Heydər Əliyev uzaqgörən strateq və böyük diplomat idi

post-img

(əvvəli https://xalqqazeti.az/musahibe/127360-heyder-eliyev-omrunun-her-ili-bir-esre-beraberdir

https://xalqqazeti.az/musahibe/128278-heyder-eliyev-omrunun-her-ili-bir-esre-beraberdir)

İctimai-siyasi xadim, müxtəlif illər­də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında rəhbər vəzifələrdə çalışmış, YAP Veteranlar Şurasının üzvü Əli Həsənovla müsahibənin davamını təqdim edirik. 

– Əli müəllim, sizcə, Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq təkcə Mixail Qorbaçova lazım idimi? 

– Əlbəttə yox! Heydər Əliyevin haki­miyyətdən uzaqlaşdırılması daha çox erməni separatçılarına, Azərbaycana qarşı ərazi iddi­alarından əl çəkməyən “daşnaksütyun”çulara lazım idi və belə adamlar, qeyd etdiyim kimi, Qorbaçovun ətrafında yer almışdılar. Heydər Əliyev Azərbaycana qarşı hücumların qar­şısında dayanan çox böyük qüvvə, güc idi. Çünki onu beynəlxalq aləmdə tanıyırdılar, Kremldə böyük nüfuzu vardı. 

Heydər Əliyev çıxışlarının birində qeyd edir ki, “beş ildən artıq Moskvada işləyərkən oradan da Azərbaycana daha çox vəsait ayır­maqla, respublikamızın işlərini daha da irəli aparmaqla məşğul oldum”. 

Amma məsələ təkcə bunda deyildi. Qorbaçov SSRİ rəhbərliyinə gələn gündən Heydər Əliyevə qarşı ədalətsizcəsinə təzyiq etməyə başladı. Heydər Əliyev onun qısqanclığını başa düşürdü. Burada ikinci bir məsələ var idi, Heydər Əliyevin türk-müsəl­man respublikalarını və onların rəhbərlərini Qorbaçovun ədalətsiz hücumlardan qoru­ması, Kremlin yeni sahibinin xoşuna gəl­mirdi. Məsələn, Heydər Əliyev 1996-cı ildə Türkiyənin bir televiziya kanalına verdiyi müsahibədə buna aydınlıq gətirərək deyir: “1986-cı ildə ilk dəfə Qorbaçov Sovetlər Bir­liyinin tərkibindəki türkdilli respublikaların rəhbərlərini çıxarıb, onların yerinə rusları və başqa millətdən olan adamları təyin etməyə başladı. Mən ona anlatdım ki, belə etmək olmaz. Onunla bir neçə dəfə belə söhbətim oldu. Nəhayət, 1986-cı ilin dekabrında Qa­zaxıstanın rəhbəri Kunayevə qarşı ədalət­sizlik oldu. Kunayev qazax, türk idi və 22 il o respublikaya rəhbərlik etmişdi. Mən ona qarşı olan ədalətsizliyə etiraz etdim. Digər tərəfdən onun yerinə Qorbaçov özünə yaxın, milliyyətcə rus olan bir adam təyin etdi. Qor­baçova söylədim ki, belə etmək olmaz. Qa­zaxıstan böyük bir respublikadır. Kunayev qazaxdır, o 22 ildir ora rəhbərlik edir. Ondan əvvəl də respublikaya qazaxlar rəhbərlik ediblər. Amma indi Qazaxıstana başqa mil­lətdən olan adamı rəhbər göndərmək doğru deyil. O, mənə dedi ki, qazaxlar özləri bunu məndən rica ediblər. Ancaq yalan deyirdi...” 

Sonra da bilirsiniz Qazaxıstanda nələr baş verdi və Heydər Əliyevin haqlı olduğu üzə çıxdı. Buna baxmayaraq, Qazaxıstanda xalqa qarşı amansız tədbirlər həyata keçirib faciə törədəndən sonra Sov.İKP MK-da araş­dırma aparıb, “Qazaxıstan millətçiliyi” barə­də qərar qəbul etdilər. Heydər Əliyev buna da etirazını bildirdi. 

Və yaxıd başqa bir misal. Qorbaçov Ka­bardino – Balkar Muxtar Respublikasının rəhbəri, müsəlman Malbaxovu çıxarıb, Sibir­dən bir rusu gətirib rəhbər təyin etmək istəyir. Heydər Əliyev buna da öz etirazını bildirir. Heydər Əliyevin türk-müsəlman respublika­larını müdafiə etməsi, onlara görə Baş ka­tiblə mübahisə etməsi təbii ki, Qorbaçovun xoşuna gəlmirdi və onun planlarını pozurdu. Heydər Əliyev tədricən qorbaçovlaşan siya­si büroda arzuolunmaz şəxsə çevrilirdi. O, özü bunu belə ifadə edir: “Siyasi büroda mə­nim – bir türkün, müsəlmanın olması onlar üçün əlverişli deyildi”. Əlbəttə bu daha çox Qorbaçovun əlaltılarının, Heydər Əliyevi ha­kimiyyət səlahiyyətlərindən uzaqlaşdırmaq üçün dəridən-qabıqdan çıxan ermənilərin işinə yarayırdı. 

Yadınızdadırmı, 1982-ci ildə SSRİ-nin yeni rəhbəri Yuri Andropov Heydər Əliyevi Moskvaya dəvət edərkən ona nə deyir: “Mə­nim sənə ehtiyacım var, istəyirəm sən Mos­kvada işləyəsən. Azərbaycan sənin üçün dar oldu”. Heydər Əliyev Nazirlər Soveti Sədri­nin birinci müavini təyin olunandan dərhal sonra Andropovun şəxsi təşəbbüsü ilə SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin Operativ Məsələlər Komitəsinə rəhbərlik edir. Həmin illərdə Kremldə bu komitənin sözünün qarşı­sında ikinci söz deyilə bilməzdi. Komitənin fövqəladə səlahiyyətləri var idi. 

Əlbəttə, Qorbaçov hakimiyyətə gələn­dən sonra Heydər Əliyevi dərhal işdən çıxara bilməsə də, tədricən vəzifələrindən uzaqlaş­dırırdı. İş o yerə çatır ki, 1986-cı il iyulun sonunda Türkiyənin o zamankı Baş naziri Turqut Özal SSRİ-yə səfərə gəlir. Amma SSRİ Nazirlər Soveti Sədrinin birinci müa­vini Heydər Əliyev hətta protokol tədbirlə­rinə belə salınmır. SSRİ rəhbəri Qorbaçovun bədxah niyyətlərindən xəbərsiz olan Türkiyə tərəfi, elə Turqut Özal özü belə bundan çaş­baş qalır... 

Nəhayət, bütün bu ədalətsizliklərə tab gətirməyən Heydər Əliyev istefa verdi. Qor­baçov istədiyinə nail oldu. Amma bununla iş bitmədi. O, Heydər Əliyevin nə qədər böyük nüfuz sahibi olduğunu, hətta Rusiyada belə ona xalqın böyük rəğbət bəslədiyini bilirdi. Ona görə də Heydər Əliyevə qarşı çirkin kampaniyalara başladı. Heydər Əliyev son­ralar bunu ürək ağrısı ilə belə ifadə edirdi: “Qorbaçov hakimiyyətində mənə qarşı çox mənfi münasibət yarandı. Onlar məni bir millətçi kimi ittiham etmək istədilər. Hətta məni təqib etmək istədilər. Məni həbs etmək istədilər”. 

– Əli müəllim, Heydər Əliyev vəzifədən uzaqlaşdırılandan sonra niyə Qorbaçov ondan əl çəkmir, təqib və təzyiq altında saxlamağa çalışırdı? 

– Çünki Heydər Əliyevin varlığı Qor­baçovu rahat qoymurdu, onu istefada olan­da belə özünün ciddi rəqibi hesab edirdi. O, İttifaq respublikalarında, Rusiyanın özündə, elə Kremlin Qorbaçovdan narazı olan bir çox rəhbər şəxsləri arasında Heydər Əliyevə SSRİ-nin xilaskarı kimi ümid bəslədiklərini bilirdi. 

Sovet rejiminin ən böyük ədalətsizliyi bunda idi ki, ömrünü quruculuq və yara­dıcılıq işinə həsr etmiş bir siyasət adamını ləkələməyə qalxdılar. Ən acı olan isə bu idi ki, Azərbaycanda da vaxtı ilə Heydər Əliye­vin vəzifə verdiyi, yetişdirdiyi bəzi adamlar Qorbaçovun ona qarşı başladığı çirkin kam­paniyaya qoşuldular. Heydər Əliyev ürək ağ­rısı ilə bunu dilə gətirirdi və təəssüflə deyirdi: “1987-ci ildə istefa verdim və qalıb Moskvada yaşadım. 1988-ci ildə mənə qarşı kampaniya qaldırdılar ki, Heydər Əliyev Azərbaycanda bunu düzgün etməyib, onu düzgün etməyib, bu yanlış olub, o yanlış olub. Azərbaycandan da bəzi pis adamlar Qorbaçova qoşuldular, məni ləkələmək, hörmətdən salmaq istədilər. Mənim haqqımda qəzetlər yazdılar, cavab vermək istədim, imkan vermədilər”. 

Bütün bu ədalətsizliklər əks effekt verir­di və xalq Heydər Əliyevi daha çox sevməyə başlayırdı. Təbii ki, Heydər Əliyevdən sonra əli-ayağı tam açılan Qorbaçov ermənilərin planlarına “yaşıl işıq” yandırmağa başladı. 

Heydər Əliyevin istefasından çox keçmə­di ki, Azərbaycanın bəlaları başladı. Dağlıq Qarabağ problemini alovlandırmaq və sepa­ratçı qüvvələrin əlinə bəhanə vermək üçün şəxsən M.Qorbaçovun göstərişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi 26-28 fevral 1988-ci ildə Sumqayıt hadisələrini törətdi. Mən bütün bu hadisələrin şahidi olmuşam. Çünki Sumqayıt hadisələrindən sonra şəhə­rin bütün rəhbər vəzifəli şəxslərini uzaqlaş­dırdılar, bircə mən qaldım iş başında. Hadisə baş verəndən bir gün sonra əmanət kassası­nın rəhbəri yanıma gəlib dedi ki, Əli müəl­lim, keçən il – 1987-ci ilin sentyabr-oktyabr ayında bizdə hesabları olan bütün ermənilər əmanətlərini qəpiyinə qədər kassadan çıxa­rıblar. Soruşdum ki, sizdə hesabların özü qalırmı? Dedi, qalır. Tapşırdım ki, hamısını gətirsin. Təsəvvür edirsinizmi, 5 min erməni vətəndaşı Sumqayıt Mərkəzi Əmanət Kassa­sından pullarını axırıncı qəpiyinə kimi çıxar­mışdılar. Bu onu göstərirdi ki, onlar şəhərdə planlaşdırılan hadisələrdən qabaqcadan xə­bərdar ediliblər. 

Başqa bir fakt: Hadisə 26-sı başladı. 27-si səhər Almaniya TV-də hadisənin gö­rüntülərini və videoçəkilişini nümayiş etdir­dilər. Məəttəl qaldıq. Axtarış aparmağa baş­ladıq. Beşmərtəbəli binanın birinin damında kamera qoyulubmuş. Kameranın bərkidildiyi armatur ayaqlıqlar aşkar edib götürdük. Bila­vasitə ermənilər tərəfindən təşkil edilən ha­disələrdə öldürülən 32 nəfərdən 6-sı azərbay­canlı idi. Bu da onu göstərirdi ki, ermənilər səhvən azərbaycanlıları qətlə yetiriblər. Ha­disələrin əsas təşkilatçılarından olan erməni Qriqoryanın cibindən sxemlər çıxdı. Qeydlər vardı ki, hansı qrup və kim hara gedəcək, hansı mənzilə girəcək. 

Hadisələrdən dərhal sonra istintaq qrup­ları işə başladılar. Hamısı Moskvadan, SSRİ Prokurorluğundan gəlmişdilər. Bir nəfər də olsun azərbaycanlını yaxına buraxmadılar. Müstəntiqlərdən biri 2 ay məni dindirdi. Axırda əlimdə olan faktları gətirib qoydum stolun üstünə və dedim, bunlar onu göstərir ki, bu hadisələr əvvəlcədən planlaşdırılıb. Bütün bunları nəzərə alarıq, deyib sübutları da götürüb getdi və bir də Sumqayıtda görün­mədi. Onda başa düşdüm ki, bunu Qorbaço­vun göstərişi ilə Moskvanın xüsusi xidmət orqanları təşkil edib. 

Bu hadisədən sonra 1990-cı ilin qan­lı Yanvar faciəsi baş verdi. Heydər Əliyev Moskvada təqib olunsa da xalqının başına açılan bu amansızlığa dözməyərək meydana çıxdı və bütün dünyaya bəyan etdi ki, Bakı­ya Sovet Ordu hissələrinin yeridilməsi Azər­baycan xalqına qarşı təcavüzdür. İndi sual verirəm: Heydər Əliyev səviyyəsində hansı Azərbaycan siyasi və dövlət xadimi, təqib olunmasına baxmayaraq, bütün ailəsini ya­nına alıb, qırmızı imperiyanın baş şəhərinə gəlib dünya mətbuatı qarşısında SSRİ rəh­bərliyinə qarşı belə ittiham irəli sürə bilərdi? Görün özü bunu necə dilə gətirirdi: “1990-cı ildə Azərbaycana qarşı bir təcavüz edildi. Onda mən Moskvada idim. Mən ailəmlə bə­rabər Moskvada bu faciə ilə bağlı keçirilən mitinqə getdim. Orada Qorbaçovun, Kom­munist Partiyasının, Sovetlər Birliyinin əley­hinə çıxış etdim. Onları məhkum etdim ki, siz Azərbaycana qarşı ədalətsizlik, təcavüz etmi­siniz, insanlar şəhid olub, qan tökmüsünüz, siz cinayətkarsınız. Bundan sonra məni həbs etməyə çalışdılar...” 

Etiraf etmək lazımdır ki, həmin vaxt Qorbaçovun “bandası” Heydər Əliyevə qarşı qəsd də təşkil edə bilərdi. Bu istisna deyildi, amma Heydər Əliyevin nüfuzu qarşısında bu addımı atmağa cəsarət etmədilər. 

Bundan sonra SSRİ artıq dağılmağa başladı. Bunun fonunda Azərbaycana qarşı Ermənistanın elə Rusiyanın dəstəyi ilə təca­vüzü daha geniş xarakter aldı. Ermənistan­da yaşayan azərbaycanlılar kütləvi şəkildə amansızlıqla deportasiya edildilər. 1992-ci ilin fevralında Xocalı faciəsi törədildi. May ayında daxili qüvvələrin hakimiyyət kürsüsü uğrunda mübarizəsi nəticəsində bir-birinin ardınca Şuşa, Laçın, Kəlbəcər erməni-rus hərbçiləri tərəfindən işğal olundu. Yəni bü­tün bunlar Heydər Əliyevin Azərbaycanda, hakimiyyətdə olmadığı 6 il ərzində baş verdi. Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olsaydı, təbii ki, bu hadisələr heç vaxt baş verə bilməzdi... 

– Bir qədər gec də olsa, Heydər Əliyev Azərbaycana qayıtdı. Amma hələ haki­miyyətdə deyildi. O vaxt güman etmək olardımı Heydər Əliyev bir gün hakimiy­yətə qayıdacaq və Azərbaycanı xilas edə­cək?

– Bəli, belə düşünənlər, bunu arzulayan­lar var idi. Heydər Əliyev Moskvadan Bakı­ya gəlsə də ona burada yaşamağa nə imkan verdilər, nə də belə bir şərait var idi. Vaxtı ilə ona məxsus olan evi belə əlindən almışdılar. Amma doğmaları, Naxçıvan ona qucaq açdı. Çox keçmədi ki, Ali Sovetə seçkilər zamanı Heydər Əliyevin namizədliyini irəli sürüb onu deputat seçdilər. Sonra Naxçıvan Ali Sovetinin Sədri kimi muxtar respublikaya rəhbərlik etməyə, əslində Naxçıvanı erməni işğalından, region əhalisini aclıq və səfalət­dən xilas etməyə başladı. Azərbaycanda xalq gördü ki, Heydər Əliyev elə əvvəlki nadir, fenomenal lider olaraq qalıb və dünyada ona böyük rəğbət var. 

Heydər Əliyevin nüfuzunu və ona olan böyük hörməti göstərən maraqlı bir hadisə­ni açıqlamaq istərdim. RSFSR Ali Sovetinin sonuncu sədri Ruslan Xasbulatov Türkiyədə olarkən artıq Naxçıvanda Ali Sovetin sədri olan Heydər Əliyevin də orada olduğunu öy­rənir və onunla görüşmək istədiyini bildirir. Protokoldan olan rəsmilər ona deyirlər ki, diplomatik normalara görə muxtar respub­lika Parlamentinin rəhbəri onun qəbuluna gəlməlidir, RSFSR Ali Soveti sədrinin onun qəbuluna getməsi düzgün deyil. Amma Xas­bulatov protokolun işçilərini başa salır ki, Qafqazda yaşca kiçik olan böyüyə hörmətini bildirmək üçün onun qəbuluna gedir. Beləcə o, Heydər Əliyevin iqamətgahına gedir və burada onu çox hərarətlə qarşılayırlar. Bura­da Türkiyədən olan həmkarı öz çaşqınlığını bildirəndə, Xasbulatov cavab verir ki, onların kəşfiyyatı yaxşı işləmir: “Heydər Əliyevin o qədər güclü potensialı var ki, tezliklə o, döv­lət başçısı olacaq”. 

– Çox keçmədi ki, həqiqətən belə oldu və Heydər Əliyev xalqın tələbi ilə hakimiy­yətə gəldi. Amma ona keçmiş hakimiyyət­lərdən çox ağır və təhlükəli miras qalmış­dı. Heydər Əliyev bunların öhdəsindən necə gəldi? Ümumiyyətlə, o dövrü qısaca necə səciyyələndirərdiniz? 

– Heydər Əliyev böyük strateq idi, çox üstün keyfiyyətlətə malik idi – qarşılaşdığı siyasətçilərin bir çox gedişlərini, onların qə­bul edəcəyi qərarları qabaqcadan hesablama­ğı bacarırdı. Heydər Əliyev hələ sovet kəş­fiyyatının peşəkar zabiti kimi bu keyfiyyətə yiyələnmişdi. Bu bacarıqlar da ona 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi alo­vunu söndürməyə kömək etdi. Hətta rəqibləri belə ona hörmətlə yanaşırdılar. Heydər Əli­yevdən kim danışırsa, bu siyasətçinin əsas tərifi bir söz olur – müdriklik. 

Rusiya xarici işlər nazirinin keçmiş müavini, Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin bu yaxınlarda mətbuata verdiyi müsahibəsin­də vurğulayır ki, o, Heydər Əliyevi tarixin– sovet və postsovet dövrünün ən görkəmli siyasətçisi hesab edir: “Heydər Əliyeviçlə görüşlərimdən ən parlaq təəssüratlarım var. O, çox çətin dövr üçün lazım olan siyasi li­derə xas, çox zəruri keyfiyyətlərə malik, hey­rətamiz dərəcədə çevik, bacarıqlı, müdrik və ağıllı bir insan idi. Müasir Azərbaycanın for­malaşmasında onun rolu inanılmaz dərəcədə böyükdür. Ölkənin inkişafının əsasını qoydu. Məsələn, 30 illik fasilədən sonra Azərbayca­na ilk dəfə gələnlər ölkənin nəhəng tərəqqi­sinə heyran qalacaqlar. Ölkədə müəyyən problemlər var, lakin Heydər Əliyeviçin adı onun vətəndaşları üçün bu problemləri həll etməkdə stimul rolunu oynayır”. 

Heydər Əliyev nəhəng sovet dövlətinin rəhbərlərindən biri kimi böyük diplomatik və praktik təcrübəyə malik idi. Müstəqil Azər­baycan dövlətinin başçısı postuna gələndə bu təcrübə ona ABŞ, Avropa və Asiya ölkələri­nin rəhbərləri ilə bərabər səviyyədə ünsiyyət qurmağa və yeni yaradılan əlaqələrdən ölkə­sinin xeyrinə istifadə etməyə imkan verdi. 

Heydər Əliyev xaos və anarxiya içində olan Azərbaycanda qısa bir zamanda balans­laşdırılmış xarici siyasət xəttini formalaşdırıb həyata keçirməyə başladı. Bilavasitə onun incə siyasəti və beynəlxalq aləmdəki nüfuzu sayəsində Azərbaycan üçün əlverişli şərtlərlə “Əsrin müqaviləsi” neft kontraktı imzalandı. Burada da bir məsələni xüsusi vurğulamaq lazımdır ki, müqavilənin uğurunu təmin edən ikinci əsas amil danışıqların Heydər Əliyevin özü kimi inandığı gənc siyasətçi İlham Əliyev tərəfindən aparılması oldu. Danışıqlar uzun və çətin keçdi. Azərbaycanın neft siyasəti­ni dəyişmək üçün Bakıya təzyiq göstərmək məqsədilə kənardan ruhlandırılan bir neçə si­lahlı üsyan cəhdlərilə vəziyyəti daha da gər­ginləşdirdilər. Lakin belə təzyiqlərlə Heydər Əliyevin iradəsinə və qətiyyətinə üstün gəlib vətəninin mənafeyinin əksinə getməyə sövq etmək mümkün deyildi və olmadı da. Yəqin xatırlayırsınız, Heydər Əliyev, müqaviləni imzalayarkən sevincini gizlədə bilmirdi, çün­ki özünün söylədiyi kimi, gələcək nəsillərin tarixi hadisəni yüksək qiymətləndirəcəyinə əmin idi. 

“Əsrin müqaviləsi”nin bağlanması Azər­baycan üçün birbaşa iqtisadi səmərə ilə məh­dudlaşmır. Heydər Əliyevin uzaqgörənliyi sayəsində multiplikativ effekt əldə edildi: “Əsrin müqaviləsi”ndə dünyanın səkkiz ölkə­sindən 13 şirkət iştirak edirdi. Qısa bir zaman kəsiyində ölkənin dünyadakı geosiyasi statu­su kəskin şəkildə yüksəldi, xalqın sosial rifa­hının əsası qoyuldu, respublikanın neft-ma­şınqayırma və neft-kimya sənayesinə güclü təkan verildi. İqtisadiyyata milyardlarla dol­lar axın Azərbaycanın bazar iqtisadiyyatına keçidində ortaya çıxa biləcək problemləri ön­lədi və əldə edilən gəlirlər sənayenin bir çox sahələrində yeni texnologiyaların tətbiqinə imkan verdi. Məhz Heydər Əliyevin dövrün­də Bakının yenidən qurulması işlərinə başla­nıldı. Paytaxtın yenidən qurulması işi artıq onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildi. İndi gördüyümüz Bakını 20 il əvvəlki Bakı ilə müqayisə etmək belə mümkün deyil. 

Sovet hakimiyyətinin yetişdirdiyi bir çox nəhəng siyasətçilərdən fərqli olaraq, Heydər Əliyev dəyişdi, yeni şəraitə daha çe­vik uyğunlaşdı. Çünki zaman başqa zaman idi, tələblər dəyişmişdi və Azərbaycan artıq müstəqil ölkə kimi yalnız özünə arxalana bilərdi. Hamının sosialist təsərrüfatı sistemi­nin ustası kimi qəbul etdiyi Heydər Əliyev sahibkarlıq, mülkiyyətçilik üzərində qurulan bizneslə, müasir dövrün iş adamları ilə çox asanlıqla əməkdaşlıq etməyə başladı. 

Heydər Əliyev 75-80 yaşında belə ona “sədaqətli olan” kompüter yaddaşı ilə həm­söhbətlərini təəccübləndirərək hamı ilə ortaq dil tapmağı çox asan bacarırdı. Diqqət etmisi­nizsə, 1960-cı illərdə respublikaya rəhbərlik etmiş böyük siyasətçi XXI əsrdə “hakimiy­yətin acı dadı var” deyə, zamanın ruhunu hiss edirdi. Yüksək siyasi eşalonlarda, kuluarlar­da görmədiyi qalmayan Heydər Əliyevn hə­yat təcrübəsi ona başqalarından bir az daha uzağı görməyə imkan verirdi. 

Heydər Əliyevin miqyasa gəlməyən döv­lətçilik xidməti, hakimiyyətə gəldikdən sonra Azərbaycanda daxili siyasi sabitliyə nail ol­ması ilə məhdudlaşmır. O, həm də ölkənin iqtisadi müstəqilliyinin əsasını qoymuşdur. Ölkədə istehsalın bərpası, maliyyə vəziyyə­tinin yaxşılaşdırılması, investisiyaların cəlb edilməsi üçün antiböhran proqramının işlən­məsi, milli ordunun yaradılması və ən əsası yeni Konstitusiyanın hazırlanması təşəbbüsü ilə çıxış edib, qısa vaxtda onun referendum yolu ilə qəbul edilməsinə nail olub. Görün Heydər Əliyev Konstitusiya ilə bağlı nə deyir: “Biz elə bir Konstitusiya hazırlayıb qəbul etməliyik ki, o, Azərbaycanın uzun müddət demokratik prinsiplər əsasında sabit mövcudluğunu təmin edən tarixi sənədə, əsas qanuna çevrilsin”. 

– Əli müəllim, yəqin həmin illərin xatirələrindən danışa biləcəyiniz çox ha­disələr və görüşlər var. O xatirələrdən bi­rini oxucularımızla bölüşə bilərsinizmi? 

– Niyə də yox! 1995-ci ildə keçirilən par­lament seçkiləri vaxtı Heydər Əliyev məni qəbul etdi. O zaman “Azərkimya” şirkətin­də vitse-prezident vəzifəsində çalışırdım. Sumqayıtda bir dairədə təkrar seçkilər keçi­rilməli idi. Mən həmin dairədən Milli Məc­lisə namizədliyimi irəli sürmək istəyirdim və bunu YAP-da razılaşdırmaq lazım idi. Əsas rəqibim də radikal müxalifətin rəhbərlərin­dən biri idi. 

Ulu öndər namizədliyimi verməmişdən əvvəl məni qəbul etdi və 2 saata yaxın söhbəti­miz oldu.1969-cu ildən 1996-cı ilin fevralına qədər Sumqayıtda nələr baş verib, nələr olub, kimlər vəzifələrdə olub, hamısını məndən so­ruşdu. Bütün iri müəssisələrin rəhbərlərini də əzbər bilir və bir-bir soruşurdu. Sonra mənə qayıtdı ki, “Axı mən səni Sumqayıtda partiya komitəsinin katibi qoymuşdum, niyə sonra yenə icraiyyə komitəsinə geri qayıtmısan?” Vəziyyəti açıqladım. Bir qədər söhbətdən sonra dedi: “Mənə dedilər, sən Sumqayıtdan namizədliyini vermək istəyirsən, ordan seçilə biləcəksənmi?” Dedim: “Cənab Prezident, buna şübhəniz olmasın. Həmin dairə 3 mik­rorayondan ibarətdir. Bir tərəfdən oradakı ev­ləri tikmişəm, bir tərəfdən də paylamışam. O mikrorayonda 30 min vətəndaşa mənzil ver­mişəm. Sizin vaxtınızda başqa cür işləmək mümkün deyildi. Ona görə də birinin bir stəkan çayını içməmişəm”. Dedi: “Bəs indiki insanlara niyə demirsiniz ki, bizim vaxtımız­da necə işləmisiniz?” Cavab verdim: “Niyə demirik? Deyirik, insanlar, sadə vətəndaşlar bunu özləri deyirlər”. Söhbətimizin sonunda dedi: “Razılıq verirəm, get ərizəni ver işdən çıx, namizədliyini ver”. 

– Necə oldu ki, Heydər Əliyev sizi, eko­logiya komitəsi ilə yanaşı, ölkədə ən ağır sahə olan qaçqınlar və məcburi köçkünlər­lə işləyən komitəyə sədr təyin etdi? 

– 1999-cu ildə Azərbaycana neft gəlir­ləri daxil olmağa başlayanda Heydər Əliyev məcburi köçkünlərin sosial inkişaf fondunu yaratdı. Bir il Milli Məclisin deputatı kimi fəaliyyət göstərəndən sonra məni ekologi­ya komitəsinin sədri vəzifəsinə təyin etdi. Amma deputat səlahiyyətlərim də qalırdı. Bundan bir il sonra –1998-ci il noyabrın 18-də Heydər Əliyevin dəvətilə onun qə­bulunda oldum. Dedi: “Əli, bilirsən səni niyə dəvət etmişəm?” Dedim: “Yox, cənab Prezident”. Dedi: “İstəyirəm səni Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinə rəhbər göndərim. Biz bütün dünyada biabır oluruq. Yardımlar hamısı bazarlarda, mağazalarda satılır. Köçkünlər yardımların heç 20 faizini ala bilmirlər. Bu rüsvayçılıqdır, çadırlarda, vaqonlarda yaşayan məcburi köçkünün pa­yını necə mənimsəmək olar?! Bu vicdansız­lıqdır. Beş ildə bu komitəyə 5 rəhbər təyin etmişəm, heç biri etimadı doğrultmayıb. Mən deyə bilmərəm onlar işləyə bilmirlər. Sadəcə onlar bu köçkün və qaçqınları başa düşə bil­mirlər. Amma öyrənmişəm, bilirəm ki, sənin 11 ailə üzvündən 9-u qaçqındır. Elə bilirəm, sən bunların düşdüyü vəziyyəti başa düşər­sən. Öhdəsindən gələ bilərsənmi?” Dedim: “Cənab Prezident, əgər siz bu vəzifəni mənə etibar edirsinizsə, mən bütün varlığımla ça­lışacağam ki, bu etimadı doğruldum. Sizin tapşırığınız mənim üçün qanundur”. 

Dedi: “İnanıram sənə. Ona görə də sənə başqa bir səlahiyyət də verirəm ki, sən bu ko­mitəni düşdüyü bataqlıqdan çıxara biləsən. Səni Qaçqınlar və Məcburi Köçkünlər Ko­mitəsinin sədri vəzifəsilə yanaşı, həm də Baş nazirin müavini təyin edirəm. Eyni zamanda, Ekologiya Komitəsinin sədri vəzifəsində də qalırsan”. 

Heydər Əliyevin eyni vaxtda məni Baş nazirin müavini təyin etməsinin nə qədər uzaqgörən bir addım olduğunu mən iş prose­sində dərk etməyə başladım. Əgər bu vəzifə mənə verilməsəydi, mən komitə sədri vəzifə­sində onun verdiyi tapşırıqları icra edə bil­məzdim. Ulu öndər bütün bunları ölçüb-biçib qərar vermişdi və bu da onun idarəçilikdə fe­nomenal qabiliyyətini göstərən amil idi. 

İndi yadıma düşür ki, mənimlə işğalda olan torpaqlar, qaçqınlar və məcburi köç­künlər barədə çox kövrək söhbətləri olurdu. Həmişə deyirdi ki, “İnsanın yurdundan, yu­vasından didərgin düşməsi ağır dərddir. Bircə torpaqlarımızı işğaldan azad edib bu insanları öz doğma yurdlarına qaytara bilsək, tariximi­zin ən mühüm qələbəsinə imza atmış olarıq”. Şuşanın erməni işğalında olması ilə isə heç barışa bilmirdi. 

İllər keçdi. Ulu öndər bunu görməsə də onun bu arzularını varisi, strateji siyasəti­nin və dövlət idarəçilik yolunun davamçısı Prezident İlham Əliyev gerçəyə çevirdi. Hər dəfə cənab Prezidentimizin Şuşanın azad edilməsindən sonra atasının məzarını ziyarət edib söylədiyi: “Mən xoşbəxt adamam ki, atamın arzusunu yerinə yetirdim, Şuşanı azad etdim” sözlərini eşidəndə kövrəlməyə və if­tixar hissi keçirməyə bilmirəm. Bəli, Heydər Əliyev kimi nəhəng bir insanın Prezident İlham Əliyev kimi də dəyanətli, ləyaqətli və cəngavər oğlu olmalı idi. 

– Əli müəllim, maraqlı söhbətə görə çox sağ olun! 

 

Söhbəti qələmə aldı:
İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”

Müsahibə