Bu il 100-cü ildönümünü qeyd edən Türkiyə Cümhuriyyəti tarixinin ən gərgin və taleyüklü seçkisinin başlanmasına cəmi bir gün qalır. Qardaş ölkədə mayın 14-də keçirilən prezident seçkilərinin ikinci turuna ciddi hazırlıq görülür. 28 may səsverməsi öncəsi cəmiyyətdə mövcud siyasi mənzərə necədir və siyasi qüvvələr nisbəti hansı səviyyədədir? Azərbaycan vətəndaşları üçün də son dərəcə önəmli olan bu və digər suallara ətraflı cavab almaq üçün Ankaradakı nüfuzlu Bilkənd Universitetinin professoru, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun Rəyasət və İdarə heyətlərinin üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Əmirulla Məmmədliyə müraciət etdik. Bu gün hörmətli alimin “Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü və ikinci tur prezident seçkiləri: reallıq və gözləntilər” adlı məqaləsini hörmətli oxuculara təqdim edirik.
Hörmətli həmvətənlərim! Bu qeydləri məxsusi olaraq Azərbaycanda, eləcə də Türkiyədə kifayət qədər sanballı mətbu nəşr kimi qəbul olunan “Xalq qəzeti” üçün yazıram. Diqqətinizə, təklif və iradlarınıza görə əvvəlcədən sizə təşəkkür edirəm.
Mən 33 ildir Türkiyədə yaşayan azərbaycanlıyam və ölkədə bir çox seçkilərin, siyasi müzakirələrin şahidi və iştirakçısı olmuşam, amma səmimiyyətimə inanın, hələ indiki kimi gərgin seçki ili və ab-havasını xatırlamıram.
Biz, eyni zamanda, cümhuriyyətimizin gələcək 100 ilinin necə formalaşacağına dair planlar qurur və indiyə qədər heç vaxt yaşanmamış, qütbləşmiş siyasi mühitdə ölkənin taleyini həll edəcək seçki prosesinin şahidi oluruq.
Məlumdur ki, 14 mayda parlament seçkiləri ilə bərabər eyni vaxtda keçirilən prezident seçkilərində 4 namizəd iştirak etmək üçün müraciət edib. Səsvermənin birinci mərhələsinin nəticələrinə görə hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və rəqibi, CHP-nin sədri Kamal Kılıçdaroğlu ikinci turda gərgin mübarizə aparırlar.
Qeyd etmək lazımdır ki, prezident seçkilərində seçici fəallığı kifayət qədər yüksək olub – 87,46 faiz. Səs verənlərin sayı isə 56 milyon 153 min 981 nəfər təşkil edib.
Türkiyədə səsvermə hüququ olan insanların fəal iştirakı onu göstərdi ki, vətəndaş hər bir seçicinin səsinin ölkənin gələcəyi üçün dəyərli olduğunu gördü, bunu dünyaya bəyan etdi və seçkilərin nə qədər demokratik ola biləcəyini göstərdi.
Seçkilərdə Türkiyə Böyük Millət Məclisinə seçilən millət vəkillərinin sayına nəzər saldıqda, “Cümhur İttifaqı”nın bu sınaqdan uğurla çıxdığını görə bilərik.
Prezident seçkilərində də müəyyən geriləmə var. Belə ki, 2023-cü ildə “Cümhur İttifaqı”nın prezidentliyinə vahid namizədinə verilən səslər 50 faizdən aşağı düşsə də, yenə də kifayət qədər yüksək rəqəmlərə çatıb. “Millət İttifaqı” isə öz mövqelərini müəyyən qədər qoruyub saxlasa da, məğlubiyyətə uğrayıb, siyasi arenada hələ də ayaqda qalmasına baxmayaraq böyük sıçrayış edə bilməyib.
Sual olunur: artıq 21 ildir ölkəni idarə edən AKP və onunla əməkdaşlıq edən MHP niyə hələ də hakimiyyətdədir? Bu fenomen nəyi göstərir? Cənab Prezident R.T.Ərdoğanın təbirincə desək, “metal yorğunluğu” yaşayan iqtidar və iqtidar kadrları niyə hələ də vəzifə başındadır? Son 3-4 ildə hər cür iqtisadi çətinliklərə, yüksək inflyasiyaya baxmayaraq, müxalifət niyə hakimiyyətə gələ bilmir? Bunun arxasındakı sirr nədir?
Bundan əlavə, 2023-cü ildə ölkənin 11 vilayətini əhatə edən dağıdıcı zəlzələnin sosial-iqtisadi təsirləri və insan itkiləri təzə olsa da, 2023-cü il mayın 14-də keçirilən seçkilər “Cümhur İttifaqı”na inamın yüksək səviyyədə olduğunu göstərdi.
Bu, izahı çətin olan bir fenomendir. Bunları anlamaq üçün son 20 ildə baş verənləri nəzərdən keçirmək lazımdır.
AKP 2002-ci ildə hakimiyyətə gələndə Türkiyə dövlətinin beynəlxalq təşkilatlara külli miqdarda valyuta borcu vardı, inflyasiya 100 faizi keçirdi, ölkə terror bəlasından xilas ola bilmirdi, bank sistemi iflas həddində idi, səhiyyə və sosial təminat sistemi isə çökmüşdü. Bütün bunları tezliklə aradan qaldırmaq vacib idi. Digər demokratik və iqtisadi problemlər də həllini gözləyirdi.
R.T.Ərdoğanın liderliyi ilə 2013-cü ilə qədər Türkiyədə, demək olar ki, bütün bu problemlər öz həllini tapdı və istər iqtisadiyyatda, istər səhiyyədə, istərsə də nəqliyyat-logistika və rabitə sistemində böyük irəliləyişlər əldə edildi.
Gəlin, onlardan bəzilərini sadalayaq. Avrasiya tuneli və Bosfor boğazı altından keçən Mərmərə dəmir yolu xətti, 3-cü Boğaziçi və Körfəz körpüləri, iri şəhərlərdə yüksək sürətli qatarlar və geniş yayılmış metro şəbəkələri, yüzlərlə magistral yollar, tunellər və hava limanları, müdafiə sənayesində və yerli milli müdafiə sistemlərində parlaq irəliləyişlər (raket sistemləri, İHA-lar və SİHA-lar, “Altay” tankı və “Hürjet” təyyarəsi, zirehli maşın və hücum helikopteri və s.). Əslində, seçkilərdə iqtidar tərəfindən səslənən şüarların başında “Nə ediriksə, qarşıdakı illərdə edəcəklərimizin zəmanətidir” fikri olub. Bütün bunlar seçicilərin hazırkı hökumətə etimadını yüksəldib.
Qarşı tərəf, yəni “Millət İttifaqı” və CHP sədri ancaq “Bizə güvənin”, “Bizə səs verin”, “Hər şey yaxşı olacaq” şüar və çağırışları ilə iqtidarı pisləyib, əsassız və boş vədlərdən başqa ortaya yeni baxış və ideyalar qoya bilməyib.
Ümumiyyətlə, Kamal Kılıçdaroğlu CHP başqanı olduqdan sonra iştirak etdiyi bütün seçkiləri, prezident seçkilərini və referendumları uduzdu. Amma hər seçkidən sonra “AKP və “Cümhur İttifaqı uduzdu” deməklə qalib gəldiyini söyləməkdən əl çəkmədi.
Seçicilərin bir qismi isə fərqli düşünür. Belə ki, onlar son 3-4 ildə butün dünya miqyasında pisləşən iqtisadiyyatın əsas səbəblərini hökumətin fəaliyyətsizliyində görürlər. Yaxud 16 iyul 2016-cı ildə dövlət çevrilişi cəhdinin qarşısının alınması, ABŞ-ın Suriya və İraqda birmənalı dəstəklədiyi İŞİD və PKK/YPG terror qruplaşmasının ölkə hüdudlarından kənara çıxarılması, dünyanı bürüyən COVID pandemiyasının uğurla dəf edilməsi R.T.Ərdoğan iqtidarının möhtəşəm uğurları, eyni zamanda Qərbin həzm edə bilmədiyi reallıqlardandır.
Türkiyə hakimiyyətinin xaricdən ona qarşı yönələn təhdidlərin qarşısını ala bilmək bacarığı Qərb dövlətlərini narahat edir. Bu kimi niyyətlərdən qaynaqlanan ABŞ və Avropa mediasında Türkiyəyə və onun Prezidenti R.T.Ərdoğan əleyhinə böhtan xarakterli məqalələrin sayı azalmaq bilmir. Çünki bu həm də Türkiyənin müəyyən dərəcədə dünya arenasında müstəqil bir siyasət yürütməsinə qarşı sərgilənən mövqedir.
Bu, Türkiyənin hər hansı bir ölkənin diktəsi ilə hərəkət etməyəcəyini açıq göstərir. NATO-ya üzv ölkə bu təşkilatın öz milli maraqlarına uyğun gəlməyən qərarlarına tabe olmur və ayrıca öz dəst-xəttini irəli sürür, terrora dəstək verməməyi tələb edir. Hətta NATO-ya üzv olmaq istəyən dövlətlərə də öz şərtlərini ortaya qoyur. Finlandiya və İsveçlə bağlı hadisələr yaxın ayların hadisələridir.
Ölkəsini sevən, Türkiyənin parçalanmasına qarşı çıxan, unitar dövlət quruluşundan heç vaxt əl çəkməyən seçicilərin əksəriyyəti Qərbin Türkiyəyə qarşı olan ikiüzlülüyünü, qurduğu tələləri görür və ona uyğun hərəkət edir. Fikir verin, bu seçkilərdən əvvəl Qərbin total “Ərdoğan düşmənçiliyi” türk xalqının seçki qutusunda göstərdiyi demokratiya dərsi ilə üzləşmişdi.
Prezident Rəcəb Tayyib Ərdoğanın rəqibinə qarşı 2,5 milyon artıq səs topladığı seçkinin birinci turundan sonra Qərb yavaş-yavaş bu nəticəyə alışdı. Qərb “müttəfiqləri” başa düşdülər ki, ABŞ-ın, Avropanın, FETÖ-nün, PKK-nın, eləcə də “BBC Nyus”, “Tayms”, “Vaşington Post”, “Finansial Tayms”, “Ekonomisk”, “Quardian”, “Şpigel” kimi suyu bulandırmaq istəyən media qurumlarının seçkiyə kölgə salmaq cəhdləri uğursuzluğa məhkumdur.
Bir sözlə, Türkiyə xalqı üçün Vətən və dövlətçiliyin fövqündə heç bir şey yoxdur və ola da bilməz. Türkiyə böyük və qüdrətli dövlətdir. Türk xalqı hər zaman güclü, iradəli və yenilməzdir!
Yazını təqdim etdi:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”