Azərbaycan – Vyetnam əlaqələri: Yarım əsrlik dostluqdan strateji tərəfdaşlığa

post-img

Avropanın enerji xəritəsini dəyişən Azərbaycan əməkdaşlıq coğrafiyasını genişləndirərək Asiya ölkələri ilə də əlaqələrin qurulmasına, inkişafına xüsusi önəm verir. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri qeyd olunan fikrin daha bir təsdiqidir. Bu məqamda onu qeyd edək ki, Azərbaycan və Vyetnamı yarım əsrdən çox dostluq əlaqələri birləşdirir. 

Prezident İlham Əliyevin “Vietnam News Agency” agentliyinə verdiyi müsahibəsində vurğuladığı kimi, ölkələrimiz arasında dost münasibətlərinin qurulmasında Ulu öndər Heydər Əliyevin böyük xidmətləri var. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycana səfəri və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Ümummilli lider Heydər Əliyevin 1983-cü ildə Vyetnamda mühum görüşləri ölkələrimiz arasında əməkdaşlığın inkişafını şərtləndirdi. 

Müstəqilllik dövründə də iki ölkə arasında əlaqələr dərinləşdi. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın ölkəmizə gəlişi dövlətlərimiz arasında münasibətlərdə yeni səhifə oldu və gələcək inkişafa güclü təkan verdi. 

Sevindirici haldır ki, ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir, qarşılıqlı hörmət və ehtirama əsaslanan siyasət yürüdur. Azərbaycan – Vyetnam arasında iqtisadi əlaqələr də uğurla inkişaf edir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub ki, bu göstəricini gələcəkdə də artırmaq üçün ciddi potensial mövcuddur. Bundan başqa qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə yaradılmış Azərbaycan – Vyetnam Hökumətlərarası Komissiyası dialoq və birgə təşəbbüslərin reallaşdırılmasında mühüm platformaya çevrilib. Bunun ardınca siyasi, diplomatik, energetika, müdafiə, ticarət və digər sahələrdə uğurlu nəticələr əldə olunub. 

Baş katib To Lamın Azərbaycana səfəri çərçivəsində tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın imzalanması iki ölkə münasibətlərinin tarixində yeni dövrün başlanğıcı oldu. Cənab Baş katibin əminliklə söylədiyi kimi, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq. Birgə Bəyantda partiya, dövlət, parlament kimi bütün səviyyələrdə əlaqələri və təmasları, hökumətlərarası komissiya vasitəsilə iqtisadi əməkdaşlığı fəallaşdırmaq kimi mühum məqamlar öz əksini tapıb. 

Bundan savayı, Birgə Bəyanatda müdafiə, təhlükəsizlik, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə, habelə mədəniyyət, idman və turizm, təhsil, sahələrində münasibətlərimizi inkişaf etdirmək nəzərdə tutulub ki, bu da əməkdaşlığı genişləndirmək üçün çox böyük imkanlar açır. 

Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın çox ciddi siyasi sənəd olduğunu vurğulayan ölkəmizin başçısı onun əlaqələrin daha yüksək pilləyə yüksələcəyinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib. 

Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsi də dinamik inkişaf edir. 2024-cü ilin göstəricilərinə əsasən, iki ölkə arasında əmtəə dövriyyəsi 223,93 milyon ABŞ dolları təşkil edib. Bu, əvvəlki illərlə müqayisədə ciddi artım deməkdir. Əsas ticarət sahələrinə neft-kimya məhsulları, kənd təsərrüfatı malları və sənaye avadanlıqları daxildir. Eyni zamanda, hər iki ölkə qarşılıqlı investisiyalar üçün hüquqi baza və biznes mühiti yaratmaq istiqamətində addımlar atır. Bu sahədə Azərbaycan – Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti xüsusilə önəmli rol oynayır. 

Komissiya çərçivəsində keçirilən görüşlərdə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarətin şaxələndirilməsi və nəqliyyat – logistika imkanlarının inkişafı kimi vacib məsələlər gündəmdədir. Hər iki ölkə beynəlxalq ticarət dəhlizlərində iştirakı gücləndirməkdə maraqlıdır. 

Enerji sahəsində zəngin təcrübəyə malik olan Azərbaycan son illərdə həm də “yaşıl” enerji mənbələrinin inkişafına strateji yanaşma nümayiş etdirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz 2030-cu ilə qədər bərpa olunan enerji istehsalının ümumi enerji balansında əhəmiyyətli yer tutmasına nail olmağı qarşıya məqsəd qoyub. Bu kontekstdə Vyetnamla əməkdaşlıq geniş imkanlar vəd edir. 

Vyetnam da öz növbəsində, Cənub-Şərqi Asiyada alternativ enerji potensialına malik ölkə kimi tanınır. Hər iki ölkə günəş, külək və biokütlə enerjisi sahəsində təcrübə mübadiləsi aparmağa, texnoloji biliklərini bölüşməyə və birgə investisiya layihələrini həyata keçirməyə maraqlıdır. 

Beləliklə, Vyetnam liderinin ölkəmizə səfəri iki ölkə əlaqələrinə yeni məzmun qataraq münasibətləri daha arzulanan pilləyə qaldırdı. 

Şübhəsiz ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu yüksək səviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. 

Xumar Məmmədova,  
Naxçıvan MR Ali Məclisinin deputatı, 
Naxçıvan Dövlət Universitetinin dosenti 



Siyasət