Azərbaycanda ermənilərin 1918-ci il “türk-müsəlman ovu”

post-img

1918-ci il martın sonları – aprelin əvvəlləri Azərbaycan tarixinə xalqımızın öz torpağında mövcudluğunun taleyi ilə bağlı ən faciəli məqamlardan biri kimi qanla yazılmışdır. Həmin müdhiş günlərdə erməni-daşnak və ifrat bolşevik qüvvələrinin Bakı şəhərində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı düşmənlərimizin uzun illərdən bəri izlədikləri təcavüzkar siyasətin məntiqi nəticəsi idi. 

Bir tərəfdən Bakıda və onun ətrafın­da olan ermənilərin səfərbər edilməsi, bir tərəfdən də cəbhədən tərxis edilmiş er­məni əsgərinin cəlb olunması nəticəsin­də 1918-ci ilin mart qırğınları ərəfəsində Bakıda xeyli sayda erməni-daşnak qüv­vəsi toplanmışdı. Bakı Sovetinin rəhbəri Stepan Şaumyanın məlumatına görə, onların sayı 3 – 4 min nəfər idi. Bu mə­lumat qeyri-dəqiq də ola bilərdi. Ermə­ni-daşnak qüvvələrinin törətdikləri qırğın və faciələrin miqyasının gizlədilməsi üçün S.Şaumyan erməni-daşnak qüvvələrinin sayını azaltdığı istisna deyil. Hər halda Bakıda planlaşdırılan qırğınların nəzərdə tutulan nəticə ilə başa çatması üçün belə qüvvələrin toplanması və təchiz edilməsi sahəsində fəal iş aparılırdı. 

Hadisələrin şahidi Suren Şaumyanın (Stepan Şaumyanın oğlu) etiraflarından da aydın olur ki, Bakıda erməni silahlı dəstələrinin yaradılması istiqamətində Erməni Milli Şurasının fəaliyyəti Müsəl­man Milli Şurasının fəaliyyətini xeyli üstələyirdi. Türkiyə ilə Rusiya arasında müharibəyə hələ son nöqtə qoyulmadığı bir vaxtda milli silahlı dəstələrin yaradıl­masının “türkpərəstlik” kimi qiymətlən­diriləcəyindən ehtiyat edən müsəlman ictimai təşkilatlarının fəalları süstlük nümayiş etdirdikləri halda, Erməni Milli Şurası bütün imkanları daxilində daşnak qüvvələrini yaratmaqda davam edirdilər. 

Rus ordusundan tərxis edilən erməni əsgərlərin bu işə cəlb edilməsi nəticəsin­də millətçi silahlı dəstələrin sıraları da genişlənməkdə idi. Erməni Milli Şurası 1918-ci ilin martında Osmanlı cəbhəsin­dən geri dönən rus ordusunun erməni əs­gərlərinə müraciət edərək onları Bakıda yaradılan erməni-daşnak qüvvələrinin sı­ralarında birləşməyə, silahlarını kimsəyə təhvil verməyərək özlərində saxlamağa və yeri gələndə bu silahdan erməniliyin mənafeyi naminə istifadəyə hazır olmağa çağırırdı. 

Daşnaksütyun partiyasının rəhbərliyi altında olan qüvvələrdən başqa Bakı So­vetinin nəzarəti altında Qırmızı qvardiya da təşkil edilmişdi və bu dəstənin tərki­binin böyük hissəsini erməni silahlıları təşkil edirdilər. Bakıda toplanan erməni daşnak hərbi qüvvələrinin silahlandırıl­ması üçün Erməni Milli Şurasının ixtiya­rında xeyli maliyyə vəsaiti vardı. Həmin vəsaitin toplanması üçün illər idi ki, iş aparılırdı. Suren Şaumyanın yazdığına görə, köhnə orduda mövcud olan ermə­ni partizan drujinalarından çoxlu sayda silah alınırdı. Müvafiq pul müqabilində tərxis olunan rus əsgərlərindən də silah əldə edilirdi. Bütün bunlardan sonra Su­ren Şaumyan da təsdiq edirdi ki, mart qır­ğınları ərəfəsində Erməni Milli Şurasının kifayət qədər ciddi hərbi qüvvəsi var idi.

Suren Şaumyan, eyni zamanda, mart qırğınları ərəfəsində Erməni Milli Şurası ilə Müsəlman Milli Şurasının ixtiyarında olan hərbi qüvvələrin nisbətini də real­lıqla təsvir edirdi. O bildirirdi ki, müsəl­man əhalinin (azərbaycanlıların) xidmətə çağırılmaması və müsəlman milli zabit kadrlarının olmaması üzündən Müsəl­man Şurasının tabeliyində yalnız kiçik bir dəstə vardı. Qüvvə üstünlüyünə malik olan bolşevik və erməni-daşnak qüvvələ­ri Azərbaycanın milli dəstəsinin məhv edilməsi üçün 1918-ci il mart ayının son­larında Bakıda və sonra da Azərbayca­nın müxtəlif bölgələrində milli qırğınlara rəvac verdilər. 

Hadisələrin şahidləri də bildirirdilər ki, mart qırğınlarının törədilməsinə hazırlıq xeyli əvvəldən başlanmışdı. Bakı şəhər sakini Aleksandr Kvasnik xatırlayırdı ki, hələ 1918-ci ilin əvvəllərində şəhərin azərbaycanlı əhalisinə qarşı qırğınların həyata keçiriləcəyi haqqında söhbətlər dolaşırdı. Şəhər əhalisinin müəyyən his­səsi üçün belə söhbətlər anlaşıqlı olmasa da, bir müddətdən sonra onun mümkün­lüyü aydın görünməyə başladı. 

S.Şaumyan, Avakyan, Korqanyan və digər bolşeviklər öz fəaliyyətlərini Bakıda genişləndirdikdən sonra şəhərdə vəziy­yət mürəkkəbləşməyə başladı. A.Kvasni­kin fikrincə, şəhər erməniləri isə əksinə, yaranmış vəziyyətdən sevindilər və onlar ümid edirdilər ki, Şaumyan kimilərinin rəhbərliyi altında onlar müsəlman əhalini sıxışdırmaqla Bakını və digər məntəqələ­ri nəzarət altına ala biləcəklər. Ona görə A.Kvasnik mart qırğınlarını Bakıda və di­gər məntəqələrdə yerli əhalini qırmaqla onların bütün əmlakının ələ keçirilməsi üçün ermənilərin müsəlmanlara qarşı tət­biq etdiyi qəsd kimi qiymətləndirirdi. Ba­kıya şəriksiz sahib olmaq istəyini, əslin­də, S.Şaumyan da gizlətmirdi. O bildirirdi ki, biz əlimizə düşən bəhanədən istifadə etdik və bütün cəbhəboyu hücuma baş­ladıq.

Martın 30-da axşamdan xeyli keç­miş bütün şəhər qaynar qazana çevrildi. Bakı Sovetinin silahlı dəstələri və ermə­ni silahlıları “İsmailiyyə”ni və İçərişəhəri mühasirəyə alaraq orada özlərini müda­fiə etməyə çalışan şəhər sakinlərini sus­durmağa başladılar. Bu dəstələrdən biri Dənizkənarı bulvar boyunca mövqelər tutub İçərişəhəri hədəfə aldı. Başqa bir çevik dəstə isə öz yerdəyişmələri ilə İçərişəhərdə mövqe tutmuş Azərbaycan qüvvələrinin diqqətini özünə cəlb etmək­lə “İsmailiyyə” və “Qoşa qala qapısı” yaxınlığında vuruşan qvardiyaçıların işi­ni yüngülləşdirdi. Burada isə “Metropol” mehmanxanasının (indiki Nizami adına Ədəbiyyat Muzeyinin) damında və onun­la “Qoşa “ala qapısı” arasındakı binanın damında ermənilərin pulemyotları qurul­muşdu. Bu pulemyotlar “İsmailiyyə” bina­sını və İçərişəhərdə olan atəş mövqeləri­ni hədəfə almışdılar.

Erməni-daşnak silahlıları ən aman­sız şəkildə şəhərin müsəlman əhalisini qırıb-çatmaqda davam edirdi. Onlar kim­səyə rəhm etmir, qaçan qoca və qadınları və uşaqları da güllələyirdilər. Bu adamlar məhəllə-məhəllə gəzib həm evləri, həm də idarələrin əşyalarını talan edir, qar­şılarına çıxanları süngüdən keçirirdilər. Erməni cəlladları, hətta bolşevik olan azərbaycanlılara da rəhm etmirdilər. Bil­dirirdilər ki, kimliyindən asılı olmayaraq, hansı əqidəyə və hansı partiyaya məx­sus olmasına baxmayaraq, azərbaycanlı olan məhv edilməlidir. Onlar İrandan gəl­miş fars tacirlərini də müsəlman olduğu üçün öldürürdülər. 

Bir neçə gün ərzində şəhərin azər­baycanlı hissəsini viranəyə çevirib əha­liyə sonsuz divan tutan erməni-daşnak dəstələrinə Stepan Lalayev, Xristofor Dildarov, Ambarum Melikov və s. cəllad­lar rəhbərlik edirdilər. Əllərinə düşmüş fürsətdən ifrat bolşevik və daşnak ünsür­ləri elə məharətlə istifadə etdilər ki, nail olduqları nəticələrə özləri də sevinclərini gizlədə bilmirdilər. S.Şaumyan fəxrlə bil­dirirdi ki, əldə olunmuş qələbə o qədər böyükdür ki, baş verənləri də kölgədə qoyur. 

Rusiya Xalq Komissarları Sovetinə göndərdiyi məktubunda isə S.Şaumyan erməni-daşnak qüvvələrinin Bakıda son­suz qırğın törətdiyinə öz münasibətini belə bildirirdi: “Daşnakların da 3 – 4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qır­ğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik”.

Bir neçə gün ərzində Bakıda min­lərlə azərbaycanlı öldürüldü. Onların dəqiq sayı barədə göstərilən rəqəmlər bir-birindən xeyli fərqlənir. Müxtəlif mən­bə və ədəbiyyatda onların sayı 10 min, 10 mindən çox, 10 minlərlə, 14 min, 15 min göstərilir. Bir araşdırmada isə mart hadisələrini təhqiq edən istintaq komis­siyasının materiallarına əsasən 11 min adamın öldürülməsi göstərilir. Müəllifin yazdığına görə, təkcə “Vulkan” cəmiyyə­tinin köhnə yanalma körpüsündə 6 min 748 müsəlman meyidi qalaqlanmışdı. Bundan əlavə, şəhər əhalisinin 400 mil­yon manatlıq daş-qaş əmlakı oğurlan­mışdı, xeyli sayda ictimai və şəxsi binalar dağıdılıb yandırılmışdı.

Həyata keçirilən bu qırğınlardan sonra S.Şaumyan və onun ətrafına top­laşmış erməni millətçilər Bakıda bolşe­vik-daşnak diktaturası qurmaqla şəriksiz hakimiyyətə sahib oldular. Bununla da bolşeviklər və daşnaklar tərəfindən qarşı­ya qoyulmuş ilkin vəzifə yerinə yetirilmiş oldu. Amma onlar bununla da kifayətlən­mirdilər və daha böyük iddialar irəli sü­rürdülər: Azərbaycanın milli qüvvələrini bütünlüklə məhv etmək və sonra da bol­şevik-daşnak hakimiyyətini bütün Azər­baycan ərazisinə yaymaq. 

Bakı qırğınlarından dərhal sonra hə­min iddiaların həyata keçirilməsi üçün əməli addımlar atıldı. Belə ki, əldə edil­miş münasib fürsətdən istifadə edərək bolşevik-daşnak silahlıları Şamaxıda 8 mindən çox azərbaycanlını qətlə yetir­dilər və Şamaxı əhalisinə 339,5 milyon manat ziyan vurdular. Quba qəzasında 16 mindən çox insan bolşevik-daşnak qırğınlarının qurbanı oldu. Bu kütləvi qır­ğınlar Qarabağda, Zəngəzurda, İrəvanda və Azərbaycanın digər qəzalarında da davam etdirildi. Bütünlükdə isə bu qırğın­ların gedişində 50 mindən artıq azərbay­canlı vəhşicəsinə qətlə yetirildilər.

Yalnız Azərbaycanın öz müstəqilliyini elan etməsi və qardaş Türkiyədən hər­bi köməyin gəlməsi Azərbaycan xalqını kütləvi qırğınlardan qurtardı. Ardınca isə Azərbaycanın milli hökuməti ölkənin əra­zi bütövlüyünü təmin etdi və şərqdə ilk demokratik dövlət quruculuğunun tarixi təcrübəsini yaratdı.

Mehman SÜLEYMANOV,
Milli Müdafiə Universiteti Hərbi-Elmi Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru

Qan yaddaşı