Fermerlərə mina təhlükəsi ilə bağlı təlim keçilir

post-img

Kəlbəcərə və Laçına köç başlayır, amma… “Amma”sını yaylaqlara köç edəcək təsərrüfatların rəhbərlərinə ANAMA-nın Göygöl rayonunda yerləşən Regional Təlim Mərkəzinin mütəxəssisləri başa salır, təlimlər keçirlər. Göygöl Mədəniyyət Evində təşkil olunan bu təlimlərdə fermerlərə azad olunmuş ərazilərdə davranış qaydaları izah olunur, partlamamış hərbi sursat və minalarla rastlaşan zaman hansı addımlar atmalı olduqları ilə bağlı tövsiyələr verilir. 

İyunun 2-dək davam edəcək təlimlərə ümumilikdə 2374 fermer cəlb olunub. Ötən il analoji təlimlərdə iştirak etmiş fermerlər isə bu il prosesə cəlb olunmayıb.

Təlimlərdə dislokasiya nöqtələrində davranış qaydaları, partlamamış sursat və minaların müəyyən olunması, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumat verilir. Eləcə də vizual olaraq tanınması üçün təlim iştirakçılarına müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilir.

Təlimin sonunda iştirakçılara azad olunmuş ərazilərdə əsas davranış qaydalarına dair təlimat kitabçası təqdim olunur.

Təlimləri başa vuran fermerlər azad olunmuş ərazilərdə, təsərrüfatları aparacaqları dislokasiya nöqtələrində davranış qaydalarına dair təlimatlarla tanış olduqları barədə iltizamnamə imzaladıqdan sonra yaylağa köç prosesində iştirak edə biləcəklər.

Hamlet QASIMOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri







Son xəbərlər