Rusiya–Ukrayna müharibəsi: yeni dağıntılar və itkilər

post-img

Böyük güclərin hərbi və siyasi intriqaları isə bitmək bilmir

Anomal istilərin dünyanı cənginə aldığı bu günlərdə planetimizin bir guşəsi var ki, orada ağır döyüşlər nəinki səngimir, əksinə, günbəgün güclənir. Bura mehriban və vətənpərvər insanların doğma yurdu olan Ukraynadır. Orada insanlar təkcə dözülməz istilərdən əziyyət çəkmir, onlar üçün daha dəhşətlisi bomba və raketlərin yaratdığı ölüm qorxusu və ağır məhrumiyyətlərdir.

Döyüşlər isə min kilometrlərlə uza­nan cəbhə boyu aramsız olaraq davam edir. UNİAN agentliyi yazır ki, dünən Rusiya hərbçiləri Donetsk vilayətinin Pokrovsk şəhərinin mərkəzindəki yaşa­yış binalarına raketlərlə zərbələr endi­riblər, çox sayda itkilər var. 

Ukrayna Prezidenti Volodimir Ze­lenski özünün “Teleqram” kanalındakı səhifəsində yazıb ki, Rusiyanın yalnız dağılmış və yanmış daşlar qoymağa çalışdığı Donbasa iki raket zərbəsi en­dirilib. Yaşayış binasına dəyib. Təəssüf ki, həlak olanlar var. Xilasedicilər və bü­tün lazımi xidmətlər hadisə yerindədir. İnsanlar təxliyə edilir. 

Donetsk vilayət hərbi administra­siyasının rəhbəri Pavel Kirilenkonun sözlərinə görə, Pokrovsk şəhərinə “İs­gəndər” tipli raketlərlə hücumlar edi­lib. Nəticədə çoxmərtəbəli evlərə, özəl sektordakı yaşayış binalarına, meh­manxana, iaşə obyektlərinə, mağaza və inzibati binalara ziyan dəyib. 

Ukrayna mətbuatı təəssüf hissilə bildirir ki, Rusiyanın “Kinjal” hipersəs raketləri Ukraynanın təyyarə mühərrik­ləri istehsal edən “Motor Sich” zavodu­nu vurub. Qeyd edək ki, müəssisənin buraxdığı mühərriklər əsasən “Akıncı” Pilotsuz Uçuş Aparatı (PUA) və “Kı­zılelma” və “Anka-3” raketləri üçün nəzərdə tutulub. “Motor Sich” obyekt­lərinin hədəfə alındığını dövlət başçısı V.Zelenski də təsdiqləyib. 

Məlumatda bildirilir ki, Xmelnitsk bölgəsindəki obyekti hədəfə alan Ru­siya aviasiyası Ukraynanın bəzi fərqli nöqtələrinə də raket hücumları həyata keçirib. 

Raket hipersəslə, yəni səsdən beş dəfə yüksək sürətlə uça bilir. Yüksək hündürlükdən təyyarədən buraxılan raket saatda 6125 kilometr sürətlə hə­dəfinə çata bilir. Bu yüksək sürətə görə onları vurmaq çox çətindir.

Bu arada Moskva vilayətinin Ser­giyev Posad şəhərində partlayış baş verib. 31 nəfərin yaralandığı bildirilir. Vilayətin qubernatoru Andrey Vorob­yovun sözlərinə görə, yaralananlardan 19-u hospitala yerləşdirilib. Dünən ax­şam Rusiya paytaxtının Ukrayna tərə­findən atılan dron zərbələrinə tuş gəldi­yi barədə xəbərlər yayılıb. 

Rəsmi Kiyev bundan narazılığını gizlətməsə də, Qərb müttəfiqləri Uk­raynanı lazımi silahlarla təchiz etməyə çalışırlar. Məsələn, Almaniya Kansle­ri Olaf Şolts və hakim Sosial Demok­rat Partiyasının (SDP) nümayəndələri Berlinin müəyyən şərtlər daxilində Uk­raynanı uzaqmənzilli “Taurus” qanadlı raketləri ilə təchiz etməyə hazır olduq­larını bəyan ediblər.

Fakt budur ki, ilyarımdır davam edən Rusiya–Ukrayna müharibəsi sonu gö­rünməyən, üzücü bir mərhələyə daxil olub. Analitiklərin fikrincə, Ukrayna­nın əks-hücumu bu vaxtadək Kiyevin və Qərbin gözləntilərini doğrultmayıb. Deməli, müharibə daha da uzana bilər. 

Bu günlərdə məşhur CNN teleka­nalı Rusiya–Ukrayna müharibəsindəki vəziyyət barədə analitik material ya­yımlayıb. Orada qeyd olunur ki, Ukray­na hökuməti ABŞ və Qərbin silah təda­rükündən asılıdır. Döyüş meydanında verilən qurbanlar Ukraynanın nə qədər ərazini geri qaytara biləcəyinə təsir göstərəcək, lakin müharibənin nəticəsi Vaşinqton, Moskva və Avropa paytaxt­larındakı qəbul edilən hərbi və siyasi qərarlardan asılı olacaq. 

Böyük güclər isə yalnız öz milli ma­raqlarından çıxış etdikləri üçün heç cür ortaq məxrəcə gələ bilmirlər. Hər gün Ukraynada bomba və raket zərbələri altında qalan günahsız insanlar isə hə­lak olurlar. 

CNN-in materialında həmçinin qeyd olunub ki, sabiq dövlət başçısı Donald Tramp respublikaçıların 2024-cü il pre­zident seçkilərində namizədi olmasa belə, müharibəyə ictimai dəstəyin iti­rilməsi Co Baydenə zərər vura bilər. Bayden Ukraynadan uğurlu əks-hücum gözləyir. Bu, ona çox lazımdır. 

Bəli, Ağ ev tələsir və həm siyasi, həm də strateji səbəblərdən Ukrayna­nın bu yay başlatdığı və çoxdan göz­lənilən əks-hücumu üzərində nəzərə­çarpan döyüş irəliləyişləri əldə etməsi üçün nəhəng təzyiq göstərir.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”



Dünya