Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb. Tərəflər İsveçin alyansa qəbulu məsələsini müzakirə ediblər. Ankara bir ildən artıqdır ki, İsveçin NATO-ya üzvlüyünə qarşı çıxır və öz mövqeyini Stokholmun Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına dəstək verməsilə əsaslandırır.
“İsveç Türkiyənin narahatlığını aradan qaldırmaq üçün əhəmiyyətli addımlar atıb. Bunlara İsveç konstitusiyasında dəyişiklik edilməsi, silah embarqosunun dayandırılması və terrora, o cümlədən PKK-ya qarşı əməkdaşlığın gücləndirilməsi daxildir. Bir neçə gün əvvəl terrora qarşı yeni mühüm qanun qəbul edildi. Beləliklə, İsveç öz öhdəliklərini yerinə yetirdi. Türkiyənin NATO-nun Vilnüs sammitinə qədər İsveçin ərizəsini ratifikasiya etməyə hələ də imkanı var ”, – deyə Yens Stoltenberq bildirib.
Stoltenberq onu da qeyd edib ki, Prezident Ərdoğanla danışıqlarda İsveçlə Daimi Müştərək Mexanizmin növbəti görüşünün iyunun 12-də keçirilməsi ilə bağlı razılığa gəlinib.
Bu arada politoloq Stanislav Bışok Stokholmun Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciətinə Ankaranın mövqeyini dəyərləndirib. O deyib: “NATO və NATO üzvlüyünü fetişləşdirməyə ehtiyac yoxdur. Siz NATO-nun üzvü olmaya, lakin hələ də alyansın təhlükəsizlik çətiri ilə əhatə oluna bilərsiniz. Bu təhlükəsizlik çətiri artıq İsveç üzərində açılıb. ABŞ və digər ölkələr İsveçə təhlükəsizlik zəmanəti verib. O indi özünəməxsus vəziyyətdədir: hərbi baxımdan başqa ölkələrə heç bir borcu yoxdur və NATO-nun əsas ölkəsi ABŞ artıq ona digər NATO üzvü olan ölkələrə verdiyi təminatları verir. Türkiyənin İsveçin alyansa daxil olmasına razılıq verməsi artıq formallığa çevrilib”.
Y.Stoltenberq Prezident Ərdoğanla İsveçin NATO-ya daxil olması ilə bağlı danışdığı bir vaxtda PKK tərəfdarları Stokholmda nümayiş keçiriblər. Əllərində PKK/YPG-ni simvolizə edən plakatlar və Abdullah Öcalanın şəkillərini daşıyan terror təşkilatı tərəfdarları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı şüarlar səsləndiriblər. Sonra polisin müşayiəti ilə İsveç parlamentinin qarşısınadək yürüş ediblər.
Türkiyə ilə NATO arasında müzakirə edilən məsələlərdən biri də Kosovoda Türkiyə Müdafiə Nazirliyinin NATO-nun tələbi ilə xüsusi təyinatlılardan ibarət tabor yerləşdirməsidir. Buna Kosovoda etnik zəmində baş verən münaqişə səbəb olub.
NATO-nun baş katibi Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı qapılar arxasında keçirdiyi görüşdən sonra Kosovoya qoşun göndərmək qərarına görə Türkiyə hakimiyyətinə minnətdarlığını bildirib. “Mən Türkiyəyə bölgədəki son iğtişaşlardan sonra Kosovonun şimalına əlavə qüvvələr göndərdiyinə görə təşəkkür edirəm” - Stoltenberq deyib.
Kosovodakı hadisələrə NATO missiyasının komandiri Ancelo Mişel Ristucci də münasibət bildirib. O deyib: “Kosovonun baş naziri Albin Kurtinin albanları serblərin çoxluq təşkil etdiyi əyalətə bələdiyyə başçıları təyin etməsi səhv addımdır. Əhali tərəfindən tanınmayan bələdiyyə başçılarının təyinatı beynəlxalq ictimaiyyətlə məsləhətləşmədən həyata keçirilməməli idi. Priştina hökumətinin ikinci birtərəfli hərəkəti bizimlə məsləhətləşmədən güc tətbiq etməsi oldu ki, bu da bizim müdaxiləmizi zəruri etdi, əlavə qüvvələr yerləşdirildi ”.
Bu qüvvələrdən biri də Türkiyə xüsusu təyinatlılardan ibarət tabordur. Hazırda tabor xidməti vəzifəsini yerinə yetirir.
Pünhan ƏFƏNDİYEV “Xalq qəzeti”