Tovuzda şəhidin xatirəsinə bulaq açılıb

post-img

Tovuzun Alakol kəndində şəhid Mahmudzadə Ülvi Məzahir oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.

Açılış mərasimdə rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi qələbənin tarixi əhəmiyyətindən danışıb, Ülvi Mahmudzadə kimi qəhrəman hərbçilərimizin igidliyindən söz açıb. 

Qeyd edək ki, Ülvi Mahmudzadə 1991-ci il mayın 31-də Tovuz rayonunun Alakol kəndində anadan olub. O, həqiqi hərbi xidmətini başa vurduqdan sonra bir müddət başqa sahədə fəaliyyət göstərsə də, yenidən orduya qayıdaraq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirib. 

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilmiş genişmiqyaslı təxribat zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. O, Tovuz rayonunun Alakol kənd qəbirstanlığında dəfn edilib. 

Ölkə prezidentinin sərəncamları ilə əsgər Ülvi Mahmudzadə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri









Son xəbərlər