Şəmkirdə şəhid övladları üçün bayram şənliyi

post-img

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin övladları üçün bayram şənliyi təşkil edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev əvvəlcə bütün şəhid övladlarını Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara xoşbəxtlik arzulayıb.

RİH başçısı bildirib ki, bu gün baş tutan tədbir şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiramın kiçik bir təzahürüdür: “Şəhidlərimizin ailələri üçün nə etsək də, bizim rahat gələcəyimiz naminə canlarından keçən bu igidlərimizin haqlarını ödəyə bilmərik! Amma uşaqların bugünkü sevinclərini, yaşadıqları coşqu hisslərini seyr etmək hər kəsin qəlbini oxşayır. Bu tədbirin bir məqsədi də uşaqların psixoloji inkişafına dəstək olmaqdır”.

Şənlikdə şəhid övladları üçün maraqlı səhnəciklər, oyunlar, müsabiqələr təşkil olunub, klounların, nağıl qəhrəmanlarının çıxışları maraqla izlənilib.

Şəhid ailələri uşaqların könlünü oxşayan belə bir tədbirin təşkil olunmasına görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda şəhid övladları ilə xatirə fotoları çəkilib.

Tədbirin yekun hissəsində isə könüllülərin nəzarəti ilə şəhid övladlarına Şəmkir Əyləncə Mərkəzində olan atraksionlardan istifadə etmək imkanı yaradılıb.

Hamlet Qasımov, 
“Xalq qəzeti”nin bölgə müxbiri













Maraqlı