İlon Mask insan beyninə implant yeridəcək

post-img

Dünyanın ən zəngin iş adamı, nəhayət, çoxdankı arzusuna çatıb və onun beyin çipləri istehsal edən Neuralink şirkəti insanlar üzərində kliniki təcrübələr aparmaq üçün FDA-dən icazə alıb. Əsası İlon Mask tərəfindən qoyulmuş Neuralink canlı insanlar üzərində kliniki təcrübələr keçirmək üçün FDA-nın (ABŞ qida məhsullarının və tibb preparatlarının keyfiyyətinə sanitar nəzarəti İdarəsi) icazəsini əldə edib.
“Biz sevinc hissi ilə xəbər veririk ki, insanlar üzərində kiliniki tədqiatlara başlamaq üçün FDA-nın razılığını almışıq”, – Neuralink şirkəti Twitter-də bildirib. Şirkət rəsmiləri hesab edirlər ki, aparılacaq təcrübə və tədqiqatların sayəsində çiplərlə bağlı texnologiya gələcəkdə bir çox insanların köməyinə çatacaq. 
Hələlik təcrübələr üçün könüllülərinin axtarışına başlamadığını bildirən şirkət yetkililəri kliniki sınaqların “beyin interfeysi” adı altında aparılacağını açıqlayıb.
Xatırladaq ki, Neuralink insanın birbaşa beyin qablığının yaxınlığında yerləşdiriləcək implantların hazırlanması ilə məşğuldur. Bu əməliyyat iflic vəziyyətindəki xəstələrə nəzəri cəhətdən kompyuterin kursorunu “düşüncənin gücü” ilə idarə etmək imkanı yaradacaq. Əgər bu layihə həqiqətən özünü doğrultsa, onda çip texnologiyası tamamailə yeni bioniki protezlərin yaradılmasına yol açacaq, eləcə də danışıq qabiliyyətini itirmiş insanların ətraf aləmlə ünsiyyətinin  bərpasına kömək edəcək .   
Verilən məlumatda o da vurğulanır ki, implantlar artıq donuzların və meymunların üzərində sınaqdan çıxarılıb. İntəhası, bu təcrübənin insanlar üzərində aprılmasına uzun müddət icazə verilmirdi. Bunun səbəbi kimi heyvanlar üzərində aparılan təcrübələrdə bəzi problemlərin üzə çıxması göstərilirdi. Şirkətin hazırladığı məhsullara tam əminliyini göstərmək üçün İlon Mask həmin çipləri öz övladlarında testdən keçirməyə hazır olduğunu  bildirib. 
Onu da qeyd edək ki, 2021-ci ildə Neuralink implantlarının sınağında iştirak etmək üçün Maska müraciət edən xəstələrin sayı yüzlərlə idi.

İ.Həsənqala, 
“Xalq qəzeti”

Maraqlı