Mayın 31-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2023-cü ilin yaz sessiyasında son iclası keçirildi. Parlamentin sədri iclasda 14 məsələnin müzakirə olunacağını bildirdi. O qeyd etdi ki, gündəliyin birinci məsələsi – birinci oxunuşda müzakirəyə təqdim edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Qanununun layihəsidir.
Qanun layihəsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verdi. O, qeyd etdi ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat” “Büdcə sistemi haqqında” Qanunla müəyyən edilmiş müddətdə və formada Milli Məclisə təqdim edilib.
Komitə sədri bildirdi ki, 2022-ci ilin dövlət büdcəsi ölkə Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət və təhlükəsizlik tədbirləri ilə uzlaşdırılaraq, qlobal iqtisadiyyatda gedən proseslərin, regionda baş verən hadisələrin, müdafiə və təhlükəsizlik çağırışlarının, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunub.
T. Mirkişili diqqətə çatırdı ki, 2022-ci il Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixində Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsi və işğalçı Ermənistan üzərində qazanılan hərbi-siyasi-iqtisadi Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığı bir il kimi qalacaq. Məhz bu ildə ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsilə Böyük Qayıdışa start verilib, Zəngilan Beynəlxalq Hava Limanı açılıb, Laçın şəhəri nəzarətimizə keçib, Laçın koridorunun marşrutu dəyişdirilib, Qarabağ və Şərqi Zəngəzurda yol, enerji, su və digər layihələrin həyata keçirilməsi davam etdirilib. Qeyd edilib ki, bu işlərin aparılması üçün hesabat ilində dövlət büdcəsindən 4,3 milyard manat vəsait xərclənib.
Komitə sədri dedi ki, Azərbaycanda 2022-ci ildə iqtisadiyyatın real artımı gözlənilən 3,5 faiz proqnoza qarşı 4,6 faiz olub, ümumi daxili məhsulun həcmi isə ilk dəfə ən yüksək həddə – 133,8 milyard manata çatıb. Qeyri-neft-qaz sektorunda artım 9,3 faiz olaraq 69,8 milyard manat təşkil edib. 2021-ci ilin göstəriciləri ilə müqayisədə artan 40,6 milyard manatlıq ümumi daxili məhsulun 69,5 faizi neft-qaz sektorunun, 30,5 faizi isə qeyri-neft-qaz sektorunun hesabına formalaşıb. İl ərzində neft-qaz qiymətlərində əvvəlki illə müqayisədə əhəmiyyətli artımın müşahidə olunması ÜDM-in strukturunda neft-qaz və qeyri-neft-qaz sektorlarının xüsusi çəkilərinin dəyişməsi ilə nəticələnib. Belə ki, neft-qaz sektorunun ÜDM-də payı 47,8 faiz, qeyri-neft-qaz sektorunun payı isə 52,2 faiz təşkil edib. Həmçinin ötən il dünyada müşahidə olunan mürəkkəb proseslər fonunda Azərbaycanda görülən tədbirlər nəticəsində makro-iqtisadi sabitliyə nail olunsa da, 2022-ci ildə orta illik inflyasiya ölkə üzrə 13,9 faiz, ərzaq inflyasiyası isə 19, 5 faiz olub. Hesabat ilində əhalinin nominal gəlirlərinin 20,5 faiz artması inflyasiyanın neqativ təsirlərinin yumşaldılmasına yönəldilib.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyini təqdim etdi.
Qanun layihəsi ətrafında geniş müzakirələr aparıldı. Deputatlar öz çıxışlarında bəzi qeyd və təkliflərini səsləndiriblər. Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
S.Qafarova növbəti 7 məsələnin ikinci oxunuşda olan qanun layihələri olduğunu bildirib. Qeyd edildi ki, qanun layihələrinin məqsədi qanunvericiliyin təkmilləşdirilməsidir.
Gündəlikdəki digər qanun layihələri də müzakirələrdən sonra səsə qoyularaq müvafiq qərar qəbul edildi.
Milli Məclisin plenar iclasına yekun vuran parlamentin Sədri Sahibə Qafarova qeyd etdib ki, bu gün yaz sessiyasının son iclasıdır. Diqqətə çatdırıldı ki, Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 83 deputat növbədənkənar sessiyanın çağırılması üçün Milli Məclisin sədrinə müraciət edib. S.Qafarova bildirdi ki, o, bu barədə sərəncam imzalayıb və iyun ayında parlamentin növbədənkənar sessiyası olacaq. Sonra o, ötən sessiyada görülmüş işlər haqqında məlumat verdi və dedi ki, Milli Məclisin 2023-cü ilin yaz sessiyasında 14 iclası keçirilib, 91 qanun qəbul edilib. Başqa sözlə, 1 yeni qanun qəbul olunub, 72 qanunda dəyişiklik edilib, 18 beynəlxalq müqavilə təsdiqlənib.
Qeyd edildi ki, Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin və islahatların qanunvericilik bazası daha da möhkəmləndirilmiş və təkmilləşdirilmişdir.
Çıxışının sonunda parlamentin sədri Milli Məclisin 2023-ci il yaz sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bununla da Milli Məclisin 2023-ci il yaz sessiyasının sonuncu plenar iclası başa çatdı.
B. ƏLİQİSMƏT,
“Xalq qəzeti”