Şəmkirdə Ulu Öndərə həsr olunmuş daha bir möhtəşəm tədbir

post-img

Şəmkir rayonunda “Heydər Əliyev İli” ili çərçivəsində YAP rayon təşkilatı tərəfindən “Müstəqil Azərbaycanın banisi, xalqımızın xilaskarı” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Şəhidlər Memorial Abidə Kompleksi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirin rəsmi hissəsində Dövlət Himni səsləndirilib. Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, ömrü boyu xalqına sədaqətlə xidmət etmiş Ulu öndər Azərbaycanın keçmişini yaşadan və gələcəyini müəyyən edən şəxsiyyətdir. Bu gün qalib və qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir, möhtəşəm uğurlar qazanır. 

İcra hakimiyyətinin başçısı bildirib ki, ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət bizi daha da qüdrətli və yenilməz bir dövlətə çevirir.

Tədbirdə çıxış edən YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev deyib ki, ömrünü dövlətimizin və xalqımızın nicatı və xoşbəxt gələcəyinin qurulmasına həsr etmiş Ulu Öndər siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoyub. 

YAP İdarə Heyətinin üzvü, Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev, YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, Şəmkir rayon Düyərli kənd ərazi partiya təşkilatının sədri Aybəniz Nəsibova və başqaları çıxış edərək vurğulayıblar ki, müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri heç vaxt unudulmayacaq. 

Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qoşulan şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir konsert proqramı ilə başa çatıb.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri









Maraqlı