Bəhreyn qəzeti Xocalı soyqırımından yazıb

post-img

Bəhreynin “Daily Tribune” nəşrində Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayevin Xocalı soyqırımı haqqında məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə müəllif 31 il əvvəl törədilmiş Xocalı qətliamının Qarabağ müharibəsində ən ağır hərbi cinayət və müasir Avropa tarixində ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd edib. Vurğulanıb ki, həmin gecə 613 mülki azərbaycanlı, o cümlədən 200-dən çox qadın və uşaq amansızlıqla qətlə yetirilib.

Müəllif bildirib ki, bu, sadəcə, müharibə cinayəti deyildi, bu, Ermənistanın düşünülmüş terror siyasətinin tərkib hissəsi idi. Ermənilər mülki əhalini amansızcasına qətlə yetirməklə başqa rayonların sakinlərini qorxudaraq onları rayondan çıxmağa məcbur etmək və sonrakı işğala nail olmaq istəyirdilər.

Oxucuların diqqətinə çatdırılıb ki, bu, etnik təmizləmə idi və bu təcavüzkar akta rəhbərlik edənlər sonradan bunu təsdiqlədilər.

Müəllif o zaman erməni hərbi komandirlərindən biri olan Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın 2000-ci ildə britaniyalı jurnalist Tomas de Vaala dediyi “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu” fikirlərini diqqətə çatdırıb.

Səfir bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və nifrəti bununla bitməyib. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və bir milyona yaxın azərbaycanlını doğma yurdundan zorla qovaraq çıxarıb.

Məqalədə qeyd olunub ki, o vaxtdan bəri Azərbaycan Xocalı qətliamının beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün mübarizə aparır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Xocalı haqqında beynəlxalq məlumatlılığın artırılmasına yönəlmiş səylərə mühüm töhfə verib. Kampaniya nəticəsində bir sıra ölkələrin parlamentləri, ABŞ-ın 20-dən çox ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Eyni zamanda, vurğulanıb ki, 2020-ci ildə Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başlayıb və işğal altındakı torpaqlarını azad edərək münaqişəyə son qoyub. Qısa müddət sonra Azərbaycan azad edilmiş ərazilərinin bərpasına start verib və Ermənistanla regiona çoxdan gözlənilən sabitlik gətirəcək sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edib.

Qan yaddaşı