YAP Sədrinin müavini Ankarada Türk Dili Ailəsi şənliyində

post-img

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının dəvəti ilə 15 Dekabr Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən məclisdə iştirak edib.

Türkiyə Prezidenti, AK Parti Sədri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən şənlikdə partiyanın “Türk Dünyası Strateji Baxış Sənədi” təqdim olunub.

AK Parti Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlu konsepsiyada qarşıya qoyulan əsas hədəfin türk dövlətləri arasında bütün səviyyələrdə əlaqələrin daha da möhkəmləndirilməsi və Türk dünyasının ortaq gələcəyinin formalaşdırılması olduğunu bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edərək, beynəlxalq müstəvidə, o cümlədən Türk dünyasında sülh və təhlükəsizlik naminə işbirliyinin önəmini diqqətə çatdırıb, xalqların rifahı və ölkələrin tərəqqisi naminə beynəlxalq hüququn normalarına əsaslanan məqsədyönlü siyasətin vacibliyinə toxunub.

Dövlət başçısı çıxışında Türk Dövlətləri Təşkilatının yaradılması və çoxşaxəli fəaliyyətinin Türk dünyasında birliyin, əməkdaşlığın gücləndirilməsində müstəsna rolunu qeyd edərək “Türk Dünyası Strateji Baxış Sənədi”nin qəbul olunması ilə bu istiqamətdə çox mühüm bir addımın atıldığını vurğulayıb. O, ortaq türk əlifbası ilə belə bir konseptual sənədin hazırlanmasını AK Partinin qlobal məsuliyyət hissi ilə Türk dünyasında həmrəyliyi gücləndirmək iradəsinin konkret təzahürü adlandırıb.

Türkiyə Prezidenti BMT-nin mədəniyyət agentliyi olan UNESCO-nun Səmərqənddə keçirilən Baş Konfransının qərarı ilə dekabrın 15-nin Dünya Türk Dili Ailəsi Günü elan olunmasının əhəmiyyətinə toxunaraq, diqqəti bu xüsusda Türk dövlətlərinin qarşısında duran vəzifələrə cəlb edib.

Səfər çərçivəsində Tahir Budaqov AK Parti Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, TBMM-in üzvü Kürşad Zorlunun adından tədbir iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətə də qatılıb.

 





Son xəbərlər