Budapeştdə Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib

post-img

Macarıstanda Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin toplantısı çərçivəsində energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməzlə görüşüb.

Nazir Türkiyədə baş vermiş faciədən kədərləndiyini və Azərbaycanın qardaş ölkənin hər zaman yanında olduğunu bildirib.

"Xalq qəzeti"nə verilən məlumata görə, görüşdə Türkiyə üzərindən qaz tranziti, Cənub Qaz Dəhlizinin genişləndirilməsi çərçivəsində TANAP-ın ötürücülük gücünün artırılması, SOCAR və BOTAŞ, TPAO arasında karbohidrogen yataqlarının kəşfiyyatı və hasilat sahəsində yeni əməkdaşlıq imkanları, İğdır-Naxçıvan boru kəməri layihəsinin icrası ilə bağlı məsələlər müzakirə edilib. Yaxın müddətdə kəmərin Türkiyədən keçən hissəsinin tikintisinə başlanılacağı bildirilib. 

Həmçinin Naxçıvanda investorlarla həyata keçiriləcək böyük həcmli külək və günəş enerjisi layihələrindən bəhs edilib. Bu enerjinin böyük bir qisminin Türkiyəyə ixracı, eləcə də bu ölkə vasitəsilə "yaşıl enerji"nin Avropaya tədarükü istiqamətində atılacaq addımlar nəzərdən keçirilib. Yeni əməkdaşlıq imkanlarının reallaşdırılması üçün iki ölkə arasında enerji sahəsində müvafiq sənədin imzalanmasının vacibliyi qeyd edilib.

İqtisadiyyat