə” cavab axtarıblar. ABŞ dövlət katibi Entoni Blinkenin dediyi kimi, daha çox ölkə Pekini Tayvana qarşı güc tətbiq etməkdən çəkindirir və “dünya üçün risklər qeyri-adi dərəcədə yüksəkdir”. Öz növbəsində, Çin lideri Si Cinpinin ÇXR-in yaranmasının 74-cü ildönümü münasibətilə dediyi kimi, “heç bir qüvvə Tayvanla tam birləşməyə mane olmayacaq”. ABŞ-ı əsas təhlükə kimi göstərən Pekin Rusiya prezidenti Vladimir Putinin də qatılacağı “Bir kəmər, bir yol” sammitində regionun dinc inteqrasiyası üçün yenilənmiş strategiyanı təqdim edəcək.

Oktyabrın 1-dən 3-dək Uilyamsburqda keçirilən təh­lükəsizlik, müdafiə və hərbi sənaye sahəsində əməkdaş­lıq üzrə Amerika-Tayvan kon­fransı ÇXR-in yaranmasının 74-cü ildönümü münasibətilə bir həftəlik şənliklərə təsa­düf edib. Bu müddət ərzində ÇXR-in lideri Si Cinpin Taipey ilə münasibətlər barədə yeni bir açıqlama verib. “Biz “vahid Çin” prinsipinə əməl etməli­yik”, – deyən Çin lideri Pekin­də Böyük Xalq Zalında keçi­rilən ziyafətdə materik Çin və Tayvanın birləşməsini “heç bir qüvvənin qarşısını ala bil­məyəcəyi tarixi qaçılmazlıq” adlandırıb. Çinin ali rəhbər­liyinin üzvlərinin və Pekində akkreditə olunmuş xarici dip­lomatların iştirakı ilə Si Cinpin “güclü ölkə qurmaq və milləti dirçəltmək kimi böyük məqsə­də doğru davamlı şəkildə irə­liləyəcəyinə” söz verib.

Bu arada, Uilyamsburqda keçirilən ABŞ-Tayvan konf­ransı dəyişən geosiyasi şə­raitdə Vaşinqton və Taypeyin Si Cinpinin bayram nitqində bəhs etdiyi “vahid Çin” ya­ratmaq ssenarisinin həyata keçirilməsinin qarşısını almaq üçün növbəti cəhdi oldu. Kon­fransın proqramına Tayvanın təhlükəsizliyinə təhdidlərin müzakirəsi, hərbi-sənaye sahəsində ikitərəfli əməkdaş­lıq, adanın nəqliyyat, tele­kommunikasiya və enerji sek­torlarında kritik infrastruktur problemləri, habelə Tayvan boğazında hərbi münaqişə risklərinin modelləşdirilməsi daxildir. Məsələlərdən biri də 2024-cü ilin yanvarında ke­çiriləcək Tayvan administra­siyasının rəhbəri seçkilərinə hazırlıq olub. 

Forumun tayvanlı iştirak­çıları arasında yüksək rüt­bəli hazırkı və istefada olan siyasətçilər və hərbi zabit­lər, habelə seçkilərdə əsas namizədlərdən biri, ABŞ-a səfəri oktyabrın 5-dək davam edəcək Tayvan Xalq Partiya­sının sədri Ke Venje də var. Birləşmiş Ştatları Dövlət De­partamenti və Pentaqon rəs­miləri, həmçinin ABŞ-ın sabiq hərbçiləri təmsil edirdilər. Pe­kinin Tayvanla dinc birləşmək istəyi ilə bağlı bəyanatlarına baxmayaraq, Vaşinqton Çini adanı ələ keçirmək və bunun­la da Hind-Sakit okean regi­onunda böyük müharibəyə başlamağa qadir qüvvə kimi görür. Bunu ABŞ dövlət katibi Entoni Blinken Uilyamsburq­da keçirilən forum ərəfəsində “Atlantic” jurnalına müsahi­bəsində deyib. O, həmçinin bildirib ki, getdikcə daha çox ölkə Pekinə güc tətbiq et­məmək barədə xəbərdarlıq edir: “Təkcə son bir ildə biz dünya ölkələri arasında həm regionda, həm də ondan kə­narda çox əhəmiyyətli fikirlə­rin uzlaşmasının şahidi olduq. Pekinə deyilir: bunu etmə. Təkcə Tayvan üçün deyil, sözün əsl mənasında bütün təhdidlər dünya üçün olduqca yüksəkdir”. 

Tayvan ABŞ və digər ölkələr üçün niyə önəmlidir? Dünyada konteyner daşıma­larının 50 faizi hər gün Tay­van boğazından keçir. Ya­rımkeçiricilərin 70 faizi adada istehsal olunur. Amerika dip­lomatiyasının rəhbəri xəbər­dar edib ki, Çinin hərəkətləri nəticəsində Tayvan ətrafında böhran yaranarsa, qlobal iqtisadi böhran yaranacaq. Dövlət katibinin sözlərinə görə, “Çin dünya ölkələrindən getdikcə daha çox bu mesajı eşidir: qarışıqlıq yaratmayın”. Hansı ölkənin – Rusiya və ya Çinin – hazırda “Amerika və Qərbin demokratik dəyər­lərinə ən böyük təhlükə” ol­duğunu soruşduqda, Dövlət Departamentinin rəhbəri bu çağırışları “təbiətcə çox fərq­li” adlandırıb. E.Blinken deyib ki, hərbi, iqtisadi və diploma­tik potensialı baxımından Çin dünya nizamını müəyyən et­mək üçün Rusiyadan daha böyük imkanlara malikdir: “Bununla belə, onların can atdıqları dünya nizamı mahiy­yət etibarilə qeyri-liberaldır”.

Çin isə məsələyə dair tam fərqli mövqeyə malik oldu­ğunu açıqlayır. Bazar ertəsi Çinin Taylanddakı səfiri Han Çjiçyan “Bangkok Post” qə­zetinə verdiyi müsahibədə bildirib ki, “ABŞ Çin Xalq Respublikasının inkişafının qarşısını almaq və bununla da sülh və sabitliyi təhlükə altına almaq üçün bölgədə qəsdən münaqişələri qızış­dırdırır”. “ABŞ-ın Hind-Sakit Okean strategiyası əslində Çini cilovlamaq üçün siyasi alətdir”,- deyən çinli diplomat, həmçinin vurğulayıb ki, Çinin inkişafını məhdudlaşdırmaq cəhdi uğur qazanmayacaq və Pekin ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq siyasəti­ni davam etdirəcək. Bundan başqa, ABŞ-ı əsas təhlükə kimi göstərən Pekin Rusiya prezidenti Vladimir Putinin də qatılacağı onuncu yubiley “Bir kəmər, bir yol” sammitində Avrasiyada dinc inteqrasiya üçün yenilənmiş strategiyanı təqdim edəcək. Yeni sənədin Vaşinqtonun Asiya üçün təklif etdiyi təhlükəsizlik strategiya­sına alternativ olacağı vurğu­lanır.

S.ELAY
XQ

Dünya