“Evdə qala bilmərəm”

post-img

Muxtar Muradov atasını uşaqkən itirib. Məhərrəm kişi Cənubi Azərbaycanda gedən milli azadlıq və milli demokratik hərakatın iştirakçılarından idi. Azərbaycan Milli hökuməti 1946-cı il dekabrın 12-də süqut etdikdən sonra Sovet Azərbaycanına mühacirət etmiş və ailə quraraq Əmirvan kəndinə yerləşmişdi. Muxtar onun ikinci evliliyindən anadan olmuş üç uşağının sonuncusu, yəni ailənin sonbeşiyi idi. 

... Birinci Qarabağ müharibəsi başla­nanda könüllü döyüşlərdə iştirak etmək istəsə də, anası tək qadın olduğuna görə ona çağırış vərəqi verilməmişdi.

Yoldaşları müharibədə iştirak etdiyi bir vaxtda Muxtar evdə qala bilməzdi. Bu onun xarakterinə yad idi. Anası Asurə xa­nım deyirdi:

–Muxtar cəbhə xəbərlərini daima izləyər, bəzən də xəbərlərdən həyəcan­lanardı. Tay-tuşları cəhbədə olduğu bir vaxtda kənddə qalıb təsərrüfat işləri ilə məşğul olmağı özünə sığışdırmazdı. “Mən burda deyil, cəbhədə olmalıyam. Dostlarım torpaqlarımız uğrunda vuru­şur, düşməndən qoruyur. Mən isə oturub hərbi komissarlıqdan nə vaxt çağrılacağı­mı gözləyirəm. Kənddə əsgər atalarının üzünə baxa bilmirəm, özümü rahat hiss etmirəm. Sabah müharibə başa çatdıq­dan sonra yoldaşlarım arasına necə çıxacağam? – deyirdi.

Sonunda arzusuna çatdı, oğlum 1993-cü ildə hərbi xidmətə çağırıldı. Artıq oktyabrın 20-dən Azərbaycan Ordusun­da xidmət edirdi. O, Qarabağ uğrunda canından keçməyə hazır idi.

Muxtar xüsusi təlim keçdikdən sonra Ağdərəyə göndərildi, 776 nömrəli xüsusi təyinatlı hərbi hissədə atıcı kimi xidmətə başladı. Bu hərbi hissədə kəşfiyyatçılar üstünlük təşkil edir, xüsusi tapşırıqları yerinə yetirirdi. Kəşfiyyat xarakterli və ya hücum tapşırıqları olduqda irəli gedir, əməliyyat keçirib geri dönürdülər. Keçmiş döyüşçü, xüsusi təyinatlı kəşfiyyat dəstə­sinin komandir müavini, hərbi ekspert Tərlan Eyvazov deyir: 

–Döyüşçülərimiz hər gün ən azı 12, 14, bəzən 16 saat təlim keçirdilər. Onların hamısı fiziki hazırlıqla, digər peşə hazırlı­ğı ilə yanaşı, həmçinin bütün silahlardan sərrast atəş açmağı öyrənmişdilər… Bi­zim hərbi hissə tamamilə təmin olunmuş, hazırlıqlı bir vəziyyətdə idi. 

...Muxtar bu batalyonun (tabor) sıra­larında döyüş əməliyyatında iştirak etdi. Nümunəvi əsgər kimi andına sadiq qal­dı, döyüş tapşırıqlarını layiqincə yerinə yetirdi.

Onun iştirak etdiyi ağır döyüşlər Tərtər–Ağdərə istiqamətində oldu, 1993-cü ilin dekabr ayında qış əməliyyatı çərçi­vəsində Ağdərə istiqamətində hücumlar başladı. Şiddətli döyüşlər oldu, ordumuz uğurlu əməliyyatlar həyata keçirdi.

Həmin vaxt cənub istiqamətində də ordumuz düşmənə sarsıdıcı zərbələr endirirdi. Horadiz əməliyyatına dəstək məqsədilə Muxtargil Füzuliyə göndərildi. Bu barədə hərbi ekspert Tərlan Eyvazov deyir: – 1994-cü ilin yanvarında Füzuli istiqamətində hərəkətə keçdik. Bizə ve­rilən tapşırıq Füzuli istiqamətinə gedib, düşmənin arxasına keçmək, düşmən arxasında qarışıqlıq yaratmaq və zərbə vurmaq, hücuma keçən hərbçilərimizə yol açmaq idi.

Düşmən isə həmin vaxt Tərtər is­tiqamətində hücum gözləyirdi və bu məqsədlə bu istiqamətdə xeyli qüvvə toplamışdı. Görəndə ki, Tərtər istiqamə­tində boşluqdur, bundan istifadə edərək hücuma keçdilər. Düşmənin məqsədi Tərtəri, Bərdəni, Yevlaxı ələ keçirib Gən­cəbasarı mühasirəyə almaq idi. Bu plan ruslar tərəfindən hazırlanmışdı. Vəziyyət həddən artıq kritik idi. Bu səbəbdən də hərbi hissə yenidən Tərtərə qaytarıldı.

776 saylı hərbi hissə təcili geriyə Tərtərə qayıdaraq Marquşevana yerləşib düşmənə əks zərbə vurmaq üçün ha­zırlandı. 1994-cü il yanvar ayının 29-da Ağdərə rayonunun Gödəkburun, Globus, Vışka yüksəkliklərinə hücum etmək və əldə saxlamaq məqsədilə döyüş əməliy­yatı başladı. Bu yüksəkliklərin hərbi stra­teji əhəmiyyəti vardı və düşmən bir çox mövqelərimizə oradan nəzarət edirdi. Buna son qoymaq lazım idi. 

Qızğın döyüşlər nəticəsində düşmə­nin çox sayda həm texnika, həm də canlı qüvvəsi məhv edildi, postları tutuldu. Er­mənilər yenidən toparlanaraq itirdikləri mövqelərini geri almaq üçün əks-hücu­ma keçdilər. Yüksəkliklər uğrunda qızğın döyüşlər yenidən başladı. Əsgərlərimiz əsl qəhrəmanlıq göstərərək düşmənin əks-hücumunun qarşısını aldılar. Muxtar da düşmən hücumlarının qarşısının alın­masında böyük qəhrəmanlıq göstərdi. O, cəsur, qorxmaz və mərd idi, erməni qəsb­karlarına qarşı cəsarətlə vuruşdu. Bunlar hərbi hissənin komandiri Eldar Ağayevin diqqətini çəkdi və Muxtara gizir hərbi rüt­bəsi verildi.

Elə oldu ki, Muxtar düşmən arxasın­da döyüş tapşırıqlarını yerinə yetirdi, cə­sarəti, qəhrəmanlığı ilə seçildi.

O, 1994-cü ildə Tərtər rayonunun Tonaşen kəndi uğrunda gedən qanlı vu­ruşmaların iştirakçısı oldu və çox sayda erməni yaraqlısı məhv etdi.

Aprelin 26-da Muxtar döyüş yoldaş­ları ilə Tərtər–Ağdərə yolunda nahar edərkən yaxınlıqda baş verən partlayış nəticəsində həlak oldu. Həmin vaxt qar­daşı Mehman da o ərazinin yaxınlığında olub, ilk yardım göstərməyə çalışıb, lakin onu xilas edə bilməyib, Muxtar şəhadə­tinə qovuşub.

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Sosial həyat