Dənizkənarı Milli Parkda demo şou

post-img

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı çərçivəsində demo şou təşkil olunub. Şou Dünya Taekvondo Federasiyasının nümayiş komandası tərəfindən Dənizkənarı Milli Park ərazisində keçirilib.

"Xalq qəzeti" federasiyaya istinadən bildirir ki,  Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov tədbir başlamazdan əvvəl komanda üzvləri ilə görüşüb. Çunqvon Ço şəhər sakinləri ilə də görüşərək onlarla şəkillər çəkdirib.

Tədbirdə komanda tərəfindən Azərbaycan milli rəqslərinin nümayişi də izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edilir ki ki, iyunun 4-dək davam edəcək çempionatda 144 ölkədən və biri qaçqın komandası olmaqla minədək idmançı qeydiyyatdan keçib. Yarış səbəbi ilə 3 mindən artıq qonaq Bakıya gəlib. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda keçirilir. Azərbaycan dünya çempionatını qəbul etmiş Avropa ölkələri arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci ölkə kimi tarixə düşüb.

Onu da əlavə edək ki, ulu öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub.

 "Xalq qəzeti"



Maraqlı