Avropa İttifaqı nümayəndəsi Milli Məclisdə

post-img

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 17-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç ilə görüşüb.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Xüsusilə, 2025-ci il ərzində əlaqələrdə, qarşılıqlı səfər və görüşlərdə müşahidə olunan müsbət dinamikadan məmnunluq ifadə olunub, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərinin tərəflər arasında ikitərəfli gündəliyin müxtəlif aspektlərinin müzakirəsi baxımından əhəmiyyəti qeyd edilib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan nailiyyətlər münasibətilə təbriklərini çatdırıb və bunu tarixi hadisə kimi dəyərləndirib.

Milli Məclisin sədri diplomata Azərbaycan və Ermənistan sülh prosesi, o cümlədən parlamentlər arasında etimad quruculuğu tədbirləri haqqında məlumat verib. Bu kontekstdə “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik”də Azərbaycan–Ermənistan sülh prosesi baxımından narahatlıq doğuran məqamlara toxunub. S.Qafarova, həmçinin Milli Məclisin Avropa İttifaqına üzv ölkələrin parlamentləri ilə sıx əməkdaşlığını qeyd edib.

***

Milli Məclisin sədri Sahibə Qafarova həmin gün Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda ilə də görüşüb.

Görüşdə ölkələrimiz arasında dostluq münasibətlərinin hazırkı səviyyəsindən razılıq ifadə olunaraq, əlaqələrin inkişafında dövlət başçılarının rolu və dəstəyi qeyd edilib.

Söhbət zamanı Milli Məclis və Misir parlamentinin həm yuxarı, həm də aşağı palataları arasında müsbət əməkdaşlıq əlaqələrindən razılıq ifadə olunub.

Səfir Houssam-Eldine Reda isə gələcək fəaliyyətində digər sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da təmasların daha da genişləndirilməsinə töhfə verməyə çalışacağını söyləyib.

XQ

Son xəbərlər