İİB prezidenti: Qarabağdakı layihələrdə iştirak etməkdə maraqlıyıq

post-img

İslam İnkişaf Bankının (İİB) çox vacib üzvü olan Azərbaycanda 70-ə yaxın layihə artıq başa çatıb. Biz çalışırıq ki, üzv ölkələrdə inkişafa maksimum töhfə verək və vətəndaşların həyatını yaxşılaşdıraq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İslam İnkişaf Bankının prezidenti Məhəmməd Süleyman Əl-Casir ölkəmizə səfərinin yekunları ilə bağlı keçirdiyi brifinqdə deyib.

“Azərbaycana səfərim zamanı biz ilkin olaraq dövlətin nəzarətində olan layihələrə diqqət yetirdik. Bunlar əsasən infrastruktur, elmi araşdırmalar, rəqəmsal inkişaf, enerji sektorlarıdır. Azərbaycan çox böyük iş görüb. Bizim Azərbaycana ayırdığımız borcun təxminən 40 faizi enerji sektorunun payına düşür. İkinci yerdə isə, nəqliyyat sektorudur, o cümlədən yollar, dəmir yolu xətləri gəlir. Hesab edirik ki, bu sahədə də böyük potensial var. Xüsusilə Azərbaycandan Gürcüstana, Türkiyəyə, Avropaya qaz, elektrik və neftin nəqlinin həyata keçirildiyi Cənub Qaz Dəhlizi layihəsinə diqqət çəkmək istərdim. Bu layihə Azərbaycanla yanaşı, bütün regionun inkişafı üçün çox önəmlidir. Biz də bu layihədə iştirak etmək istərdik. Rəsmi qurumlarla razılıq əldə olunub. Onlar sənədləri və texniki imkanlarla bağlı araşdırmaları bizimlə paylaşacaq. Biz tez bir zamanda işə başlamağa çalışacağıq. Görüləsi çox iş var. Hökumətinizin ambisiyaları təqdirəlayiqdir. İnanıram ki, gələcəkdə icra ediləcək layihələr də ölkənin inkişafı üçün bu cür uğurlu və faydalı olacaq”, - deyə İİB prezidenti qeyd edib.

O bildirib ki, Azərbaycanın Direktorlar Şurasında iştirakı hər zaman səmərəli olub: “Azərbaycanda razılaşdırdığımız və həyata keçirdiyimiz layihələr, hesab edirəm ki, nümunəvidir. Onların böyük əksəriyyəti vaxt və büdcə baxımdan olduqca uğurla həyata keçirilib. Bizim üçün bu, çox önəmlidir. Ona görə də hər zaman bu cür ölkələrlə təkrar çalışmaq istəyirik, çünki onlar ayrılan vəsaiti çox səmərəli istifadə edirlər”.

Ölkəmizlə əməkdaşlıqda önəmli sahələrdən birinin də işğaldan azad olunan torpaqların yenidənqurma və bərpası olduğuna diqqət çəkən İİB prezidenti deyib: “Şuşaya səfər etdik, oradakı dağıntıları gördük, ən önəmlisi aparılan yenidənqurmanın şahidi olduq. Bu, çox yaxşıdır. Mədəniyyətə göstərilən diqqət, köhnə binaların, məscidlərin bərpası olduqca gözəldir. Biz Qarabağdakı layihələrdə, həmçinin Cənub Qaz Dəhlizində iştirak etməkdə maraqlıyıq. Bu layihə Azərbaycan üçün strateji əhəmiyyətlidir. Biz də bu layihənin bir parçası olmaq istəyirik”.

İqtisadiyyat