DPA: Səudiyyə Ərəbistanı Ciddə danışıqlarında öz sülh planını təklif edib

post-img

DPA diplomatik mənbələrə istinadən xəbər verir ki, Ciddədə Rusiya və Ukrayna arasında hərbi münaqişənin nizamlanması üzrə danışıqlarda Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələrin təklif etdiyi sülh planı müzakirə edilib.

Agentliyin məlumatına görə, yeni sülh planına Ukraynanın ərazi bütövlüyünün qorunması, bütün cəbhələrdə atəşkəs, BMT-nin nəzarəti altında sülh danışıqlarının başlanması və əsirlərin dəyişdirilməsi maddələri daxildir. DPA mənbələri yeni sülh planının hazırlanmasında Səudiyyə Ərəbistanından başqa hansı ölkələrin iştirak etdiyini dəqiqləşdirməyib. Onların sözlərinə görə, ölkə hakimiyyəti məsləhətləşmələrin gedişi barədə Rusiyanı məlumatlandırıb.

Ciddədə iki günlük danışıqlar avqustun 5-də başlayıb. Danışıqlarda 30-dan çox ölkə iştirak edir. Rusiya görüşə dəvət edilməsə də, nəticələr barədə onlara məlumat verəcəklərinə söz veriblər. “Corriere della Sera”nın məlumatına görə, birinci günün sonunda iştirakçılar razılaşıblar ki, istənilən sülh sazişi Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət və BMT Nizamnaməsinin aliliyinə əsaslanmalıdır.

S.ELAY,

"Xalq qəzeti"

Dünya