Financial Times: "11-ci sanksiya paketində Rusiyadan qaza qadağa qoyula bilər"

post-img

Avropa İttifaqı və "Böyük yeddilik" ölkələri Rusiyanın boru kəmərləri ilə Avropaya qaz tədarükünü qadağan etmək niyyətindədir. Bunlar işğalın başlanğıcından bəri Rusiya Federasiyasına qarşı ilk qaz sanksiyalarıdır, baxmayaraq ki, əvvəllər Moskva özü bu tədarükü azaltmışdı. Bu barədə "Financial Times" yazır.

Nəşrin məlumatına görə, G7 liderləri gələn həftə Xirosima sammitində prinsipial qərar qəbul etməlidirlər. Rusiya boru kəməri qazının Polşa və Almaniyaya ixracının bərpasının qadağan edilməsi planlaşdırılır.

Beləliklə, Qərb Rusiyanın Ukraynadakı müharibə fonunda enerji ixracından gəlirlərini artıra bilməyəcəyinə zəmanət vermək istəyir. Eyni zamanda, jurnalistlərlə anonimlik şərti ilə danışan Qərb rəsmilərindən birinin sözlərinə görə, bu addım o cümlədən ona görə atılır ki, "tərəfdaşlar hipotetik gələcəkdə fikirlərini dəyişməsinlər" və Rusiya qazını yenidən almağa başlamasınlar.

"Financial Times"ın tanış olduğu "Böyük yeddilik" in bəyanatı layihəsində deyilir ki, qaz ixracı ən azı "münaqişə ilə bağlı qərar qəbul olunana qədər", yəni müharibə bitənə qədər qadağan ediləcək. 

"Qadağa son dərəcə simvolikdir, çünki müharibənin əvvəlində Aİ Moskvadan gələn qazdan böyük asılılığını nəzərə alaraq boru kəməri tədarükünə [sanksiyaları] hədəf almaqdan çəkindi. Rusiya daha da irəli getdi və tədarükü azaltdı, qaz qiymətlərinin normal səviyyədən 10 dəfədən çox artmasına səbəb oldu",- FT qeyd edir.

Bununla belə, mülayim qış, digər bölgələrdən qaz tədarükü və bərpa olunan enerji mənbələrinin yerləşdirilməsi sayəsində son aylarda Aİ qaz qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşüb.

Bundan əlavə, "Drujba" neft kəmərinin bağlanması planlaşdırılır. Rusiya fevralda onun vasitəsilə nəqli dayandırmışdı, lakin indi Qazaxıstandan tranzit neft hələ də oradan keçə bilər.

Jurnalistlərin fikrincə, indi qaz embarqosu avropalı diplomatlar tərəfindən Aİ-nin Rusiyaya qarşı 11-ci sanksiyalar paketi kontekstində müzakirə olunur.

Xatırladaq ki, fevral ayında Rusiyanın Ukraynaya hücumunun ildönümündə Aİ Rusiyaya qarşı 10-cu birgə sanksiyalar paketini təsdiqlədi və tətbiq etdi. O vaxtdan təxminən üç ay keçir və sayca 11-ci sanksiya paketi hələ təsdiqlənməyib.

Bundan əvvəl jurnalistlər yeni sanksiyalar paketinin ilk növbədə artıq tətbiq olunan sanksiyaların qarşısını almağa yönəldiləcəyini öyrənmişdilər. Xüsusilə, qeyri-rəsmi məlumatlara görə, bu paketə Rusiya hərbi-sənaye kompleksinə kömək edən bir neçə Çin şirkəti əlavə edə bilər.

Avropa sanksiyalarının 11-ci paketinin may ayında qəbul ediləcəyi gözlənilir.

S.ELAY,

"Xalq qəzeti"

İqtisadiyyat