Qarabağ Cəbəllütariqdə yeni yola çıxır

post-img

Azərbaycan futbolunun fəxri və iftixarı Ağdamın "Qarabağ" komandası yeni mövsümdə beynəlxalq meydanda ilk sınaq ərəfəsindədir. Ölkə çempionumuz bu axşam Cəbəllütariqdə qitənin ən nüfuzlu klub turniri Çempionlar Liqasının qrup mərhələsinə aparan yolda yeni tarix yazmağa başlayacaq. UEFA Bakı vaxtı ilə saat 19:30-da starta çıxacaq " Linkoln" – "Qarabağ" görüşünün hakimliyini Latviya Futbol Federasiyasının nümayəndələrinə həvalə etmişdir. Baş hakim rolunda ədaləti Vitalijs Spasyonnikovs qoruyacaqdır.

Birinci təsnifat mərhələsinin cavab görüşü isə iyulun 19-da Bakı Olimpiya Stadionunda oynanılacaq. Bu dəfə topa ilk zərbə saat 20-də endiriləcək. Əgər Ağdam klubu Cəbəllütariqdə "Viktoriya" stadionunu sərfəli nəticə, yaxşı əhval-ru­hiyyə ilə tərk etsə, şəhərimizin və ölkə­mizin ən böyük idman arenasında on minlərlə azarkeş qarşısında daha rahat şəkildə oynayacaq və ümid edək ki, ikinci təsnifat mərhələsinin qapısını üzümüzə taybatay açacaq.

Siz yay transfer pəncərəsi zamanı çempion komandamızın heyətində baş vermiş dəyişikliklərdən xəbərdarsınız. Kollektivin əsas zərbə qüvvəsi – sonun­cu milli çempionatda birlikdə 43 qolun müəllifi olmuş Şeydayev – Qurbanlı tan­demi artıq "Qarabağ"ın sıralarında deyil. Ramil Tailand çempionatında oynaya­caq, Musa isə İsveçin "Yurqorden" klubu tərkibində qollarının hesabını açmağa hazırlaşır. Təbii ki, futbol pərəstişkarla­rımız indi onların çıxışlarını əvvəlkindən də böyük maraqla izləyəcəklər. "Qara­bağ"ın yeni hücumçuları bu yay "Zirə"­dən Ağdam klubuna keçmiş Hamidu Keyta və Braziliya futbolunun yetirməsi Juninyo isə Azərbaycan çempionuna la­yiq oyunçular olduqlarını dəqiq zərbələri ilə sübuta yetirməyə çalışacaqlar.

 

Oqtay BAYRAMOV

İdman