İran bərk narahatdır

post-img

Münxen konfransında iştirak edən Prezident İlham Əliyev Azərbaycan–İran münasibətləri barədə də mühüm açıqlama verdi. Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonrakı vəziyyəti qiymətləndirən dövlət başçımız qonşu ölkə ilə münasibətlərin gələcəyindən danışdı. Prezidentimiz birmənalı şəkildə bildirdi ki, ikitərəfli münasibətlərin normallaşması yalnız rəsmi Tehranın terror aktını hərtərəfli araşdırmasından və günahı olan şəxslərin cəzalandırılmasından sonra mümkün ola bilər.

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransında iştirakı zamanı jurnalistin “İranla Azərbaycan arasında münasibət­lərin normallaşmasını necə görürsünüz? Birinci addımı kim atmalıdır?” sualının ca­vabında Prezident İlham Əliyev Azərbay­canın Tehrandakı səfirliyinə silahlı hücu­mu terror aktı adlandırdı. Dövlər başçısı bildirdi ki, terrorçu 30-40 dəqiqə ərzində tərk-silah edilmədi və polis maşınları, təhlükəsizlik xidməti işçiləri gəlib-getdilər. Amma onlar ona iki dəfə səfirliyin bina­sına daxil olmağa, səfirliyin mühafizə iş­çilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilər: “Terrorçunu əliyalın tərk-silah etmiş mühafizə işçilərin­dən birinin cəsarəti, ola bilsin ki, onlarla azərbaycanlının həyatını xilas etdi. Çün­ki diplomatlarımızın ailələri, o cümlədən, uşaqları o binada yaşayırdılar”. Prezident İlham Əliyev Azərbaycan səfirliyinə qarşı terror aktı ilə bağlı dərhal və şəffaf istin­taqın aparılmasını tələb etdi.

Əslində, səfirliyimizə qarşı olan hücu­mun sırf terror aktı olmasını təsdiqləyən faktlar var. Rəsmi Tehran qətli “məişət problemi” kimi qələmə verməyə çalışsa da, terror aktından sonra cərəyan edənlər hadisənin planlaşdırılmış silahlı hücum olduğunu təsdiqlədi. Terrorçunun qısa zamanda mətbuat qarşısına çıxarılması və sərsəm fikirlərini efirdə bildirməsi üçün şərait yaradılması çirkin hücumun arxa­sında ciddi qüvvələrin dayandığını göstə­rirdi. Prezident İlham Əliyev fakta diqqət ayıraraq vurğulayıb ki, bu terror hadisə­sindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran isteb­lişmentinin bəzi qolları tərəfindən gön­dərilənlərdən biri olduğunu sübut edir: “Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mü­hakiməsindən yayındırmaq üçün atılmış bir addım idi. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandı­rılmalıdır”. 

Bundan başqa, dövlət başçımız ter­rorçunu göndərənlərin, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran isteb­lişmentinin nümayəndələrinin ədalət mü­hakiməsi qarşısına çıxarılmasının vacib olduğunu diqqətə çatdırıb. Prezidentimiz birmənalı şəkildə bildirib ki, yalnız bun­dan sonra münasibətlərimizin normallaş­ması haqqında danışmaq olar. 

Prezident İlham Əliyevin məsələyə münasibətinə Tehrandan reaksiya gəldi. Bəyanatdan hiss olunur ki, Tehranda ölkə başçımızın dediklərindən narahatdır­lar. İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirir ki, “Azərbaycanın məsələni siyasiləşdirməkdən və ya hü­cumla bağlı təbliğat aparmaqdan çəkin­məsi daha yaxşıdır”. İran tərəfi iddia edir ki, guya, “məhkəmənin davam etdiyi vaxt­da məsələnin siyasiləşdirilməsi konstruk­tiv deyil”. İşin məhkəmədə olduğunu bil­dirən XİN sözçüzü əlavə edir ki, hadisə ilə bağlı açıqlananlar hücum edənin açıq-aş­kar “etirafına” əsaslanır: “Təbii ki, bu acı hadisənin bütün aspektləri dəqiq araşdırı­lır və öyrənilir”. Bundan başqa, N.Kənani­nin sözlərinə görə, diplomatik mesajlarda və iki ölkənin yüksək səviyyəli siyasi və məhkəmə rəsmiləri arasında təmaslarda ifadə edildiyi kimi, İran İslam Respublika­sı araşdırmaların nəticələrini Azərbaycan tərəfinə təqdim etməyə hazırdır: “Əminik ki, Azərbaycan Respublikasının rəsmilə­ri əməkdaşlıq şəraitində və konstruktiv yanaşmalarla onları düşündürən bütün qeyri-müəyyənliklərə və suallara lazımi cavablar alacaqlar”.

Çox yaxşı, biz də qeyri-müəyyənliyə son qoyulmasını, bəzi suallarımıza ca­vab verilməsini gözləyirik. Amma belə görünür, rəsmi Tehran terror aktının do­ğurduğu əks-sədanı yatırmağa yönəlik mülayim açıqlamalar verir, qətl hadisəsin­dən “dərin narahatlıq” duyduğunu göstər­məyə çalışır. Lakin fakt faktlığında qalır: Tehranda beynəlxalq qanunlar tapdalan­dı, ölkə səfirliyinə silahlı hücum oldu və səfirlik əməkdaşı qətlə yetirildi. İran belə bir beynəlxalq biabırçılığa ancaq ədaləti ortaya çıxarmaqla son qoya bilər. Bunun üçün Tehran elementar suallara aydınlıq gətirməli və çoxmənalı bəyanatlar səs­ləndirməməlidir.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olmuşdu. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomatla səfirliyin mühafizə postunu yararaq, mühafizə xid­mətinin rəisi Orxan Əsgərovu qətlə yetir­mişdi. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanmışdı. Hücum edən şəxs Azərbaycan səfirliyi­nin əməkdaşı tərəfindən saxlanılmışdı. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıldığını bildirmişdi. Azərbaycan yanvarın 29-da Tehrandakı səfirliyinin diplomatik fəaliyyətinin tam dayandırıldı­ğını bəyan etmiş və səfirliyin bütün əmək­daşları Bakıya gətirilmişdir.

 

“Xalq qəzeti”

Siyasət