Dubay Əmirliyi şəhər təsərrüfatı idarəçiliyini kosmik nanopeykə həvalə edir

post-img

Dubay Elektrik və Su İdarəsi (DEWA) ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələri bazasından “SpaceX” kompaniyasının “Falcon 9” raketinin göyərtəsində ikinci nanopeyki olan “DEWA SAT-2”ni uğurla kosmosa buraxıb.

AZƏRTAC “Emirates” informasiya agentliyinə istinadla xəbər verir ki, yeni nanopeykin kosmosa göndərilməsi DEWA-nın elektrik və su şəbəkələrinin istismarı, saxlanması və planlaşdırılmasını təkmilləşdirmək üçün kosmik texnologiyalardan istifadədə liderliyini təsdiq edir. Nanopeyk Litvanın “NanoAvionics” şirkəti ilə birgə DEWA-nın Tədqiqat və İnkişaf Mərkəzində Əmirlik tərəfindən dizayn və inkişaf etdirilib.

“DEWA SAT-2” nanopeyki Yerin müşahidə missiyaları üçün istifadə olunacaq yüksək ayırdetmə qabiliyyətinə malik kameraya (4,7 metr) malikdir. Bu kamera təxminən 500 kilometr orbitdən yeddi spektral zolaqda fasiləsiz xətt skan təsvirini təmin edir. Yeni peyk həmçinin istixana qazlarını ölçmək üçün infraqırmızı avadanlıqla təchiz edilib. DEWA-nın baş direktoru Səid Məhəmməd Əl Tayer bildirib ki, DEWA-nın peyk rabitəsində Yer kürəsi vasitəsilə məlumat ötürülməsi üçün süni intellekt (AI) və blockchain daxil olmaqla, Dördüncü sənaye inqilabının ən son texnologiyalarından istifadə edilib. O əlavə edib: “2021-ci ilin yanvarında başlayan DEWA-nın “Space-D” proqramı nanopeyklər və uzaqdan idarəetmə vasitəsilə şəhər təsərrüfatının əməliyyatlarını, texniki xidməti və planlaşdırmanı təkmilləşdirmək məqsədi daşıyır. Proqramla, həmçinin elektrik və su şəbəkələrində kosmik texnologiyaların istifadəsi üzrə ixtisaslaşmış kadrların yetişdirilməsi nəzərdə tutulur. İkinci nanopeykimiz “DEWA SAT-2”ni kosmosa göndərmək bütün əməliyyatların səmərəliliyini artırmaq üçün kosmik texnologiyalardan istifadədə liderliyə doğru davamlı olaraq irəliləmək, ən yüksək standartlara uyğun olaraq elektrik və su xidmətləri göstərmək anlamına gəlir”.

DEWA, həmçinin bulud hesablama şəbəkəsini dəstəkləmək üçün nanopeyk texnologiyasından istifadə etməyi və bununla da enerji və su şəbəkələrinin rəqəmsallaşdırılmasını gücləndirməyi hədəfləyir. Əsas məqsəd istehsal, ötürmə və paylama bölmələrinin, eləcə də smart şəbəkələrin, elektrik stansiyalarının və elektrik enerjisi doldurma stansiyalarının planlaşdırılması, istismarı və profilaktik təmirinin səmərəliliyini və effektivliyini artırmaqdır. Bu yanaşmanın xərcləri azaldacağı və DEWA-nın aktivlərinin investisiyasını yaxşılaşdıracağı gözlənilir. Bundan əlavə, bu, bütün dünyada kommunal sektorun təkmilləşdirilməsinə töhfə verən texnoloji tətbiqlərə kömək edəcək.

DEWA-nın biznesin inkişafı üzrə icraçı vitse-prezidenti Valid bin Salman qeyd edib ki, “DEWA SAT-2”nin yüksək təsvir dəqiqliyi şirkətin enerji istehsalı və suyun duzsuzlaşdırılması stansiyalarının əməliyyat göstəricilərini yaxşılaşdırmağa imkan verəcək. Xüsusən elektrik və su şəbəkələrində istifadə üçün nəzərdə tutulmuş kosmik cihazlar kimi çoxspektrli, yüksək ayırdetmə qabiliyyətinə malik termal görüntü aparatları yüksək gərginlikli ötürmə xətlərində, yarımstansiyalarda, binalarda və günəş enerjisində termal barmaq izlərini aşkar etmək üçün yerləşdiriləcək.

Dünya