Azərbaycan yüksək rəqəmsallaşma səviyyəsinə görə birinci pilləyə yüksəlib

post-img

Azərbaycan Dünya Bankının hazırladığı “GovTech Yetkinliyi İndeksi”nin (GovTech Maturity İndex - GTMI) 2022-ci il üzrə hesabatında yüksək nəticələr əldə edib. Belə ki, 198 ölkəni qiymətləndirən indeksdə Azərbaycan yüksək rəqəmsallaşma səviyyəsinə görə birinci pilləyə qalxaraq, yalnız 35 faiz ölkənin daxil ola bildiyi 69 ölkədən ibarət qrupda yer alıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının (DTH) rəhbəri İsmət Vaqifzadə "Xalq qəzeti"nə bildirib ki, hesabatda Azərbaycanın hökumət xidmətlərinin göstərilməsində rəqəmsal texnologiya və innovativ həllərdən istifadə etməsi xüsusi vurğulanır. Hökumətin rəqəmsallaşması sahəsinin əsas aspektlərini ölçən “GovTech Yetkinlik İndeksi”nə görə, Azərbaycanı rəqəmsallaşma sahəsində hökumət sistemlərinin təkmilləşdirilməsi, vətəndaşlara təqdim olunan xidmətlər paketinin genişləndirilməsi, vətəndaş iştirakının təmin olunması və rəqəmsal texnologiyalardan istifadənin təşviqi üzrə yüksək qiymətləndirilib.

Bu qrupa, həmçinin Almaniya, Rusiya, Sinqapur, Birləşmiş Krallıq, ABŞ və digər ölkələr də daxil edilib. İ.Vaqifzadənin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi, həmçinin müasir texnoloji sahələri dəstəkləyən rəqəmsal cəmiyyətin inkişafı sahəsində aparılan islahatlar ölkəmizin dünya dövlətləri arasında mövqeyinin yüksəldilməsinə xidmət edib.

Bundan başqa, 2021-ci il fevralın 2-də imzalanmış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Sərəncam və 2022-ci il iyulun 22-də təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası istiqamətində ciddi tapşırıqları özündə ehtiva edir.

İqtisadiyyat