ELM XƏBƏRLƏRİ

post-img

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə və Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi seminar keçirilib.

AMEA-nın vitse-prezidenti, İnformasiya Tex­nologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev ümummilli liderin ötən əsrin ikinci yarısından etibarən Azərbaycanda informasiya cə­miyyətinin meydana gəlməsi və inkişaf etdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının in­kişafı və bu istiqamətdə kadrların yetişdirilməsində əvəzsiz xidmətlərinin olduğunu xatırladıb. Sonra alim Azərbaycanda süni intellekt texnologiyalarının meydana gəlməsi və inkişafı tarixi haqqında ge­niş məruzə ilə çıxış edib. O, ölkəmizdə Lütfi Zadə nəzəriyyəsinin formalaşması və inkişafından bəhs edərək Lütfi Zadə - Azərbaycan əlaqələri, qeyri-səlis məntiq nəzəriyyəsinin davamçıları, onların bu sahə­də dünya elminə verdiyi töhfələrdən danışıb.

Elmi seminarda AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevin “Təbiətdən qay­naqlanan süni intellekt alqoritmləri” və AzScience­Net Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyevin “IV Sənaye İnqilabının texnoloji çağırışları kontekstində ki­bertəhlükələr və onların intellektual analizi problem­ləri” mövzusunda məruzələri dinlənilib. 

* * *

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutun­da Belçikanın Azad Universitetinin professoru Sebestiyan Busua ilə görüş keçirilib.

İnstitutun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə qonağı salamlaya­raq, rəhbərlik etdiyi müəssisənin elmi fəaliyyəti və beynəlxalq əlaqələrindən bəhs edib. Qonaqpərvər­lik üçün minnətdarlığını bildirən S.Busua bildirib ki, ölkəmizə səfəri Azərbaycana həsr olunmuş kitabın hazırlaması ilə əlaqədardır.

Sebestiyan Busua Azərbaycan, Şuşa və Qələ­bə, Qarabağın Azərbaycan mədəniyyətində yeri və rolu, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun Avropa universitetləri ilə əlaqələri kimi mövzularla maraqlandığını bildirib. Suallar ətrafında müzakirə aparılıb və qeyd edilib ki, bununla bağlı ətraflı ola­raq Sebestiyan Busuaya müvafiq materiallar təqdim ediləcək.

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu­nun bir qrup əməkdaşı Neftçala rayonu ərazisin­də ekspedisiyada olub. Ekspedisiyanın məqsədi Xəzər dənizi sahilində erkən yaz florasının qey­də alınması və bitki örtüyünün müasir vəziyyəti­nin öyrənilməsidir. 

Tədqiqatlar Kür çayının mənsəbi, Xəzərin sahil­boyu ərazisi (30 km) və sahil yaxınlığında yerləşən Uzunbabalı, Bankə, Yenikənd, Qırmızı şəfəq, Qa­ravəli, İkinci Mayak, Birinci Mayak, Həsənabad, Mir­zəqurbanlı, Mikayıllı, Şirvanlı kəndlərində aparılıb. Çöl tədqiqatları zamanı məlum olub ki, rayonun bitki örtüyündə yulğun formasiyalarının yayılması zonal xarakter daşıyır. Kürün Xəzərə qovuşan ərazisində balıqçılıq və örüş amilləri səhralaşma prosesinin güclənməsinə səbəb olur. 

* * *

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şura­sının sədri, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva və elmi işçi Lalə Ələkbərova hazırda da­vam edən “Erasmus” (European Region Action Scheme for the Mobility of University Students) proqramı çərçivəsində Polşanın Bialystok Uni­versitetində tələbələrə mühazirə oxuyublar.

Qeyd edək ki, “Erasmus” proqramı Ədəbiyyat İnstitutunun şöbə müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov və hazırda Polşada olan gənc alimlərin səyləri ilə qazanılıb. Bialystok Uni­versitetində proqram çərçivəsində L.Ələkbərova və Ş.Əliyeva klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı və onların Polşa ədəbiyyatında təzahürü, bədii cərəyanlara müasir ədəbi-nəzəri baxış, XX əsrdə ədəbi və elmi məktəb yaratmış sənətkarlar, eləcə də akademik İsa Həbibbəylinin milli ədəbiyyatda dövrləşdirmə konsepsiyası ilə bağlı məruzələrlə də çıxış ediblər.

 

Hazırladı: Ə.ƏLİYEV, “Xalq qəzeti”

heyəti







Son xəbərlər