Milli Məclisin növbəti plenar iclası

post-img

Dünən spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda gündəliyə daxil edilmiş 10 məsələ və cari mövzular ətrafında geniş və məzmunlu müzakirələr aparıldı.

Deputatlar gündəliyə keçməzdən əvvəl cari məsələlər barədə çıxışlar etdilər. Parlamentarilər Azərbaycan Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürdüyü amnistiya təşəbbüsünü yüksək qiymətləndirdilər, bu addımın həm hüquqi, həm də humanizm baxımdan mühüm əhəmiyyət daşıdığını vurğuladılar. Deputat Aqil Abbas çıxışında amnistiya təşəbbüsünün cəmiyyətdə geniş rezonans doğurduğunu qeyd edərək bildirdi ki, bu qərar minlərlə ailə üçün sevinc mənbəyinə çevriləcək: “Möhtərəm Prezidentimiz amnistiya təşəbbüsünə qadınlar, balalar, analar-bacılar – nə qədər insan sevinəcək. Bu, çox mühüm aktdır”.

Milli Məclisin deputatı Razi Nurullayev çıxışında toy mədəniyyəti ilə bağlı problemlərə toxunaraq qeyd etdi ki, toy mərasimlərində israfçılıq həddini aşıb. Onun sözlərinə görə, şadlıq evlərində artıq qida tullantıları, şişirdilmiş menyular və əlavə xərclər nə milli ənənələrlə, nə dini dəyərlərlə, nə də iqtisadi məntiqlə uzlaşır və toylar sevinc məclisindən daha çox sosial yarışa çevrilir. R.Nurullayev, eyni zamanda, şadlıq evlərində musiqinin həddindən artıq yüksək tonda olmasının sağlamlıq üçün ciddi riski yaratdığını vurğuladı: “Akustikanın olmaması səbəbindən səs o qədər yüksəlir ki, eşitmə problemlərinə yol açır”.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev işəgötürənlərlə Həmkarlar İttifaqları təşkilatları arasındakı münasibətlərə toxunaraq bu qurumların işçilərin hüquqlarının müdafiəsində yetərincə fəal olmadığını bildirib. Onun sözlərinə görə, hazırda həmkarlar ittifaqları cəmiyyətdə daha çox maddi yardım və müalicə göndərişləri verən strukturlar kimi tanınır, halbuki əsas missiya əmək hüquqlarının qorunmasıdır. Deputat qeyd etdi ki, bir çox müəssisələrdə həmkarlar ittifaqlarının sədrləri rəhbərlik tərəfindən müəyyən olunur. Bu səbəbdən işçilərin gecə saatlarınadək işlədilməsi, əməkhaqqının ödənilməməsi, asanlıqla işdən çıxarılma halları geniş yayılıb, lakin əksər hallarda nə həmkarlar ittifaqlarına, nə də məhkəmələrə müraciət edilir. Q.Həsənquliyev vurğuladı ki, hətta bərpa ilə bağlı məhkəmə qərarlarının icra olunmadığı hallar mövcuddur və bu vəziyyət həmkarlar ittifaqlarına ciddi siyasi dəstəyin zəruriliyini ortaya qoyur.

Daha sonra gündəlikdə yer alan məsələlərin müzakirəsinə başlanıldı. İclasda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olundu. Məsələ ilə bağlı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, eləcə də digər deputatlar çıxış edərək sənədin strateji əhəmiyyətini və iki qardaş ölkə arasında hərbi əməkdaşlığın daha da dərinləşdirilməsində rolunu vurğuladılar. Müzakirələrin yekununda qanun layihəsi səsverməyə çıxarıldı və ilk oxunuşda qəbul edildi.

İkinci və üçüncü məsələlər üzrə – “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulmaq barədə və “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi ilə bağlı qanun layihələri müzakirə olundu. Məsələlərlə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Zaur Şükürov çıxış etdi. O, Azərbaycanın kosmik tədqiqatlar sahəsində əldə etdiyi nailiyyətlərə toxunaraq qeyd etdi ki, Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyevin liderliyi ilə uğurla davam etdirilir. Onun sözlərinə görə, Azərbaycan artıq on ildən çoxdur beynəlxalq kosmik ailənin üzvüdür, iki telekommunikasiya peykinə malikdir və bu peyklər azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunaraq 45-dən çox ölkəyə xidmət göstərir. Müzakirələrin sonunda hər iki qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi və beləliklə, kosmonavtların xilas edilməsi ilə bağlı sazişə qoşulma ratifikasiya edildi.

Dördüncü – doqquzuncu məsələlər üzrə – “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi, nəqliyyat, ticarət gəmiçiliyi, istehlakçı hüquqları, ətraf mühitin mühafizəsi, dövlət rüsumu, daşınmaz əmlakın dövlət reyestri, eləcə də Vergi Məcəlləsi, sosial sığorta və dövlət qulluğu sahələrini əhatə edən bir sıra qanunlara dəyişiklikləri nəzərdə tutan layihələr müzakirəyə çıxarıldı. Qeyd edilən qanun layihələri daha əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxıldığından, məsələlərlə bağlı komitənin sədri Azər Əmiraslanov çıxış edərək sənədlərin mahiyyəti, məqsədi və gözlənilən nəticələri barədə məlumat verdi. Çıxışlardan sonra ilk üç qanun layihəsi üçüncü, digərləri isə elə birinci oxunuşda qəbul edildi.

Sözügedən qanun layihələrinin müzakirəsi zamanı Milli Məclisin deputatı Razi Nurullayev kənd və qəsəbələrdə illərdir yaşayış olan, lakin mülkiyyət sənədləri olmadığı üçün qaz və elektriklə təmin olunmayan evlərin ciddi sosial problemə çevrildiyini bildirdi: “Söhbət qeyri-qanuni tikililərdən deyil, ailələrin uzun müddət məskunlaşdığı yaşayış evlərindən gedir və xüsusən kənd yerlərində aşağı gəlirli ailələr üçün sənədləşmə prosesinin həm bahalı, həm də mürəkkəb olması onları kommunal xidmətlərdən kənarda qoyur”. Deputat qeyd etdi ki, texniki imkan və infrastruktur mövcud olduğu halda, yalnız sənəd tələbi səbəbindən vətəndaşların qaz və işıqdan məhrum edilməsi insan ləyaqətinə toxunan məsələdir. Bu baxımdan millət vəkili yaşayış faktı yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən təsdiqlənən evlərə müvəqqəti əsasla minimum kommunal xidmətlərin göstərilməsini və paralel olaraq sadələşdirilmiş sənədləşmə mexanizminin tətbiqini təklif etdi. R.Nurullayev vurğuladı ki, istilik və enerji lüks deyil, insanların ən elementar yaşayış ehtiyacıdır və bu məsələ qanunvericilikdə sosial ədalət prinsipi əsasında həllini tapmalıdır.

Deputat Vasif Qafarov “Dövlət rüsumu haqqında” qanunun müzakirəsi zamanı daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatı zamanı dövlət rüsumundan azad olunan şəxslərin siyahısına təltif olunmuş müharibə veteranlarının da daxil edilməsinin məqsədəuyğun olduğunu bildirdi. Onun sözlərinə görə, bu addım vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərin qorunması prinsiplərinə, eləcə də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini nəzərdə tutan normativ hüquqi aktların mahiyyətinə tam uyğundur. Deputat, eyni zamanda, dövlət rüsumlarından azadolma hüququ olan şəxslər barədə vahid elektron reyestrin yaradılmasını təklif edərək qeyd etdi ki, bu məlumatların müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiyası hüquqi mexanizmlərin təkmilləşdirilməsinə, əlavə arayış tələblərinin aradan qaldırılmasına və vətəndaşlar üçün prosedurların daha operativ və şəffaf icrasına xidmət edəcək.

Son olaraq gündəliyin sonuncu məsələsi müzakirə olundu. Əmək, Cinayət, Vergi və Cəzaların İcrası məcəllələrində, eləcə də sosial müdafiə, məşğulluq, sosial sığorta, gender bərabərliyi, gənclər siyasəti, əlilliyi olan şəxslərin hüquqları, ünvanlı sosial yardım və digər sahələri əhatə edən bir sıra qanunlarda dəyişiklikləri nəzərdə tutan qanun layihələri ətrafında fikir mübadiləsi aparıldı. Məsələlərlə bağlı deputatların çıxışları dinlənildi, aidiyyəti komitələrin rəyləri təqdim olundu. Müzakirələrin yekununda qanun layihələri ayrı-ayrılıqda səsverməyə çıxarılaraq qəbul edildi.

Bununla da Milli Məclisin plenar iclası başa çatdı.

Tacir SADIQOV
XQ

Son xəbərlər