Macarıstanda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin toplantısında çıxış edən energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada reallaşan Dövlət Başçılarının Fövqəladə Zirvə Görüşünü xatırladaraq həmin toplantını türk dövlətləri arasında yüksək həmrəyliyin göstəricisi kimi qeyd edib. Natiq daha sonra dövlət başçılarının ortaq strateji baxışları, son dövrlərdə intensivləşən təmasları və çoxvektorlu əməkdaşlığın yol xəritəsini müəyyənləşdirən tarixi əhəmiyyətli səfərlərin münasibətlərin yeni səviyyəyə yüksəldilməsinə müsbət təsir göstərəcəyini bildirib.
Yeri gəlmişkən, hazırda türk dövlətlərinin mənəvi birliyinin siyasi-iqtisadi tərəfdaşlıq baxımından möhkəmləndirilməsinə xüsusi önəm verilir. Bu isə adıçəkilən təşkilata üzv və müşahidəçi ölkələrin Azərbaycanla əməkdaşlığında özünü qabarıq göstərir. Respublikamızla ticarət dövriyyəsinin ötən il 42,7 faiz artaraq 7,2 milyard dolları ötməsi, bu ölkələrin iqtisadiyyatımıza 14,3 milyard dollar, Azərbaycanın isə bu dövlətlərə 21 milyard dollardan çox investisiya qoyması da bunun bariz ifadəsidir. Enerji əməkdaşlığının inkişafının əhəmiyyəti isə ölkələrimizin rifahı və Avrasiyada enerji təhlükəsizliyi baxımından xüsusi önəm daşıyır.
TANAP və TAP istismara veriləndən indiyə kimi Türkiyəyə 20,9 milyard kubmetr, Avropaya isə 22 milyard kubmetr Azərbaycan qazının tədarük edilməsi də məhz həmin yanaşmanın məntiqi nəticəsidir. Xatırladaq ki, bu il 24,5 milyard kubmetr gözlənilən qaz ixracımızın 10,2 milyard kubmetrinin Türkiyəyə, 12 milyard kubmetrə yaxın həcmin isə Avropaya tədarükü nəzərdə tutulur.
Azərbaycanın Avropa İttifaqı ilə yenilənən strateji enerji tərəfdaşlığının isə Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyi layihələrinin genişləndirilməsi, Azərbaycanın “yaşıl enerji”nin tədarükçüsünə çevrilməsi ilə bərabər, türk dövlətləri arasında enerji əməkdaşlığına da yeni impuls verir. Ötən ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişin və cari ilin yanvarında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumunun imzalanması da Macarıstanın yeni mənbədən təbii qaz və elektrik enerjisi ilə təmin edilməsinə imkan verir.
Qeyd edək ki, Xəzəri Avropaya birləşdirən “yaşıl enerji” dəhlizi Azərbaycan üçün başlanğıc nöqtədirsə, Macarıstan son məntəqədir. Macarıstanın gələcəkdə bu dəhlizi yeni ölkələrlə genişləndirəcəyinə, “yaşıl enerji”nin tranzit qovşağı olacağına da böyük ümid bəslənilir.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin enerji nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında ölkəsinin bu ilin sonunadək Azərbaycan qazının idxalına başlayacağını və gələcəkdə ildə 1-2 milyard kubmetr qaz alacağının gözlənildiyini bildirib. P.Siyarto, eyni zamanda, bu qazın bir hissəsinin Türkiyədən keçəcəyinin nəzərdə tutulduğunu, bunun üçün türk tərəfdaşları ilə artıq konkret detallar üzrə danışıqlar aparıldığını söyləyib.
Bu məqamda xatırladaq ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Macarıstan,Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi dövlətlərdir.
Macarıstanda keçirilən Türk Dövlətləri Təşkilatının enerji nazirlərinin toplantısında səslənən bir fikir də diqqət çəkir. Bu, Bakı–Tblisi–Ceyhan kəməri ilə illik 1,5 milyon ton Qazaxıstan neftinin dünya bazarlarına nəqli, Özbəkistanla yeni layihələrə başlanılması, həmçinin Türkmənistanla enerji sahəsində üçtərəfli formatda əməkdaşlığa dair sənədin imzalanmasının da mühüm irəliləyişlər kimi qeyd edilməsi ilə bağlıdır. Türk dövlətlərinin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi prosesində iştirakı da böyük maraq doğurur.
Türkiyə üzərindən qaz tranziti, Cənub Qaz Dəhlizinin genişləndirilməsi çərçivəsində Trans Anadolu Boru Kəmərinin (TANAP) ötürücülük gücünün artırılması, SOCAR, BOTAŞ, həmçinin TPAO arasında karbohidrogen yataqlarının kəşfiyyatı və hasilat sahəsində yeni əməkdaşlıq imkanları, İğdır-Naxçıvan boru kəməri layihəsinin icrası və yaxın müddətdə həmin xəttin Türkiyədən keçən hissəsinin tikintisinə başlanılacağının nəzərdə tutulması ilə bağlı məsələlərin də müzakirəsi Türk Dövlətləri Təşkilatının bu prioritet sahəyə böyük əhəmiyyət verməsindən irəli gəlir.
Türk Dövlətləri Təşkilatı hazırda Naxçıvanda investorlarla həyata keçiriləcək böyük həcmli külək və günəş enerjisi layihələrinin reallaşdırılmasına mühüm önəm verir. Xatırladaq ki, mütəxəssislər tərəfindən bu enerjinin böyük bir qisminin Türkiyəyə ixracının, eləcə də bu ölkə vasitəsilə “yaşıl enerji”nin Avropaya tədarükü istiqamətində atılacaq addımların reallaşdırılması üçün müvafiq sənədin imzalanmasının vacibliyi bildirilir.
Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert
Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərlə genişlənən əlaqələri müvafiq strateji tərəfdaşlıq haqqında bəyannamələr əsasında həyata keçirilir. İkitərəfli kontekstdə möhkəmlənən bu əməkdaşlıq sonda vahid mərkəzdə birləşərək vahid gücə çevrilir. Bütün bunların təməlində isə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi təşəbbüsləri və qətiyyəti dayanır.
Təşkilatda təmsil olunan ölkələr arasında həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq əlaqələri qurulub. İndiyədək vaxtaşırı iqtisadi münasibətlər çərçivəsində bu birliyə üzv dövlətlərin müvafiq qurumlarının yüksək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes forum gerçəkləşdirilib. Bu görüşlər və biznes forumlarda quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələri təqdim olunub. O cümlədən, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qəbul edilən qərarlar müsbət nəticələrlə diqqət çəkib.
Bu, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin əməkdaşlıq münasibətlərinin getdikcə dərinləşməsini ifadə edən göstəricilərdən də aydın görünür. Belə ki, 2021-ci il üzrə Türk dövlətlərinin ÜDM-i 1 383 milyard ABŞ dolları, ticarət dövriyyəsi 855,7 milyard ABŞ dolları təşkil edir.
2022-ci ildə Türkiyə iqtisadiyyatı 5,6 faiz, Azərbaycan və Macarıstan iqtisadiyyatı 4,6 faiz, Türkmənistan iqtisadiyyatı 6,2 faiz, Özbəkistan iqtisadiyyatı 5,7 faiz, Qırğızıstan iqtisadiyyatı 7 faiz, Qazaxıstan iqtisadiyyatı isə 3,2 faiz böyüyüb.
Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 100,6 faizlə Türkiyədədir. Qardaş ölkənin dövlət büdcəsinin gəlirləri 147 122,2 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 34 350,4 milyon ABŞ dolları) və Azərbaycan (ticarət balansı 27 132,3 milyon ABŞ dolları) malikdir. 2022-ci il ərzində Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilir.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”