O, fırça tutan əlinin atəş açmağa da qadir olduğunu həm 2017–2018-ci illərdə hərbi xidmət zamanı təlimlərdə fərqlənməsi, həm də 2020-ci il iyul ayında könüllü olaraq qeydiyyata düşüb Tovuz döyüşlərinə qatılması ilə sübut edib. Beləcə, vətənpərvərlik mövzularını təbliğ etdiyi rəsmləri və molberti kənara qoyaraq şəxsi yurdsevərvərlik nümunəsi ilə seçilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu olan gənc rəssam Rauf İbadovun Vətən müharibəsində cəsurluğuna, Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində göstərdiyi şücaətinə görə manqa komandiri təyin edilməsi də onun əsl vətənpərvər olduğunun göstəricisi idi.
Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində şəhid-rəssam Rauf Məhərrəm oğlu İbadovun “Sizə yadigar qalsın” adlı fərdi sərgisinin açılış mərasimində Xalq artisti Gülyanaq Məmmədovanın ifasında onun əziz xatirəsinə ithaf olunmuş "Qəhrəmanlıq dastanı..." adlı mahnının klipini izləyənlərin gözləri önündə anbaan qəhrəmanın işıqlı obrazı canlandı. Hər kəs bəstəkar Sevinc Tofiqqızının şair Baba Vəziroğlunun sözlərinə yazdığı musiqi əsərini elegiya deyil, qürur ifadəsi kimi maraqla qarşıladı.
Tədbiri Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Dövlət Rəsm Qalereyası və “Nəfəs” İctimai Birliyi təşkil etmişdi.
Şəhər ictimaiyyətinin nümayəndələri, rəssamlar, qazilər və məktəblilərin qatıldığı tədbirdə bildirildi ki, Rauf 1996-cı il mayın 4-də Abşeron rayonunun Saray qəsəbəsində doğulub. İnşaatçı mühəndis və gözəlliklər yaradan rəssam olsa da, zamanın gərdişi onu dağıdıcı müharibə ilə üzləşdirib, əlinə silah alıb döyüşlərə atılmağa vadar edib. Elə orada da çox sevdiyi həyatla vidalaşmalı olub. 2020-ci il oktyabrın 23-də Laçın rayonu ərazisində mühasirəyə düşdükləri zaman bir neçə düşməni məhv edib və qəhrəmancasına şəhid olub. Oktyabrın 30-da Saray qəsəbəsindəki Şəhidlər xiyabanında dəfninə bütün el-oba toplaşıb. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasina görə” medalları ilə təltif edilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə, Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, şəhid anası Ceyran Həsənova, “Nəfəs” İctimai Birliyinin rəhbəri Firəngiz Balakişiyeva, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, şair, Prezidentin fərdi trəqaüdçücü Əşrəf Veysəlli, Memarlıq və İnşaat Universitetinin elmi katibi Tahirə Haqverdiyeva, professor İsmayıl Əliyev və başqaları çıxış edərək, torpaqlarımızın Rauf kimi qəhrəman oğullarımızın sayəsində işğaldan azad olunduğunu, xalqımızın 30 illik həsrətinə son qoyulduğunu bildirdilər. Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova Raufun rəsmlərindən söhbət açaraq, onun sevimli mövzusunun məhz vətənpərvərlik olduğunu diqqətə çatdırdı. Peşəkar rəssam Tofiq Əhmədovun nakam həmkarına həsr etdiyi portret şəhidin valideynlərinə təqdim olundu.
Şəhidin atası Məhərrəm İbadov, anası Zərnigar İbadova diqqət və qayğıya görə minnətdarlıq duyğularını ifadə etdilər.
Sonra sərgiyə baxış keçirildi. Ekspozisiyada rəssamın müxtəlif janrlarda yaratdığı 44 əsəri nümayiş olunur. Hamısı da həyat eşqli, işıqlı rəsmlərdir. Vətən üçün döyünən, elə Vətən yolunda da susan bir ürəyin çırpıntılarını yaşadan əsərlərdir. Rəng çalarları, koloriti diqqət çəkir.
Tədbir Ə.Bakıxanov adına 1 nömrəli Sumqayıt Uşaq İncəsənət Məktəbinin kollektivinin təqdim etdiyi musiqi nömrələri və Laçın rayon 5 saylı orta məktəbin Rauf İbadov adına sinfinin şagirdlərinin səsləndirdikləri şeirlərlə davam etdi.
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”