Xətai rayonundakı “Ana fəryadı” abidəsi yerləşən parkda abadlıq işləri yekunlaşıb

post-img

Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Xətai rayonunda yerləşən "Ana fəryadı" abidəsinin yerləşdiyi parkda abadlıq işləri yekunlaşıb.

Həmişə olduğu kimi, bu il də Xətai Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb.

AZƏRTAC xəbər verir ki, parkın ərazisinin yaşıl örtüyü yenilənib, abadlıq, təmizlik işləri görülüb, yeni güllər əkilib. Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşla üzlənmə, oturacaqların rənglənməsi, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılıb.

Xocalı prospekti boyu yerləşən binaların fasadları təmizlənib, səkilər yuyulub. Xocalı prospekti, Yusif Səfərov, Afiyəddin Cəlilov küçələrində gül və dekorativ gül kollarının əkilib. Eyvanlardan bayraqlar asılıb.

Gün ərzində “Ana fəryadı” abidəsini müxtəlif idarə və təşkilatların kollektivləri, o cümlədən müəllimlər, məktəblilər ziyarət edirlər. Abidənin önünə gül düzərək faciə qurbanlarının xatirəsini yad edirlər.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 197-nin taleyi indiyədək məlum deyil. Xocalının 5379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Qan yaddaşı