“İstiqlal yazıları” Xəlil İbrahim

post-img

Cümhuriyyət dövrünün fədakar siyasi yazarlarından olmuş repressiya qurbanı Xəlil İbrahim irsi az araşdırılan tarixi şəxsiyyətlərdəndir. Bu mənada onun məqalələrindən ibarət “İstiqlal yazıları” kitabının işıq üzü görməsi təqdirəlayiqdir.

Xəlil İbrahim dövrünün tanınmış publisisti olaraq bir sıra nəşrlərdə çalışıb. Xalq Cümhuriyyətinin rəsmi dövlət qəzeti olan “Azərbaycan”ın rus dilində nəşrinin redaktoru, tənqidçi, te­atrşünas və tərcüməçi kimi çoxşaxəli fəaliyyət göstərib. “İqbal”, “Yeni iqbal”, “Açıq söz”, “Bəsirət”, “Azərbaycan”, “Kommunist” kimi rəsmi orqanlarda elm, təhsil, mədəniyyət və teatrın ak­tual məsələlərini qələmə alıb. Ən çox 1919–20-ci illərdə “Azərbaycan” qəze­tində siyasi məqaləsi, reportajı, anali­tik yazıları dərc olunub. Elə oxuculara təqdim edilən “İstiqlal yazıları” kitabın­da, əsasən, həmin səpkili məqalələr yer alıb.

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda kitabın təqdimat mərasimində Xəlil İbrahimin nəvəsi, ixtisasca mühəndis olan Lalə Nəcə­fova ilə tanış olduq. Sevindirici haldır ki, varislər görkəmli şəxsiyyətlərin ir­sini qədirbilənliklə yaşadır və sistemli şəkildə öyrənilib təbliğ edilməsinə nail olurlar. Lalə xanım dedi ki, babasının irsi ilə daha çox onun övladları məşğul olublar. Hələ 1997-ci ildə qızı Güllər (Lalə xanımın anası) onun yazıların­dan ibarət “Daşdan keçən istiqlal” adlı kitab hazırlayaraq çap etdirmişdi. İndi isə “İstiqlal yazıları” qarşımızdadır. Bu kitabı isə digər qızı – iki ay əvvəl, 97 yaşında dünyasını dəyişmiş Solmaz xanım “Şərq” qəzetinin təsisçisi və baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının köməkliyi ilə hasilə yeti­rib və vəfatından öncə görə bilib. Xəlil İbrahimin bizə qədər gəlib çatan əlyaz­malarını ailə “İstiqlal” muzeyinə verib. Onu da deyək ki, istiqlal yazarının oğlu mərhum Elxan onun yolu ilə gedərək tərcüməçi-jurnalist olub...

Təqdimat mərasimini filologiya elmləri doktoru, Əməkdar elm xadimi Tofiq Məlikli açaraq cümhuriyyət döv­rünün fədaisi, peşəkar jurnalistikamı­zın təməlini qoyanlardan biri olan Xəlil İbrahim haqqında geniş məlumat ver­di. Yeni kitabın tariximizin 1918–20-ci illər dövrü haqqında təsəvvürlərimi­zin daha da dolğunlaşmasına kömək edəcəyini vurğuladı. Qeyd olundu ki, X.İbrahim 1937-ci ilin payızında həbs edilib və dörd ay sonra Azərbaycan SSR Daxili İşlər Komissarlığının qərarı ilə “müsavatçı xalq düşməni” elan olu­nub. Əmlakı müsadirə edilən fədakar publisist 1938-ci il martın 18-də Nargin adasında güllələnib.

Kitabın tərtibçisi və ön sözün müəl­lifi, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı 28 May – Müstəqillik Günü ərəfəsində belə bir toplunun təqdim olunması­nı əlamətdar hadisə saydı və istiqlal dövrünün möhtərəm simalarından biri olan Xəlil İbrahimin həyat və yaradıcı­lığı barədə fikirlərini çatdırdı. 

Professor, tarixçi-alim Solmaz Rüstəmova–Tohidi belə tədbirlərin ke­çirilməsinin təqdirəlayiq olduğunu vur­ğulayaraq, X.İbrahimin publisistikasın­dan söz açıb. Onu zəngin biliyə sahib insan kimi xarakterizə edərək bildirdi ki, Xəlil bəy həm də fəal ictimai xadim olub,1926-cı ildə keçirilən 1-ci Türkolo­ji Qurultayın təşəbbüskarlarından biri kimi məhsuldar fəaliyyət gtöstərib. 

Digər natiqlər – M.Ə.Rəsulzadə­nin nəvəsi, tanınmış rəssam Rəis Rəsulzadə, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, “Mədəniyyət” jurnalının baş redaktoru Zöhrə Əliye­va da yeni çap olunmuş kitab və Xəlil İbrahim haqqında fikirlərini bölüşdülər. Xəlil İbrahimin nəvəsi Lalə Nəcəfova çıxış edərək kitabı ərsəyə gətirənlərə öz təşəkkürünü bildirdi.

Əli NƏCƏFXANLI,
“Xalq qəızeti”

Mədəniyyət