Prokurorluq orqanlarının beynəlxalq əməkdaşlığı genişlənir

post-img

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətinin paytaxtı Dohada səfərdədir.

Səfər çərçivəsində Qətər Dövlətinin Baş prokuroru İssa bin Saad Al Nuaiminin dəvəti ilə nümayəndə heyəti Qətər Dövlətinin Baş Prokurorluğunda görüş keçirib. Qətərin Baş prokuroru qurumlar arasında yüksəksəviyyəli işgüzar münasibətlərin ölkələrimizin siyasi rəhbərlikləri arasında formalaşmış dostluq münasibətlərindən qaynaqlandığını qeyd edib.

Baş prokuror yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək hər iki ölkənin prokurorluqları arasında formalaşmış səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edib. O, həmkarını ölkəmizə səfərə dəvət edib.

Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Qurumunun rəhbəri Hamad bin Nasser Al Misnad ilə görüşdə Kamran Əliyev həmkarını BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasının sədri seçilməsi münasibətilə təbrik edib, ölkəmizdən olan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Bu il ölkəmizə səfərinin xüsusilə yaddaqalan olmasını xatırladan ev sahibi iki ölkənin qurumları arasında təcrübə mübadiləsinin vacibliyini bildirib.

Baş prokuror Kamran Əliyevlə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin cari direktoru John Brandolino arasında görüşdə qurumlar arasında faydalı əməkdaşlıq əlaqələrinin qurulması və bır sıra birgə layihələrin uğurla icrası vurğulanıb. O, Azərbaycan Prokurorluğunun qurumun fəaliyyətində aktiv iştirakına görə təşəkkür edərək ölkəmizin irəli sürülmüş digər təşəbbüslərinin də BMT tərəfindən dəstəkləndiyini bildirib.

Tədbir müddətində, həmçinin Baş prokuror Kamran Əliyev İranın Ədliyyə naziri Əmin Hüseyn Rəhimi, Beynəlxalq Antikorrupsiya Akademiyasının cari dekanı Drago Kos, Litva Xüsusi İstintaq Xidmətinin direktoru Linas Pernavas, Uqanda Dövlət Prokurorluq Xidmətinin direktoru Lino Anguzu, Moldovanın Baş prokuroru Aleksandru Makedon və digər nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirərək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

XQ



Son xəbərlər