“Heydər Əliyev ili”ndə qeyd olunan dövlət bayramımız olan respublika günü daha əlamətdardır və xüsusi məna kəsb edir.
Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 15 oktyabr 2021-ci il tarixdə Milli Məclisin qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanunun preambulasında belə bir ifadə yer almışdır: “...dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir”.
Məlum olduğu kimi, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalayaraq Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdir. Lakin cəmi 23 aydan sonra Azərbaycan Demokratik Respublikası süqut etmişdir. 1991-ci il oktyabrın 18-də isə "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmiz dövlət müstəqilliyini bərpa edərək Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni bir dövrünə qədəm qoymuşdur. Beləliklə, XX əsr Azərbaycanın dövlət müstəqilliyinin həm elan olunması, həm də bərpa edilməsi ilə əlamətdar olmuşdur.
Hələ zamanında dövlət müstəqilliyini xalqımızın ən böyük tarixi nailiyyəti adlandıran ulu öndər Heydər Əliyev Azərbaycan Demokratik Respublikasının yarandığı günü məhz müstəqillik günü kimi dəyərləndirmiş və bunu obyektiv yanaşmalarla əsaslandırmışdı. Onun 1999-cu ildə 28 May-Respublika Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciətdə deyilir: “...1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı”. Bu baxımdan 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə – Müstəqilliyin Bərpası Günü adı ilə bayram kimi qeyd olunması barədə qərarın qəbul edilməsi məntiqi nəticədir.
Xalqımızın gerçək müstəqilliyə gedən yolu çox keşməkeşli və ağır proseslərlə müşayiət olunmuşdur. Belə ki, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunmasına baxmayaraq ilkin mərhələdə Ermənistanın təcavüzü və hakimiyyət uğrunda daxili çəkişmələr çox keçmədən Azərbaycanı əldə edilmiş tarixi nailiyyətin yenidən itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Səriştəsiz və xəyanətkar AXC-Müsavat cütlüyünün antimilli mövqeyinin nəticəsi olaraq Qarabağ torpaqlarının işğalı, separatizm meyilləri, iqtisadi və sosial tənəzzül, yüz minlərlə məcburi köçkün və qaçqının həllini tapmayan ağır problemləri ilə müşaiyət olunan proseslər sonda ölkəni vətəndaş müharibəsinə sürüklədi. Ona görə də hakimiyyətə inamını tamamilə itirmiş xalq nicat yolunu yalnız Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü.
Əsl həqiqət ondan ibarətdir ki, Heydər Əliyev Sovet Azərbaycanına rəhbərlik etdiyi birinci dönəmdə (1969-1982-ci illər) qurucu lider kimi xalqın böyük rəğbətini qazanmışdı. Çünki 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan məhz Heydər Əliyevin fədakarlığı sayəsində həmin tarixdən sonra elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilmişdi. Respublikanın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması, azərbaycançılıq ideologiyasının formalaşması istiqamətində atılan addımlar, peşəkar hərbçilərin hazırlanması işinə xüsusi diqqət yetirilməsi və bir çox digər məsələlər Heydər Əliyevin milli azadlıq ideyasına söykənirdi. Bu baxımdan inamla demək olar ki, həmin dövr, eyni zamanda, milli özünüdərkin möhkəmlənməsi mərhələsidir. Təsadüfi deyil ki, o zaman İttifaq miqyasında iqtisadi cəhətdən özünü tam təmin edə bilən iki respublikadan biri məhz Azərbaycan olmuşdur ki, bu da heç kimdən asılı olmadan müstəqil yaşamaq imkanı deməkdir. Sonralar həmin dövrdə həyata keçirilmiş tədbirlərdən danışan ulu öndər Heydər Əliyevdemişdir: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”.
Heydər Əliyev 1987-ci ildə SSRİ-nin ali hakimiyyət orqanlarında tutduğu yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra ona qarşı bu ədalətsiz münasibətdən məyus olmuş Azərbaycan xalqının Sovetlər Birliyinə inamı sarsıldı və məhz bu hadisə onun müstəqillik məfkurəsinin formalaşmasına ən güclü təkan oldu. Eyni zamanda, xalq azadlıq hərəkatı və 1990-cı ilin qanlı yanvar hadisələri də müstəqillik düşüncələrinə yol açan amillərdən olmuşdur.
Mərkəzin və yerli hakimiyyətin təqiblərindən qorunaraq 1990-cı il iyulunda gizli yollarla Bakıya gələn və iki gündən sonra Naxçıvanın harayına yetişən Heydər Əliyev həmin il noyabrın 17-də Muxtar Respublikanın Ali Məclisinin Sədri seçildi. Ulu öndər siyasi fəaliyyətini orada davam etdirməyə, faktiki olaraq blokada vəziyyətinə düşmüş Naxçıvanın ağır problemləri ilə məşğul olmağa başladı. O, hələ müstəqilliyin rəsmi bəyan olunmadığı bir vaxtda üçrəngli bayrağımızı qaldıraraq Naxçıvanda sovet rejiminın sonuna çıxmaqla müstəqilliyimizin bərpasına gedən yolun təməlini qoymuş oldu. Prezident İlham Əliyev mayın 10-da Heydər Əliyevin 100 illiyi münasibətilə Şuşadan xalqa tarixi müraciətində bu həqiqəti bir daha vurğulamışdır: “Müstəqilliyə gedən yol da məhz Naxçıvandan başlamışdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilmişdir”.
Zaman da göstərdi ki, əgər o zaman xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev amili olmasaydı, Azərbaycan bir dövlət olaraq ümumiyyətlə dünya xəritəsindən silinə bilərdi. Ulu öndərin söylədiyi “Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir” kimi tarixi həqiqət XX əsr ölkə tarixinin məhz bu reallıqlarına söykənir. Heydər Əliyevin güclü siyasi iradəsi və əzmi sayəsində və dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dönməzliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasi kurs nəticəsində xalqımız bu dəfə müstəqillik şansından davamlı olaraq bəhrələnə bildi. Prezident İlham Əliyev Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı naminə göstərdiyi fəaliyyətə siyasi qiymət verərkən demişdir: ”1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər uğurlu inkişaf yolu ilə gedir... Məhz o illərdə Heydər Əliyevin rəhbərliyi altında bizim inkişafımızla bağlı strateji seçimlər edilmişdir ki, Azərbaycan müasir, demokratik ölkə kimi inkişaf etsin”.
Heydər Əliyev ideyalarının ən etibarlı və sədaqətli davamçısı olan cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən islahatçı lider kimi ölkənin yeni inkişaf konsepsiyasını ortaya qoydu. Müstəqil ölkə olaraq Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutması, söz sahibi olması, daim artan nüfuzu məhz onun yorulmaz fəaliyyətinin nəticəsidir. Müstəqilliyimizin bu tarixi mərhələsində ölkəmiz yeni nəsil dövlət modelini dünyaya təqdim etməkdədir. İndi Cənubi Qafqazın lider dövləti olan Azərbaycan beynəlxalq səviyyədə vacib aktor rolunu oynayır, mütərəqqi təşəbbüslərlə çıxış edir. Ölkəmiz 120 dövlətin birləşdiyi Qoşulmama Hərəkatına sədrlik edir, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində nüfuzlu mövqe sahibidir. Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi tolerant məkana çevrilmişdir. Bütün sahələr üzrə həyata keçirilən və ilk növbədə insan amilinə söykənən tarixi islahatlar və genişmiqyaslı dövlət proqramları müstəqilliyimizin əsaslarını möhkəmləndirən amil kimi ölkəmizin dinamik inkişafını hədəfləyir.
Otuz il ərzində Ermənistanın zəbt etdiyi Qarabağ torpaqları 2020-ci ilin sonlarında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edildi və “Xalq-Prezident-Ordu” birliyinin təcəssümü olan 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız böyük tarixi Qələbə sayəsində dövlət müstəqilliyinin ən vacib elementlərindən biri olan ərazi bütövlüyümüz bərpa olundu. Beləliklə, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini, onun ən ümdə vəsiyyətinə ləyaqətlə əməl edən cənab İlham Əliyev isə ölkənin ərazi bütövlüyünü təmin etdi.
Şübhə yoxdur ki, yeni reallıqlar, ilk növbədə, məhz Azərbaycanın müstəqil dövlət kimi dünya miqyasında daha güclü mövqe əldə etməsi üçün real zəmin yaradır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqa müraciətində söylədiyi kimi: “Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Bu gün biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq”.
Əli HÜSEYNLİ,
Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri