Türkiyə Vilnüsə hansı tələblərlə gedir?

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün Vilnüsə yola düşməzdən əvvəl Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında öz ölkəsinin Qərblə münasibətlərinə dair bir sıra mühüm bəyanatlar verib.

Türkiyə KİV-ləri xəbər verir ki, Avropa İttifaqına müraciətlə “əvvəl­cə bizim Aİ-yə önümüzü açın, biz də İsveçin önünü açaq, 50 ildir qa­pıda gözləyən Türkiyə var” deyən Rəcəb Tayyib Ərdoğan, Ankaranın NATO-nun “açıq qapı” siyasətini hər zaman dəstəklədiyini bildirib. O əlavə edib ki, sammitdə Türkiyəyə sanksiya və məhdudiyyətlər tətbiq edən müttəfiqlərə bu yanlış yoldan dönmələri üçün təkrarən müraciət edəcək. Türkiyə Prezidenti vurğula­yıb ki, İsveçin NATO-ya üzv olması ilə bağlı son qərarı Türkiyə Böyük Millət Məclisi verəcək.

Türkiyənin dövlət başçısı qeyd edib ki, sammitdə Ukraynada mü­haribənin ən qısa müddətdə və ədalətli şəkildə başa çatması yolları müzakirə ediləcək. Onun sözlərinə görə, sülh Kiyevin NATO-ya üzvlü­yünü daha da asanlaşdıracaq.

Taxıl sazişindən də bəhs edən Rəcəb Tayyib Ərdoğan bildirib ki, gələn ay Rusiya Prezidenti Putinin Ankaraya səfərinin baş tutacağı təq­dirdə bu məsələ ətrafında geniş mü­zakirə aparılacaq.

ABŞ-dan F-16 qırıcı təyyarələ­rinin tədarükü məsələsinə toxunan Türkiyə Prezidenti deyib: “Bayden deyib ki, əlimdən gələn hər şeyi edirəm. O, bizdən də eyni şeyi tələb edir. Lakin NATO müttəfiqi kimi bi­zim sizə etdiyimiz ödəmələr var və hələ ki, onların heç birinin qarşılığı­nı ala bilmədik. Vilnüsdə bizim dar çərçivədə bir görüşümüz olacaq və onunla bu məsələni müzakirə edə­cəyik. Bunun İsveçlə əlaqələndiril­məsi bizi narahat edir. Ümidvaram ki, bu məsələnin sonu xeyirlə nəti­cələnəcək”.

“Xalq qəzeti”

Dünya