Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 17-ci Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
General-polkovnik Z.Həsənov Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.
Ordu generalı L.Ergün isə öz növbəsində Hərbi Dialoq İclası ilə bağlı keçiriləcək görüşlərin Bakıda təşkilinə görə Z.Həsənova təşəkkürünü bildirib, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını diqqətə çatdırıb.
Görüşdə hər iki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yeni perspektivləri, həmçinin regional təhlükəsizlik və maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
XQ

