Avropada qaz ehtiyatları 65 faizi ötüb

post-img

Avropanın anbarlarında qaz ehtiyatları onların ümumi tutumunun 65,61 faizinə çatıb. Bu da son 5 ilin müvafiq dövrü üzrə orta göstəricidən 19 faiz çoxdur.

WindEurope Assosiasiyasının məlu­matına görə, may ayının əvvəlindən bəri Avropada külək enerjisi istehsalı regio­nun elektrik enerjisinə tələbatının 14,9 fa­izini təşkil edib. Keçən ilin may ayının ilk 20 günündə həmin göstərici 13 faiz olub.

Sərin hava şəraiti operatorlara eh­tiyatları artırmağa imkan verib ki, bu da qiymətlərin aşağı enməsinə təsir göstə­rib. Qazın spot qiyməti may ayının 19-da daha 2 faiz ucuzlaşıb və Niderlandın TTF mərkəzində tədarük müqaviləsi min kub­metr üçün 322 dollardan bağlanıb. Eyni zamanda, ABŞ-da qaz ehtiyatlarının mövcud səviyyəsi ixracı dinamik şəkildə artırmağa imkan yaradıb.

Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına görə, cari il Avropaya qaz nəqlinin artımı Azərbaycan hesabına planlaşdırılır. Bu il ərzində alternativ qaz tədarükçüləri tərəfindən Avropaya “mavi yanacaq” ixracının Azərbaycanın sayə­sində artırılacağı nəzərdə tutulur. Belə ki, 2023-cü ildə Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Avropaya Azərbaycan təbii qazının tədarükü 2022-ci ildəki həcmlərlə müqayisədə 1 milyard kub­metrdən çox olmayacağı bildirilir. 

Qeyd edək ki, TAP istismara verildiyi gündən –2020-ci il dekabrın 31-dən in­diyədək bu boru kəməri vasitəsilə 18,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliya­ya olub. 2022-ci ildə İtaliyaya 3 milyard kubmetr çox qaz nəql edilib. Beləliklə, Azərbaycan İtaliyanın təbii qaza olan tələbatının 14 faizdən çoxunu ödəyib.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 kilometrdir ki, bu­nun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya əra­zisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı is­tehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən həyata keçirilir.

Ümumiyyətlə, cari il ərzində Avropa ölkələrində qaz istehlakı 122 milyard ku­bmetr həcmində planlaşdırılır ki, bu da 2022-ci ildəki göstəricidən 1 milyard ku­bmetr çoxdur.

Burada bir məqamı da xatırlatmaq istərdik. Avropa Rusiya–Ukrayna mühari­bəsi fonunda Rusiya qazından imtina et­məyə və alternativ mənbələr axtarmağa başlayıb. Rəsmi məlumata görə, ötən il Rusiya Avropaya 61 milyard kubmetr qaz tədarük edib. Müqayisə üçün bildirək ki, 2021-ci ildə “Qazprom”un Avropa İttifaqı­na tədarükü 146 milyard kubmetr təşkil edib.

Ekspertlərin fikrincə, “Qazprom”un Avropaya ixracı bundan sonrakı ildə təx­minən 20-30 milyard kubmetrədək aşağı düşəcək. Tədarük edilən qazın həcminin azalması Rusiyanın ixrac gəlirlərinin, dövlət büdcəsinə daxilolmaların azalma­sına gətirib çıxaracaq. 

Bu baxımdan Cənubi Qafqazın lide­ri statusunda çıxış edən Azərbaycanın Avropa ölkələrinə qaz tədarükündə artım müşahidə edilir. Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanda qaz ixracı 18,2 faiz artıb, bu da illik müqayisədə 17,4 faiz çoxdur. 

Onu da qeyd edək ki, ötən il respubli­kamızdan Avropaya 9,3 milyard kubmetr qaz ixrac olunub. Bu göstərici 2021-ci ildə 8 milyard kubmetr təşkil edib. Ölkə­miz bu il həmin həcmi 12 milyard kub­metrə çatdırmağı planlaşdırıb. 

Azərbaycan mütəxəssislərinin sözlə­rinə görə, mövcud yataqlarda hasilatın yüksəlməsi hesabına qaz hasilatı və ixra­cının həcminin artması, yaxın illərdə isə yeni yataqlarda hasilat gözlənilir. Azər­baycan ilə Avropa Komissiyası arasında imzalanmış Strateji Enerji Tərəfdaşlığı haqqında Memoranduma uyğun olaraq, 2027-ci ilə qədər Azərbaycan qazının Avropa İttifaqı bazarına tədarükünün iki dəfə artırılması planlaşdırılır.

Hazırda Azərbaycan qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və bu ildən isə Rumıniyaya ixrac edilir. Cari ilin sonuna qədər birləşdirici boru kəmərlərinin istifadəyə verilməsi ilə qazın Macarıstan və Slovakiyaya çatdırılması da nəzərdə tutulur. Ümumilikdə, qaz tə­darük edilən ölkələrin sayının 10-a çatdı­rılması gözlənilir. 

Prezident İlham Əliyev Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Trans­gaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SO­CAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imza­lanması mərasimində Avropa ilə bir sıra layihələr, məsələn, neft meqalayihələ­rindən tutmuş, hazırda qaz, sonra “yaşıl hidrogen”ə qədər layihələr imzalandığın bildirib. Bütün bunlardan əlavə, respub­likamızla adları çəkilən ölkələr arasında güclü ötürmə xətləri qurulacağını və bu­nunla da tamamilə yeni vəziyyət yarana­cağını, bir sözlə, Azərbaycanın Avrasiya­nın enerji xəritəsini yenidən cızacağını vurğulayıb. 

V.BAYRAMOV, “Xalq qəzeti”

İqtisadiyyat