Afrikada Fransanın təsir imkanları azalır

post-img

Fransa Prezidenti Emmanuel Makron ABŞ və Avropa İttifaqının köməyi ilə ölkəsinin Nigerə təsir imkanlarını qaytarmağa çalışacaq. 

Bu barədə “İzvestiya”ya Rusiya Elm­lər Akademiyasının Avropa İnstitutunun Fransız Araşdırmaları Mərkəzinin rəhbəri Yuri Rubinski bildirib. 

Ekspert qeyd edib ki, Afrikada uğur­suzluqlar göz qabağındadır, lakin onlar Makron hakimiyyətə gəlməmişdən əvvəl başlayıb: “Fransa ordusu Nigerdə yerli hakimiyyət orqanları ilə, ilk növbədə si­lahlı qüvvələrlə müəyyən münaqişələrə səbəb olub. Malidə, Burkina-Fasoda, Qvineyada hərbi çevrilişlər olub. Makron ABŞ və Aİ ölkələri ilə birlikdə Afrikadakı mövqeyini bir qədər yaxşılaşdırmağa ça­lışacaq”.

Rubinskinin sözlərinə görə, Makro­nun ölkənin Afrika qitəsində mövcudlu­ğunu gücləndirə biləcəyini söyləmək hələ tezdir, xüsusən də fransızdilli Afrikanın Fransanın xarici ticarətindəki payı 5 faizə qədər azalıb.

O, diqqətə çatdırıb ki, fransalı seçicini Fransanın Afrika ilə əlaqələri deyil, Afrika ölkələrindən mühacir axını narahat edir. Bu, əlbəttə ki, Afrikada Fransanın təsiri­nin bərpası üçün kifayət deyil. Afrika si­yasətinin çatışmazlıqlarına yenidən bax­maq üçün səylərin göstəriləcəyi istisna olunmasa da, nəticəni proqnozlaşdırmaq hələ tezdir. 

Beləliklə, Nigerdə iyulun 26-da baş vermiş hərbi çevrilişdən bir həftə yarım keçsə də, ölkənin yeni hakimiyyətinin qonşuları, Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin dövlətləri ilə münasibətlərinin necə olacağı hələ də bəlli deyil. Nigerin paytaxtı Niamey isə Parislə yeni əsas­larla əlaqələr qurmağı planlaşdırır. Afrika ölkəsinin əhalisinin hərbçiləri dəstək­ləməsi respublika vətəndaşlarının artıq fransızlara ehtiyac duymadıqlarını göstə­rir. Bundan əvvəl müxtəlif siyasi qüvvələri təmsil edən 94 fransız senatorunun Makrona açıq məktub imzaladığı və Pa­risin Afrika siyasətinin iflasa uğradığını elan etdiyi bildirilmişdi. 

İşğalçı ölkədən, onun şirkətlərindən və ordusundan imtina edən Nigerdə an­ti-Fransa nümayişləri davam edir. Nigerin iqtisadiyyatına heç vaxt kömək etməyən Fransanın ondan həmişə oğurluq etməsi ilə bağlı fikirlər artıq daha ucadan səslən­dirilir. 

Əlcəzairi 132 il, Tunisi 75 il, Mərakeşi 44 il, Mavritaniyanı 60 il işğal altında sax­layan Fransanın müxtəlif xalqlara qarşı törətdiyi soyqırımları tarixin ən qanlı və dəhşətli səhifələrindəndir. Bu gün də bu ölkənin xarici siyasətinin əsas istiqamə­tinin milli, dini, irqi ayrı-seçkilik təşkil et­məsi ona qarşı dünyanın hər yerində eti­razları artırır. 

Leyla QURBANOVA, “Xalq qəzeti”

 

Dünya