Naxçıvanda müavinətlər avtomatik ödəniləcək

post-img

DOST Rəqəmsal İnnovasiya Mərkəzi Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun uşağın anadan olmasına görə birdəfəlik müavinəti müraciət olmadan ödəməsini təmin edib.

Fonddan verilən məlumata görə, martın 1-dən sosial sahədə müavinət­lərin proaktiv (müraciətsiz) təyinatı və ödənişi ilk olaraq muxtar respublikada həyata keçirilir. Müraciət edilmədən müavinətlər yalnız Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində son 1 ildə məcburi dövlət sosial sığorta haqqı qeydə alınanlara ödəniləcək. Bu xidmət vasitəsilə müavinətin təyin edilməsi və ödənilməsi bu il fevralın 1-dən sonra doğulan uşaqların ana-atalarına şamil ediləcək. 

Uşağa doğum haqqında şəhadət­namə verildikdən sonra Ədliyyə Nazir­liyi Mərkəzi İnformasiya Sisteminə mü­vafiq məlumat ötürəcək və buna uyğun olaraq fond müavinətin ödənilməsini həyata keçirəcək. Təyinat aparıldıqdan sonra ödənişin hansı bankdan götürül­məsi barədə bildiriş isə onu alan şəxsin müvafiq sistemdən götürülmüş telefon nömrəsinə göndəriləcək. 

Yaxın aylarda fondun bütün müa­vinətləri sığortaedənlərin təqdim etdiyi elektron sənədlər əsasında ödəniləcək. 

 

Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”

 

Son xəbərlər