Polşa–Belarus sərhədində gərginlik

post-img

Polşa – Belarus sərhədində gərginlik davam edir. Avqustun 7-dən Minskin Avropa İttifaqı dövlətlərinin sərhədi yaxınlığında hərbi təlimlərə başlaması Qərb tərəfindən birmənalı qarşılanmayıb. Brüssel bunu Aleksandr Lukaşenko hakimiyyətinin təxribatı kimi qiymətləndirir. 

Avropa İttifaqının siyasət məsələləri üzrə sözçüsü Peter Stano brifinqdə de­yib: – Lukaşenko hakimiyyətinin Rusiya­nın göstərişi ilə hər hansı təxribatlarda iştirakı heç kimi təəccübləndirməməlidir. O, Belarusun suverenliyindən Rusiyanın xeyrinə imtina edib, ona görə də, bu hər­bi təlimlərə Rusiyanın Ukraynaya qarşı təcavüzü, qonşularını qorxutmaq cəhdi, onların hələ də Ukraynaya qarşı qanun­suz hərəkətlərini davam etdirmək imkan­larının olduğunu göstərmək kontekstin­dən yanaşmaq lazımdır.

Xatırladaq ki, Belarus Müdafiə Nazir­liyi hərbi təlimlərin başlandığını bir gün əvvəl elan etmişdi. Bildirilmişdi ki, Rusi­yanın Ukraynadakı müharibə təcrübəsi nəzərə alınıb: Hazırlıq zamanı xüsusi hərbi əməliyyatın təcrübəsindən, yəni pilotsuz uçuş aparatlarının geniş tətbiqin­dən, tank və motoatıcı birləşmələrin digər hərbi bölmələr ilə sıx əməkdaşlığından fəal istifadə edilib. 

Bu təlimlərdə “Vaqner” muzdluları da iştirak edib. Priqojinin muzdluları Belaru­sa köçürüldükdən sonra onların Litva və Polşaya qarşı təhdidləri isə dayanmır. Üstəlik, iyulun 23-də Putinlə görüşdə Lukaşenko birbaşa deyib: – Vaqnerçilər Varşavaya ekskursiyaya can atırlar. Mən yaxşı adamam ki, onları məharətlə sax­layıram. 

Bu cür açıqlamalar və hərbi təlimlər isə sərhəddə gərginliyi daha da artırır. Nəticədə Polşa Müdafiə Nazirliyi sərhəd xidmətinin tələbi ilə Belarusla sərhədinə əlavə qoşun göndərib. Qeyd edilib ki, əlavə əsgər qüvvəsinin cəlb edilməsi ilə bağlı müraciət sərhəddə baş verən bir sıra insidentlərdən sonra verilib. Hələ 2021-ci ildə Polşa qonşu Belarusu yüz­lərlə miqrantı sərhədə doğru yönləndir­məyə şərait yaratmaqda ittiham edirdi. Polşa daxili işlər nazirinin müavini Maçey Vasik mətbuat konfransında qeyri-qanuni miqrasiya cəhdlərinin Belarusun rəsmi qurumları tərəfindən dəstəkləndiyini ifa­də edib. Onun sözlərinə görə, belə bir dəstək olmazsa, sərhədi keçmək müm­kün ola bilməz. Polşa rəsmisi qeyd edib ki, ehtimal oluna bilən gərginlik sərhəd mühafizəsinə əlavə əsgərlərin cəlb edil­məsini tələb edir. 

Bu yaxınlarda Belarusa məxsus 2 helikopterin Polşa sərhədini pozması da rusların hələ də Polşada sabitliyi pozmaq və ölkəmizi zəiflətmək yollarını axtardığı­nı göstərir.

Polşadan sonra Litva və Latviya da Belarusla sərhədinə əlavə qüvvələr cəm­ləşdirib. Litva dövlət sərhədinin mühafizə xidmətinin rəhbəri Rüstəm Lyubayev deyib: –"Vaqner” muzdlularının hazırda Belarusda yerləşdirildiyini nəzərə alsaq, təxribatların baş vermə ehtimalı yük­səkdir. Lakin hazırda Belarus və Rusiya Federasiyası ilə sərhəddə heç bir xüsusi təxribat və ya əlavə fəaliyyət müşahidə etmirik. “Vaqner” muzdlularının iştirak etdiyi Litva sərhədi yaxınlığında keçirilən təlimlər böyük miqyaslı deyil və bu gün bizim üçün ciddi təhlükə törətmir.

Yaranmış sərhəd gərginliyindən isə ən çox yararlanan Polşa olacaq. Tarixçi, politoloq, Rusiya Strateji Araşdırmalar İnstitutu direktorunun müşaviri Dmitri Bu­neviç deyib ki, Varşavanın strateji məqsə­di Polşa ordusunu NATO daxilində ikinci güclü orduya çevirməkdir. Buneviçin izah etdiyi kimi, Varşava Polşa silahlı qüvvələ­rinin Fransa, Türkiyə və ya Almaniya kimi dövlətlərin ordularını üstələməsini təmin etməyə çalışır. “Məqsəd qarşıya qoyulur və bunun üçün pul ayrılır. Həm ABŞ-da, həm də Cənubi Koreyada çox ciddi silah tədarükü proqramı həyata keçirilir. Əlbət­tə, xaricdən də maddi dəstək göstərilir.

Onun fikrincə, əslində Varşava dö­yüşmək fikrində deyil, çünki onun stra­teqləri başa düşürlər ki, Belarus və ya Rusiyaya hücumun ardınca Polşa döv­lətçiliyinin sonu gələcək. Bununla belə, Polşa ciddi şəkildə ümid edir ki, Almaniya və ya Fransa kimi nəhənglərlə Avropa li­derliyi uğrunda mübarizə apara biləcək. Hələlik Polşa Aİ daxilində ikinci səviyyəli dövlət olaraq qalır.

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya