Ukraynada bütün cəbhə boyu döyüşlər şiddətlənib

post-img

Dünən Rusiya Silahlı Qüvvələri cəbhənin təmas xəttinin bir çox istiqamətlərində Ukrayna hərbçilərinin mövqelərini ağır artilleriya və top atəşinə tutublar. UNİAN agentliyi yazır ki, rəqibin Donetsk və Xerson istiqamətlərində irəliləmək cəhdlərinin qarşısı alınıb.  
Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Teleqram” səhifəsində yazıb ki, Rusiya ordusu Ukraynanın Dnepr şəhərinə raket zərbələri endirib. Şəhərdəki klinikaya raket zərbələri nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub.
Ukrayna ordusu ötən gecə Rusiyanın İran istehsalı olan 36 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə Ukrayna Silahlı Qüv­vələrinin Baş Qərargahı məlumat yayıb. Son sutkada həmçinin qarşı tərəfin 1 “Su-25” təyyarəsi vurulub.
“Bundan başqa düşmənin canlı qüvvəsinin cəmləşdiyi 2 ərazi, 1 sursat anbarı, 1 radiolokasiya stansiyası və 2 artilleriya diviziyası məhv edilib”, -deyə Baş Qərargahdan bildirilib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. O vaxtdan Ukraynanın yüzlərlə şəhər və kəndi yerlə-yeksan edilib. Ukrayna tərəfi iddia edir ki, ağır döyüşlərin davam etdiyi 15 ay ərzində Rusiyanın iki yüz minə yaxın əsgər və döyüşçüsü qətlə yetirilib. Rusiya tərəfi isə bunun şişirdilmiş rəqəmlər olduğunu bildirir. 
Qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsi başlayan gündən Qərbin Ukraynaya hərbi dəstəyi artır ki, azalmır. Dünən Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, ABŞ və Ukraynaya dəstək üzrə təmas qrupunun digər ölkələri Kiyevə ümumilikdə, 65 milyard ABŞ dolları dəyərində hərbi yardım göstərməyi öhdələrinə götürüblər.
Onun fikrincə, gələcəkdə Kiyevə hərbi yardımı davam etdirmək üçün daha çox səy göstərməli, silah istehsalı gücünü artırmaq üçün yaradıcı yollar axtarmalı olacaqlar. Eyni zamanda, Pentaqon rəhbəri ABŞ və tərəfdaşlarının hələ də Ukraynaya yardımı davam etdirməkdə qərarlı olduqlarını diqqətə çatdırıb
O, həmçinin ukraynalı pilotların “F-16” qırıcılarını idarə etmək üçün yaxın həftələrdə təlimə başlaya biləcəyinə ümid etdiyini bildirib.
Sonda bildirək ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması və sülh danışıqlarının başlanılması ilə bağlı BMT, Türkiyə, Çin və sair dövlətlər təşəbbüs göstərirlər. Lakin bu səylər hələlik öz bəhrəsini vermir. 


M.HACIXANLI, “Xalq qəzeti” 

Dünya