ABŞ Prezidenti Co Bayden uzun tərəddüddən sonra Ukraynaya kasetli bombaların verilməsini təsdiqlədi. Ağ evin sahibi belə növ silahların verilməsini onunla izah etdi ki, ukraynalıların döyüş sursatı tükənir, Birləşmiş Ştatların da hazırda Kiyevə təqdim edəcəyi silah növü də məhz kasetli bombalardır. Bəs bu bombalar Rusiya–Ukrayna müharibəsinin gedişinə necə təsir göstərə bilər?
Belə bir qərarın verildiyi barədə daha əvvəl bir çox KİV-də məlumat yayılmışdı. Ötən həftənin cümə günü axşam isə məlumatı ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da açıq şəkildə təsdiqlədi. Onun sözlərinə görə, kasetli bombaların Ukraynaya təhvil verilməsi ilə bağlı qərar asan qəbul edilmədi. Lakin son nəticədə bu, düzgün qərar hesab olundu. Cənab Sallivanın sözlərinə görə, bu, prezidentin bütün müşavirlərinin yekdil tövsiyəsi idi. O, həmçinin vurğulamışdı ki, belə bir qərarın qəbul edilməsinə səbəb ABŞ-ın Ukraynanın artilleriya mərmilərinə olan tələbatını tam ödəyə bilməməsidir.
Bundan başqa, Ceyk Sallivan bildirmişdi ki, Birləşmiş Ştatlar kasetli bombaların mülki şəxslərə zərər vurma riski yaratdığını qəbul edir və buna görə də qərarı mümkün qədər təxirə salırdı. “Ancaq Rusiya qoşunları və tankları Ukraynanın mövqelərini yarsa, daha çox Ukrayna ərazisini ələ keçirsə, habelə daha çox ukraynalı mülki vətəndaşı ram edərsə, mülki əhaliyə də böyük ziyan vurma riski var. Çünki Ukraynanın kifayət qədər artilleriyası yoxdur. Bu da bizim üçün qəbuledilməzdir”, –deyə cənab Sallivan ölkəsinin mövqeyini açıqlamışdı.
Ancaq ABŞ-ın məlum qərarı ölkədə, eləcə də NATO ölkələrində birmənalı qarşılanmadı. Amerikalı bəzi qanunvericilər Ağ evin Kiyevə bu növ silah tədarük etmək qərarından narahat olduqlarını bildirdilər. Belə ki, 19 demokrat konqresmen Ağ evin kasetli bombaların Ukraynaya verilməsi qərarına qarşı çıxdı. Konqresmenlər xüsusi yazılı bəyanatda xatırladırlar ki, kasetli bombalar BMT Konvensiyasına uyğun olaraq, təxminən, 125 ölkə tərəfindən qadağan edilmişdir. Bundan başqa, konqresmenlər öz bəyanatlarında ekspertlərin rəyinə istinad edərək bildirirlər ki, kassetli sursatların istifadəsi zamanı təhlükəli partlamamış materialların qalma ehtimalı bir neçə amildən asılıdır və Pentaqonun təxminlərindən xeyli yüksəkdir.
Xatırladaq ki, kasetli bombalar “bomba içindəki bomba” olaraq bilinən silah növüdür. Kasetli bombalar havada açılır və içindəki kiçik bombalar dağılaraq partlayır və bu səbəbdən təsir sahəsi çox genişdir. Bu bombalar adətən çox kiçik bombaları böyük əraziyə, bəzən futbol meydançası boyda əraziyə səpələyir və bütün canlıları məhv edir. Partlamayanlar münaqişə bitdikdən sonra onilliklər ərzində mülki insanları, xüsusən də uşaqları təhdid edir. Buna görə də Böyük Britaniya, Almaniya və Fransa da daxil olmaqla, ABŞ-ın əksər müttəfiqləri 2008-ci ildə BMT-nin Kasetli Silahlar haqqında Konvensiyasını imzalamışdılar. Müqaviləni imzalayan dövlətlər “heç bir halda kasetli sursatlardan birbaşa və ya dolayı yolla istifadə etməməyi, istehsal etməməyi, başqa yolla əldə etməməyi, onun ehtiyatını saxlamamağı və ya heç kimə ötürməməyi” öhdəliyini üzərinə götürürlər. Ancaq ABŞ, Rusiya, Çin və Ukrayna sözügedən konvensiyanı imzalamaqdan imtina edirlər.
Ekspertlərin fikrincə, kasetli sursatlar əks-hücum zamanı Ukraynaya əhəmiyyətli dərəcədə kömək edə bilər. London Kral Kollecinin baş elmi işçisi Mayk Martinin sözlərinə görə, kasetli bombalar Ukrayna üçün çox faydalıdır. M.Martin düşünür ki, Ukrayna hərbi texnika üçün istifadə olunan yanacaqla təchizat marşrutlarını və Rusiya anbarlarını vurmağa çalışır və kasetli sursatlar bu tapşırıqlar üçün çox təsirlidir.
“Defense Express”in baş redaktoru Oleq Katkov da deyir ki, ABŞ-ın təqdim etdiyi kasetli sursatlarının növü Ukraynanın əks-hücumunun gedişatını müəyyən edəcək. "Əgər bunlar kasetli artilleriya mərmiləridirsə, o zaman bu, ukraynalı artilleriyaçılara daha az atəş açmağa və Ukraynada döyüş sursatı çatışmazlığı problemini həll etməyə imkan verəcək. O.Katkov hesab edir ki, ABŞ-a zərbə endirmə təyyarələri və uzaqmənzilli raketlər üçün istifadə oluna bilən kaset sursatlarının elementlərini ixrac etməyə icazə verilməsi Ukrayna ordusunu gücləndirəcək və Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu sürətləndirəcək.
Pentaqonun nümayəndəsi, briqada generalı Pat Rayderin isə düşünür ki, düşmənin canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulmuş bu bombalar istənilən hücum əməliyyatlarında faydalı olacaq.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

