“Vətən” deyə çağrılan Vüqar Vətənə qurban oldu

post-img

Vüqar 1993- cü il sentyabrın 15-də Mingəçevirdə dünyaya gələndə atası Eldar İsmayılov Qarabağ uğrunda döyüşürdü. Oğlunun doğum xəbəri atəş səsləri altında ona çatanda gülümsədi, dodağının altında – “Vətən, daha bir müdafiəçin, qoruyucun dünyaya göz açdı” – dedi. O heç bilmirdi ki, doğmaları yeni doğulan uşağa Vətən adı veriblər. Sonralar doğum haqqında şəhadətnaməyə adı Vüqar kimi yazılsa da, qohum-qonşu onu Vətən deyə çağırdı...

Söhbət Vətən müharibəsində şəha­dətə yüksəlmiş Vüqar Eldar oğlu İsmayı­lovdan gedir. O, gözünü açandan torpaq­larımızın işğalda olduğunu, ermənilərin xalqımıza qənim kəsildiyini, süfrəmizdə çörək kəsib sonra düşmən olduqlarını yaddaşına həkk edib. İllər bir-birini əvəz edib. O, işğalda olan torpaq itkisi ilə heç vaxt barışmayıb. Birinci Qarabağ mü­haribəsi ilə bağlı atasına daim suallar verib, məğlubiyyət səbəblərini dərindən öyrənməyə çalışıb. Vüqar yeri gəldikcə, atasına “torpaqlarımızı biz azad edəcə­yik”– deyir, mənfurları yurdumuzdan qo­vacağına özünün də inamı artırdı. 

O, orta məktəbi bitirdikdən sonra, 2011–2013-cü illərdə Bakı şəhərində, Qaraheybətdə N saylı hərbi hissədə xid­mət keçib. Vətən borcunu– həqiqi hərbi xidmətini başa vurandan sonra Mingəçe­virə qayıdıb...

Ordumuzun əks-hücuma keçəcəyi ilə bağlı söz-söhbət yayılanda, Tovuz döyüşləri başlayanda, digər rayonlarda­kı minlərlə könüllü kimi o da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üsrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinə gedərək, könüllü olaraq orduda xidmət etmək, işğalçılara qarşı döyüşlərə qatıl­maq istədiyini bildirib. Ona, sol əli qəza nəticəsində yaxşı işləmədiyinə görə, “hələ ehtiyac yoxdur!” – cavabını veriblər. 

...Sentyabr ayında Azərbaycan Res­publikası Prezidentinin qismən səfərbər­lik elan etməsindən sonra ordu sıralarına qatılan Vüqar, 27 sentyabrdan başlaya­raq, işğalçılara qarşı əks-hücum əməliy­yatlarında fədakarlıqla iştirak edib. Kö­nüllülər dəstəsində işğalda qalan Tərtər, Ağdərə, Murov yüksəkliyi uğrunda ge­dən ağır döyüşlərdə gecəsi-gündüzü olmayıb. Azərbaycan Ordusunun əsgəri Vüqar sol əli qüsurlu olmasına baxmaya­raq, döyüş yoldaşlarının xatirələrində ba­carıqlı, qorxubilməz döyüşçü kimi qalıb. 

Vüqar müharibəyə gedəndə oğlu ye­nicə doğulmuşdu. Körpəsinin üzünü cəmi 6 gün görə bilib. Şəhid olmazdan bir neçə saat əvvəl isə ailəsi ilə danışanda deyib ki, oktyabrın 9-u balamın dünyaya gəldiyi günün bir ayıdır. Orxanımın adına tort bişirin, elə bilin, yanınızdayam. 

Anası Səidə deyir ki, Vətən (Vüqarı hələ də evdə Vətən deyə anırlar) Suqo­vuşanda olanda bizimlə danışıb. Ayın 6-sı, səhər saat 6 olardı. Sonradan öy­rəndiyimizə görə bizimlə söhbətdən 4 saat sonra şəhadətə yüksəlib. Amma xəbərimiz olmayıb. Ayın 9-da uşağın 1 ayına görə tort bişirmişik, şadlanmışıq, arzu-niyyət etmişik ki, atası sağ-salamat gəlsin, qələbəni qeyd edək, böyük məc­lis quraq. Sən demə, həmin vaxt Vüqar 3 gün imiş ki, şəhid olubmuş, nəşini ala bilmirlərmiş. 

“O şadyanalıq ertəsi gün aldığımız qara xəbərlə “burnumuzdan gəldi”. Ok­tyabrın 10-da oğlumun şəhid olduğu xəbərini bizə verəndə, elə bil, yer-göy başıma uçdu, bircə dəfə “ola bilməz!” – deyə qışqıraraq huşumu itirmişəm. Atası o böyük dərd yükü ilə gedib, Azərbay­can bayrağına bükülmüş tabutu gətirib. Vüqarı Mingəçevir şəhər Şəhidlər xiya­banında oktyabrın 11-də dəfn etdilər...”

Atası, Birinci Qarabağ müharibəsinin iştirakçısı Eldar İsmayılov deyir ki, hər dəfə Vüqarla danışanda, azad edilən torpaqların adını eşidəndə keçmiş döyüş yolum göz önümə gəlirdi. Oğlum zəng edəndə ki, Zod yolu var, filan yer var. Gə­zib vuruşduğum yerləri, o dəhşətli günləri xatırlayırdım. O dövrdə o yollarda olmuş­dum. Vüqarın ölümü barədə heç fikirləş­mirdim.

Qələbədə payı olan oğlu ilə fəxr edən ata, 35 illik sazını əlinə ala bilmir. Deyir ki, bu gün dövlətimizlə, qalib ordumuzla, torpaqlarımızı canı bahasına işğaldan azad edən şəhidlərimizlə qürur duyuram. Amma bu sazı əlimə götürəndə məni qəhər boğur. Simlərinə toxuna bilmirəm və yəqin ki, heç vaxt çala bilməyəcəyəm. 

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıq­larını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəb­büskar və qətiyyətli addımlar nümayiş etdirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Vüqar Eldar oğlu İsmayılov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat