Kəndin ilk şəhidi: “Əsgər, Vətən əmanəti, yurd əmanəti”

post-img

Vahid Elşad oğlu Qurbanov 2001-ci il yanvarın 27-də Tovuz rayonun Əyyublu kəndində doğulub. 2007–2016-cı illərdə, 9-cu sinfədək Eyvaz Bayramov adına Əyyublu kənd tam orta məktəbində, 2016–2018-ci illərdə 10-11-ci sinifləri isə Gəncə şəhər, K.D.Uşinski adına 29 saylı tam orta məktəbdə oxuyub. Məktəbin ictimai işlərində fəal iştirak edib, müəllimlərin, məktəb yoldaşlarının sevimlisi olub. Cəldliyi, qabiliyyəti ilə həmişə yoldaşlarından fərqlənib.

Orta məktəbdə oxuyanda, həmçinin idmana da böyük maraq göstərib. O, daha çox idmanın əlbəyaxa döyüş növlə­ri ilə məşğul olub. Bu, bir şəhid ömrünün müharibəyə qədər olan həyat bioqrafiya­sıdır.

...Vahid Qurbanov 2019-cu ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə ça­ğırılıb. Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində tapşırıqları ba­carıqla yerinə yetirən, cəsur əsgər olaraq xidmət edib.

O, həqiqi hərbi xidmətini başa vurma­mış Tovuz döyüşləri başlanıb. Vahid bö­yük narahatlıq keçirib və o döyüşlərdə iş­tirak edə bilmədiyinə görə təəssüflənib... 

Vətən müharibəsi başlayan gündən könüllü olaraq döyüşlərə qatılıb. Onun döyüş yolu Füzulidən başlayıb. Qanlı-qa­dalı günləri arxada qoyan Vahid Füzuli istiqamətindəki ağır döyüşlərdən sonra digər tapşırıq üzrə başqa istiqamətdə Vətən torpaqlarının azadlığı uğrunda şücaət göstərib. O, Xocavənd, xüsusilə də Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə xüsusi məharəti ilə seçilib. Şəhidlik məqamına da oktyabrın 30-da yoldaşları ilə azad etdiyi Xocavənd uğ­runda gedən döyüşlərdə ucalıb. Vahid minlərlə Azərbaycan övladı kimi canını Vətənə qurban verib, Vətən sevgisinin hər şeydən ali olduğunu əməli ilə sübut edib. Yoldaşlarının dediklərinə görə, son nəfəsində “Əsgər, Vətən əmanəti, yurd əmanəti”– mahnısını zümzümə edib. O, canını torpaqlarımızın işğaldan azad edi­lib vahid bayraq altında birləşməsi, elin şad olması, Qələbə naminə qurban edib!

İki bacının tək qardaşı idi Vahid. So­nuncu dəfə oktyabrın 30-da anası və ba­cılarıyla danışıb. Ürəyinə nəsə dammış kimi deyib: “Ana, özündən muğayat ol! Hər şey yaxşı olacaq! Məndən narahat olma”. Bacılarına isə anasını tapşırıb: “Anama yaxşı baxın, onu fikirləşməyə qoymayın”. Bu, onun son zəngi olur... 

Qara xəbər noyabrın 2-də ailəyə ça­tıb. Xəbərdə deyilirdi: “Vahid Elşad oğlu Qurbanov 30 oktyabrda Xocavəndin azad edilməsi uğrunda gedən ağır dö­yüşlərdə qəhrəmancasına şəhid oldu. Başınız sağ olsun!”

Dərin sükutdan və evin tək oğlunun əbədi itkisinin verdiyi ağır kədərdən son­ra... “Vətən sağ olsun!” – deyib şəhidin babası! Bir ailə oğul itirdi, bir ölkə qazan­dı! Bir oğul hələ 19 yaşındaykən ailəsi­nin, nəslinin başını əbədi uca etdi!

Vətən müharibəsində Əyyublu kən­dinin ilk şəhidi Vahid olub! Vahidin nəşi kəndə gətiriləndə bütün kənd camaatı onu qarşılamağa çıxmışdı. Həmin izdi­ham onun dəfnində də azalmadı, ək­sinə, döyüş yoldaşlarının, rayonun məsul şəxslərinin, ictimaiyyət nümayəndələrinin sayı hesabına daha da artdı... O, Əyyub­lu kənd qəbiristanlığında torpağa tapşırıl­dı. Vətən torpağını şəhid məzarları daha da əziz edirmiş, daha da doğmalaşdırır­mış. Beləcə, qəbiristanlıq ailələri ilə doğ­malaşdı...

Azərbaycanın ərazi bütövlüyünün tə­min edilməsi uğrunda döyüş əməliyyat­larına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı və­zifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Vahid Elşad oğlu Qurbanov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xo­cavəndin azad olunmasına görə” və “Cə­sur döyüşçü” medalları ilə təltif edilib.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

Sosial həyat