“Şuşanı almadan şəhid olmayacağam”

post-img

“...Şuşa indi azaddır, Biz Şuşaya qayıtmışıq. Bu tarixi qələbəni döyüş meydanında qazanmışıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşıyacaq. Bu, bizim şanlı qələbəmizin, zəfərimizin günüdür”. Bu cümləni Ali Baş Komandandan eşitmək üçün, bayrağımızın Şuşada dalğalanması üçün nə günəşlərimiz söndü. Anaların ürəyində odlu silahlar açıldı. Atalar aslan kimi oğullarının dərdinə dözməyib dünyadan köçdülər. Amma mərdi-mərdanə, təki Vətən yaşasın, dedilər. Millət olaraq hər şəhidlə öldük, yenidən şəhidlərlə dirildik. 

Müharibəyə gedən oğullarımızın hər birinin arzusu Şuşanı işğaldan azad et­məkdi. Şuşa qalasına bayraq sancmaqdı. O müqəddəs anı xalqına yaşatmaq üçün yaşamaq hüququndan keçən oğullardan biri də Rəşad İlqar oğlu Rəhimovdur. O qayalıqlara baxdıqca, əsgərlərimizin Şu­şanın işğalına son qoymaq üçün çəkdik­ləri əziyyəti bir anlıq mən də yaşadım. O torpaqlara ayaq basanda insan bunu daha dərindən dərk edir. Şuşa təkcə şu­şalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün müqəddəs torpaqdır, qaladır, abidədir.

Rəşad 1985-ci il iyulun 16-da Tərtər şəhərində anadan olmuşdu. Atası İlqar işini-peşəsini yaxşı bilən dülgərdi, bar­maqları qızıldı. Əlinin qabarı, alnının təri ilə çörək qazanıb üç balasını böyüdürdü. Ömür-gün yoldaşı Solmaz Rəşadın, Ül­viyyənin və Nurlanın sağlam, tərbiyəli, savadlı böyüməsi üçün hər cür əziyyətə qatlaşırdı. 

Qəhrəmanımız 2002-ci ildə məktə­bi bitirir və həmin ili ailə Bakının Zabrat qəsəbəsində məskunlaşır. Rəşad o vaxt­lar fəaliyyət göstərən Beynəlxalq Uni­versitetin Beynəlxalq hüquq fakültəsinə daxil olur, təhsilini başa vurduqdan sonra isə üç aylıq kurs keçərək zabit kimi hərbi xidmətə yollanır. Əsgəri xidmətini Gədə­bəydə keçərkən nümunəvi və peşəkar xidmətinə görə Müdafiə Nazirliyi tərəfin­dən baş leytenant hərbi rütbəsi ilə dəyər­ləndirilir. Əsgərlikdən sonra “Azərpoçt”da əvvəl mühafizə xidmətində, sonra inkas­sator kimi çalışır. 

Rəşad sevib-seçdiyi İlahə xanımla evlənib, özünə xoşbəxt yuva qurmuş­du. İki gül balası dünyaya gəlmişdi. La­kin 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsinə o, ilk qatılanlardan oldu. Qara buludları yox edib, böyüyən övladlarına işıqlı sabahlar açmaq istəyən Rəşad səfərbərlik üçün qeydiyyatdan ke­çir və çağırış gəlməyincə, özü komissar­lığa gedib oradan hərbi hissəyə yollanır. Hərbi peşəkarlığı olduğu üçün ilk gündən taqım komandiri kimi döyüş əməliyyatla­rına başlayır. Qubadlı, Zəngilan, Şuşa və Daşaltı uğrunda döyüşlərdə qəhrəman­casına iştirak edir. 

Hospitalda müalicə alan döyüş yol­daşı onun cəsurluğundan, cəsarətindən danışır: “Elə bir əməliyyat yox idi ki, Rə­şad onda iştirak etməsin. Döyüşlərdə bəzən taqım komandirləri bir-birilərini əvəz edirdilər. Amma Rəşad bütün dö­yüşlərə özü qatılırdı. Daşaltı əməliyya­tında sağımız da, solumuz da erməniydi. Oranı azad etdikdən sonra noyabrın 7-də Şuşaya girdik. Rəşad rəşadətlə vuruşur, düşmənə göz açmağa aman vermirdi. Ən böyük arzusu Şuşanı azad görmək idi. Tez-tez bizə deyirdi ki, Şuşanı almadan şəhid olmayacağam. Dediyini də elədi. Şuşanın alınmasında qəhrəmancasına döyüşmək ona da nəsib oldu”.

Noyabrın 8-də Şuşanı azad edən qəhrəman ordumuz Xankəndi istiqamə­tində irəliləyirdi. Döyüşçülər arasında Rəşad yenə də misilsiz şücaət göstərirdi. Lakin həmin gün İsa bulağı ərazisində gedən döyüşlərdə o, şəhadətə yüksəldi. Noyabrın 22-də Bakıda İkinci Fəxri xiya­banda dəfn olundu. 

O gün dünya ağır bir yük olub İlahə­nin üzərinə çökdü. İgidi, aslanı, uşaqları­nın atası, baş yoldaşı bayrağa bükülü ta­butda gəlmişdi evinə. Bir gerçək vardı ki, nə onun göz yaşları quruyacaqdı, nə bu amansız dünya Rəşad kimi oğulları apar­maqdan yorulacaqdı. Tək yolu var gənc qadının, Rəşadın ən qiymətli əmanətləri­ni – Fatiməni və Öməri onun adına layiq böyütmək və Rəşadı son nəfəsinədk ru­hunda yaşatmaq. 

Şəhidin atası İlqar kişi üçün Rəşad kimi bir oğulu itirmək ağır dərddir. Də­mir biləkli, divar kimi oğuldu Rəşad. Vətənə, insanlara sevgisi ilə nümunə idi. Düşmənə lənət olsun deyir ata: “Obanı oğullar qorumalıdır, nə edək, müharibədə oğullar atalarının çiynində gedir. Əslində oğlum mənim haqqımda danışmali idi. Amma, mən onun qeyrətindən, şücaətin­dən danışıram. Öləsi oğul deyildi balam. Təsəllim odur ki, torpaqlarımızın düşmən tapdağından azad olunmasında oğlumun da zəhməti var, qəhrəmanlıqla savaşıb”. 

Bacısı Ülviyyə qardaşının yoxluğuna ürəyi yanır: “Rəşad evə, ailəsinə, doğma­larına bağlı qardaş idi. Yoxluğu ilə barışa bilmirəm, dağ kimi qardaşım getdi, dün­yam dağıldı”.

Öz şəhid izini torpağa salan Rəhi­mov Rəşad İlqar oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Vətən uğ­runda”, “Qubadlının azad olunmasına görə” və “İgidliyə görə” mealları ilə təltif olunmuşdur. Rəşadın uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır! 

 

Əminə YUSİFQIZI,
Əməkdar jurnalist



Sosial həyat