Blinken Türkiyənin zəlzələ zonasında olub

post-img

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ minlərlə insanın həyatını məhv etməklə yanaşı, dünyada geniş əks-səda doğurub. Dünya liderləri faciə ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verirlər. ABŞ-ın Dövlət katibi Entoni Blinken isə fevralın 19-da təbii fəlakətin vurduğu yaralarla tanış olmaq üçün Türkiyəyə gəlib. 
Türkiyə KİV-in məlumatına görə, Dövlət katibinin təyyarəsi İncirlik bazasına enib. Onu ABŞ-ın Türkiyədəki səfiri Ceff Flekk və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qarşılayıblar. Bundan sonra Blinken və Çavuş­oğlu zəlzələ zonasını Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterdən seyr edərək dağıntıların miqyası ilə tanış olub, Hatay əyalətinin zəlzələdən ən çox zərərçəkmiş Kahramanmaraş şəhərinə baş çəkiblər.
Zəlzələnin ağır nəticələri ilə tanış olduqdan sonra Blinken bildirib ki, müşahidə etdikləri mənzərə sarsıdıcı olub. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Türkiyəyə zəlzələnin nəticələrinin aradan qaldırılmasında və xilasetmə əməliyyatlarının aparılmasında hər cür dəstək verməyə hazırdır.
Blinken deyib: “Birləşmiş Ştatlar Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar əlavə 100 milyon dollar vəsait ayırdığını elan edib. Bununla da ABŞ-ın zəlzələ ilə bağlı göstərdiyi humanitar dəstəyin ümumi həcmi 185 milyon dollara çatıb. Bu pullar Türkiyə və Suriyada işləyən qeyri-hökumət təşkilatlarına yönəldiləcək”.
Türkiyə XİN başçısı isə Ankarada Blinkenlə danışıqlardan sonra keçirdikləri birgə mətbuat konfransında bildirib ki, ölkəsi Birləşmiş Ştatların Türkiyənin müdafiə sənayesinə tətbiq etdiyi sanksiyaları yaxın vaxtlarda ləğv edəcəyinə ümidvar olduğunu qeyd edib. 
Çavuşoğlunun sözlərinə görə, ABŞ-ın dövlət katibi ilə görüşdə Cənubi Qafqazla bağlı da müzakirələr aparıblar. Məqsəd sülhün bərqərar olmasıdır. Vaşinqton da paralel olaraq Bakı və İrəvanla mütəmadi əlaqə saxlayır.

 


Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

Dünya