Özbəkistanda iyulun 9-da ölkə konstitusiyanın yeni redaksiyasının qüvvəyə minməsindən sonra hazırkı dövlət başçısı Şavkat Mirziyoyev tərəfindən təyin edilmiş növbədənkənar prezident seçkiləri keçirilib. İkinci səlahiyyət müddəti yalnız 2026-cı ildə başa çatan prezident növbədənkənar seçkilərin zəruriliyini konstitusiya islahatından sonra hakimiyyətin bütün qollarının qarşısında duran yeni vəzifələrlə izah edib.
Xatırladaq ki, 2016-cı ildən Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda “Yeni Özbəkistan” konsepsiyası çərçivəsində islahatlar aparılır. Bu istiqamətdə ilk addım olan 2017-ci ildə qəbul edilmiş Fəaliyyət Strategiyası parlamentin və siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının rolunun gücləndirilməsini, qanunun aliliyini, məhkəmə-hüquq sistemində islahatlarını, iqtisadiyyatın liberallaşdırılmasını özündə əks etdirdi.
Konstitusiya islahatı isə Mirziyoyevin islahat proqramında son addım oldu. Əsas Qanunun müddəalarının 60 faizdən çoxu yeniləndi, dövlətin sosial funksiyası gücləndirildi, Özbəkistan dünyəvi dövlət elan edildi, prezidentlik müddəti artırıldı: 5 ildən 7 ilədək. Bundan başqa, konstitusiyaya dəyişikliyə görə, Mirziyoyev daha 2 dəfə prezidentliyə namizəd olmaq hüququ qazandı. O, islahatların davam etdirilməsinə dəstək məqsədilə növbədənkənar prezident seçkilərinin keçirilməsində maraqlı idi.
Ölkə qanunvericiliyinə görə, səsvermə gününə azı 6 ay qalmış yerli Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş siyasi partiya prezidentliyə namizəd irəli sürə bilər. Bu partiyalardan Liberal Demokrat və Milli Dirçəliş partiyaları Şavkat Mirziyoyevin namizədliyini dəstəkləyib.
Xalq Demokratiya Partiyasından Uluqbek İnoyatovun, Ekologiya partiyasından Abduşükür Həmzəyevin, “Adolat” Sosial Demokrat Partiyasından (“Ədalət”) respublika Ali Məhkəməsi sədrinin birinci müavini Robahon Mahmudovanın namizədliyi irəli sürülüb.
Prezident seçkilərini isə MDB və digər beynəlxalq qurum və təşkilatların nümayəndələri müşahidə ediblər. Bildirilib ki, 47 ölkə və 15 beynəlxalq təşkilatdan 797 nəfər seçki müşahidəçisi kimi qeydiyyatdan keçib. Müşahidəçilərin arasında azərbaycanlılar da var. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq müşahidəçi qismində seçkilərdə iştirak edib. Bundan başqa, bir qrup deputat da Özbəkistandadır. Onlara Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli rəhbərlik edir.
Ciddi pozuntular yoxdur
Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev deyib: “Səsvermə aşkarlıq, şəffaflıq prinsiplərinə və demokratik normalara riayət olunmaqla keçirilib. Heç kim bizim işimizə qarışmayıb və əngəl törətməyib. Mərkəzi Seçki Komissiyasının müstəqil olmaması ilə bağlı hansısa nəticə çıxarmaq mümkün deyil".
MDB Parlamentlərarası Assambleyasının nümayəndələri də səsvermənin təşkili səviyyəsini yüksək qiymətləndiriblər. MDB müşahidəçilər qrupunun koordinatoru, Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov jurnalistlərə bildirib: “Əlbəttə, biz Özbəkistandakı seçki təcrübəsini təhlil edəcəyik. Parlamentlərarası Assambleyanın (MDB) tərkibində Sankt-Peterburqda demokratiyanın, parlamentarizmin inkişafı, vətəndaşların seçki hüquqlarına riayət olunması məsələlərini öyrənən beynəlxalq institut fəaliyyət göstərir. Düşünürəm ki, Özbəkistanın bəzi təcrübəsi MDB ölkələri üçün maraqlı olacaq”.
Azərbaycan MSK-nın müşahidəçiləri seçkilərin keçirilməsi ilə bağlı heç bir irad bildirməyiblər. Qeyd ediblər ki, səsvermə zamanı elektron nəzarət sistemindən istifadə edilib. Bu, seçicinin ikinci dəfə səs verməsinin qarşısını alır.
Prezident seçkisi zamanı hüquq-mühafizə orqanlarına da ciddi qanun pozuntuları ilə bağlı şikayətlər daxil olmayıb. Məsələn, Özbəkistan prokurorluğuna pozuntularla bağlı daxil olan şikayətlərin əksəriyyəti səsvermə prosedurunun aydınlaşdırılması ilə bağlı olub.
Seçki baş tutub
Xarici mətbuat Özbəkistanda keçirilən prezident seçkilərinin səsvermə tarixinin seçilməsi ilə bağlı irad bildirmişdi. Qeyd edilmişdi ki, iyul ayında Mərkəzi Asiya respublikasında hava kifayət qədər istidir və bu da seçicilərin fəallığına təsir edəcək. Adətən, Özbəkistanda seçkilər ilin sonuna doğru, hava daha mülayim olanda keçirilir. Lakin bu narahatlıq özünü doğrultmadı. Seçkilərin etibarlı sayılması üçün tələb olunan fəallıq həddi (33 faiz) seçki məntəqələrinin açılmasından 3 saat sonra artıq keçilib. İnsanlar seçki məntəqələrinə toy-bayram kimi gəliblər. Ümumilikdə, səsvermədə 15 milyon 651 min 405 nəfər və ya qeydə alınmış seçicilərin 79,8 faizi iştirak edib.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədrinin verdiyi məlumata görə, ölkənin hazırkı dövlət başçısı Şavkat Mirziyoyev prezident seçkilərində 87,05 faiz səslə qalib gəlib. O, ən azı, növbəti 7 il ərzində öz səlahiyyətlərinə yeni dəstək qazanıb. Əgər o, gələcək seçkilərdə qalib gəlsə, 2037-ci ilə qədər ölkəyə rəhbərlik edəcək və islahatları davam etdirəcək.
Qulu KƏNGƏRLİ,
Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”

