Dünən Baş prokuror Kamran Əliyev Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə görüşüb.
Baş prokuror Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Avropa Şurasının qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu qeyd edib. K.Əliyev prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışıb, o cümlədən 2020-ci ilin iyununda təsdiq olunmuş yeni strukturda yer almış cinayət təqibindən kənar icraatlar, əmlakların bərpası və xidməti araşdırmalar üzrə fəaliyyət istiqamətləri barədə qonaqları məlumatlandırıb.
Ölkəmizə səfərlərindən məmnunluqlarını ifadə edən AŞPA-nın həmməruzəçiləri Azərbaycanın hüquq sistemində aparılan islahatları müsbət qiymətləndirdiklərini vurğulayaraq, Avropa Şurası ilə ölkəmizin müvafiq qurumları ilə əlaqələrin inkişafında və qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüşdə Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zix və Milli Məclisin deputatı Kamal Cəfərov iştirak ediblər.
“Xalq qəzeti”