İranda repressiyalar davam edir

post-img

İranda etirazlar və etiraz aksiyalarının iştirakçılarına qarşı repressiyalar davam edir. Gunaz.TV-nin verdiyi məlumata görə, dünən İran hökuməti Zəncan əyalətinin Elm və Texnologiyalar Parkının rəhbəri Əli Azərpeyvəndi işdən azad edib. O, hakimiyyətə qarşı tənqidi fikirlər söylədiyinə və bunun sosial mediada yayılmasından sonra vəzifəsini itirib.
Fevralın 20-də bu barədə məlumat verən mənbə zəncanlı alimin hakimiyyətin etirazçılara qarşı repressiyalarını pislədiyinə görə işdən qovulduğunu bildirib.
Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış təbrizli vəkil Sina Yusifi isə deyib ki, son günlər ümumi əfv sərəncamının verilməsinə baxmayaraq, hakimiyyət nümayəndələri bu məsələdə də öz zövqlərinə uyğun davranır və Abbas Lisanini hələ də həbsdə saxlayırlar. O, Abbas Lisaniyə verilmiş 8 illik həbs müddətinin 4 ilinin bitdiyini və əfv qaydalarına uyğun olaraq həbsdən buraxılmalı olduğunu qeyd edib: “Əfv sərəncamı iki qrupa aid edilib. Birinci qrup son etiraz aksiyalarında saxlanılanlar, ikinci qrup isə aksiyalardan öncə başqa ittihamlarla həbs edilənlərdir. Bir sıra məhkumların adının əfv sərəncamı siyahısına salınmaması başa düşülən deyil”.
Qeyd edək ki, Abbas Lisani ailəsi ilə qısa telefon danışığı zamanı hüquqlarının pozulduğuna etiraz əlaməti olaraq aclıq aksiyasına əl atacağını deyib: “Təhlükəsizlik qurumları müalicəmə maneçiliklərini davam etdirəcəklərsə, hüquqlarımın pozulmasına etiraz olaraq aclıq aksiyasına əl atmaqdan başqa yolum qalmayacaq”.
Yusifi əlavə edib ki, Abbas Lisaninin sağlamlıq durumunun pisləşməsinə, bir neçə xəstəlikdən əziyyət çəkməsinə və müalicə olunması ilə bağlı həkimlərin rəyinə baxmayaraq, onun tibbi məzuniyyətə buraxılmasına icazə verilmir.
İran polis qüvvələrinin komandanı Əhmədrza Radan isə son aylarda baş verən nümayişləri fitnə adlandıraraq, şüarların birbaşa Əli Xameneini hədəfə aldığını deyib. O, Xameneini “sonuncu səngər” adlandırıb və düşmən qüvvələrinin onu sındırmağa çalışdıqlarını bildirib. Radan hökumət məmurları tərəfindən öldürülmüş 500-dən çox etirazçının xalq tərəfindən cəzalandırıldığını iddia edib.
Qeyd edək ki, son ayların aksiyaları zamanı, öncəki illərdən fərqli olaraq, Xameneinin imicinə ağır zərbə dəyib və etirazlarda əsasən ona qarşı şüarlar səsləndirilib.


“Xalq qəzeti”

Dünya