Daha iki taekvondoçumuz mübarizəni dayandırdı

post-img

Bu gün Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatında beşinci günün yarışları start götürüb. Bu gün taekvondo üzrə Azərbaycan milli komandasının daha iki idmançısı yarışlara qatılıb.

Kişi taekvondoçulardan 54 kiloqram çəki dərəcəsində Səyyad Dadaşov dayanq üzərinə çıxıb. Həmyerlimiz onaltıdabir final mərhələsində Özbəkistan  taekvondoçusu Omonjon Otajonov ilə qarşılaşıb. Döyüş rəqibin xeyrinə başa çatdığı üçün Omonjon Otajonov növbəti mərhələyə yüksəlib. Səyyad Dadaşov isə mübarizəni erkən dayandırmalı olub.

Qeyd edim ki, qadınların taekvondoçuların yarışında isə 46 kiloqram çəkidə mübarizəyə qoşulan Minayə Əkbərova Yaponiya idmançısı Ruka Okamoto ilə üz-üzə gəlib. Bu dueldən məğlub ayrılan Minayə Əkbərova da yarışda mübarizəni dayandırmalı olub.

Onu da əlavə edək ki,  Dünya Taekvondo Federasiyasının 50, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə təsadüf edən çempionat iyunun 4-də başa çatacaq.  Yeri gəlmişkən,  144 ölkə və 1 qaçqın komqndanın iştirak etdiyi yarışda 949 taekvondoçu 16 çəki dərəcəsində onaltı dəst medal uğrunda mübarizə aparır. Bugünədək 10 dəst medal sahibini tapıb. Bu axşam yarışların beşinci günündə daha 2 dəst medala təqdim ediləcək. 

Məlumat üçün deyək ki, dünya çempionu tituluna sahib olan idmançının aktivinə 140 reytinq xalı əlavə edilir.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman